“Nikol Paşinyan Qarabağ münaqişəsinin nizamlanmasına münasibətdə öz sələflərindən daha radikal görünür”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ münaqişəsinin həllinə yönəlik son fikirlərinə münasibət bildirən politoloq Qabil Hüseynli deyib.
Qabil Hüseynli hesab edir ki, Ermənistan hakimiyyətinin geri addım atmaq istəməməsi münaqişənin hərbi yolla həllinə yol açır:
“Paşinyanın İrəvanda keçirdiyi mitinqdə səsləndirdiyi mövqe onun hələ də mövcud reallıqları tam dərk etmədiyini, kütlənin əhval-ruhiyyəsinə uyğun danışdığını göstərir.
O, öz sələflərini guya Qarabağı Azərbaycana “satmaq”da ittiham edərək, Dağlıq Qarabağdakı separatçı rejimin danışıqlara cəlb olunmasının vacibliyini bildirdi və xalqdan gizli heç bir addım atmayacağını dedi.
Bütün bunlar göstərir ki, Paşinyan Qarabağ münaqişəsinin nizamlanmasında ciddi kompromisə getmək niyyətində deyil. Bu gedişat onu göstərir ki, Paşinyanın geri addım atmaq istəməməsi münaqişənin hərbi yolla həllinə əsas yaradır.
Zənnimcə, Azərbaycan prezidentinin Rusiyaya gələn ay nəzərdə tutulan səfəri çərçivəsində aparılan danışıqlar mühüm əhəmiyyət kəsb edir. O baxımdan, Azərbaycanın öz ərazi bütövlüyünün bərpasına yönəlik addımları prezidentin Rusiya səfərinin nəticələrindən çox asılı olacaq”.
A.Zeynalov