!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın AİLƏ İNSTİTUTU: Gender əsaslı ayrı-seçkiliklə necə mübarizə aparılır?

!Reklam – Yazi

Məlumdur ki, ölkəmizdə məqsədyönlü gender siyasəti aparılır və bu mühüm sahə dövlətin daim diqqət mərkəzindədir.  Bu gün Azərbaycanda qadın hüquqlarının təmin olunmasına, onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artmasına yönəlmiş siyasət prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Azərbaycanda 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun qəbul edilib. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair (2014-2020-ci illər üçün) Dövlət Proqramı”nın təsdiq edilməsi, eyni zamanda, Ailə Məcəlləsinə dəyişiklik edilərək tərəflərin nikahdan əvvəl tibbi müayinədən keçməsi qüvvəyə minib. Qadın hüquqları həm qanunlar, həm də bir sıra məcəllələrlə (Ailə, Mülki, Cinayət, İnzibati Xətalar və s.) təsbit olunub. Qəbul olunan bir sıra dövlət proqramları, o cümlədən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılmasında mühüm xarakter daşıyır. Həmçinin büdcənin və digər qanunvericilik sənədlərin gender ekspertizasının keçirilməsi də vacib məsələlərdəndir.

Bundan əlavə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva qadın hərəkatının genişləndirilməsi istiqamətində böyük işlər görməkdədir. Mehriban xanım Əliyeva ölkəmizi beynəlxalq səviyyədə tanıtmaq istiqamətində misilsiz xidmətlərə malikdir. Mehriban Əliyevanın təşəbbüsü ilə Avropada, MDB məkanında, müsəlman ölkələrində bir sıra diqqətçəkən layihələr həyata keçirilir. Bundan başqa, ölkəmiz Azərbaycan gender bərabərliyinin təşviqi sahəsində ATƏT-in Bakı Ofisi və Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosu ilə də yaxından əməkdaşlıq edir. Qadın hüquqlarının qorunması sahəsində Azərbaycan Avropa Şurası ilə də əməkdaşlıq edir.

Hazırda cəmiyyətdə iştirak və dövlət quruculuğu təmsilçiliyində qadınlarla kişilər arasında fərq yoxdur. Azərbaycanda gender bərabərliyi haqqında qanun qəbul edilib. İndi Azərbaycanda əsas məsələlərdən biri bəzən məişətdə qadınlara layiq olmayan münasibətdir. Bu münasibəti aradan qaldırmaq məqsədilə də məişət zorakılığı haqqında qanun qəbul edilib.

Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu Yenicag.az-a açıqlamasında bildirib ki, ölkəmizdə gender bərabərliyinin təmin edilməsi üçün bir sıra addımlar atılsa da, cəmiyyətimizdə formalaşan ailə, qadın anlayışları da düzgün şəkildə təbliğ olunmalıdır:

“Bir müddət üçün gender məsələsi olduqca aktual idi. Azərbaycan ailəsinin xüsusiyyətlərində bir özünəməxsusluq var. Ona görə də gender məsələsini birdən-birə ortaya atmaq düzgün olmazdı. Öncəliklə, gender məsələsi ilə bağlı əsl məqsədi müəyyənləşdirmək lazım idi. Əslində, gender prinsipləri bir vasitədir. Ona görə də məqsədimizi aydınlaşdırandan sonra gender məsələlərinə yer verməliyik. Ölkədə bəzi qüvvələr var ki, dağıdıcı fəaliyyətə maraqlıdırlar. Həmin qüvvələr gender məsələsinin ahəngdar münasibət qurmaqdan çox, dağıdıcı tərəflərini təbliğ etməyə başladılar. Nəticədə ailə məsələsi yaddan çıxdı və hər kəs sırf qadınlardan danışmağa başladı. Bu olduqca yanlışdır. Qadının hüquqları elə inkişaf etdirilməli idi ki, kişilər də bu məsələdə dəstək nümayiş etdirsinlər. Gender məsələsində kişilər  dünyaya qarşı tərəf kimi təqdim olunmamalıdır.

Uzun müddətdir ki, ailə məsələləri cəmiyyətdə əsas yerlərdən birini tutur. Cəmiyyət günü-gündən mürəkkəbləşir. Ailə problemlərini həll etmək üçün tamamilə yeni yanaşmalara ehtiyac var. Ailənin əbədi və əzəli funksiyalarının qorunması üçün müasir yanaşmalar tətbiq olunmalıdır. Təəssüf ki, bu gün ailələrdə olan problemlər getdikcə artmaqdadır. Bu problemlər təkcə qadın-kişi münasibətləri ilə bağlı deyil. Problem yeni nəsillə bağlıdır. Yeni nəsil çox gərgin ailə mühitində böyüyür. 100 nikaha 30-dan artıq boşanma faktı düşür. Bu o deməkdir ki, ailə mühitlərində gərginlik ikiqat səviyyədədir.

Demoqrafiya məsələsinə gəlincə, ölkədə oğlan uşaqları daha çox doğulur. Əslində, bu yaxşı haldır. Çünki oğlanların bir çoxu orta məktəbi bitirəndən sonra ölkəni tərk edir və cəmiyyətimizdə oğlanların sayı azalır. Oğlanların çoxluğu demoqrafik cəhətdən qorxulu olmasa da, bunun da bir həddi var. Oğlan uşaqlarının çox olması psixoloji cəhətdən qorxuludur. Çünki bir çox hallarda ana bətnində uşağın cinsiyyəti müəyyənləşdirilir və uşaq qızdırsa, hamiləliyə son verilir. Bu, ölkədə xeyli sayda insanın övlad qatili olduğunu göstərir. Bu neqativ sarsıntı cəmiyyətə ötürülür və aqressiya sürətlə artır”.

Onu da qeyd etmək lazımdır ki, vətəndaşlarda gender və demoqrafiya ilə bağlı müəyyən təəssüratın formalaşdırlması, maarifləndirmə işlərinin aparılmasında medianın da üzərinə çox böyük məsuliyyət düşür. Media şiddət olaylarının işıqlandırılması, zorakılıq faktlarının ictimailəşdirilməsi, müəyyən qrupun yaşam tərzinin təbliğ edilməsi kimi məsələlərdə diqqətli və seçici davranmalı, toplumsal yamsılama psixologiyasını unutmamalıdır.

Bu baxımdan, xüsusilə qeyd edilməlidir ki, ölkəmizdə son dövrlər medianın əsas diqqət ayırdığı məsələlərdən biri də məhz cinsi ayrı-seçkilik və bundan qaynaqlanan problemlərdir. Media mənsublarının sözügedən məsələdə peşəkarlaşmasını təmin etmək üçün müvafiq qurumlar tərəfindən təlimlər keçirilir, bu tip xəbərlərə yanaşma tərzi formalaşdırılır.

Dövlət qurumları ilə yanaşı, xarici təşkilatlar da Azərbaycanda gender əsaslı cins ayrımı mövzusunda davamlı təbliğat kampaniyası aparır. Son olaraq Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə “Ənənəvi və sosial mediada gender əsaslı cins seçimi mövzusunun işıqlandırılması üzrə bacarıqlarının artırılması” mövzusunda təlim keçirilmiş, mövcud durum gözlər önünə sərilmişdir.

Bu məqamda unutmaq olmaz ki, bütün növ ayrı-seçkiliyin qarşısının alınmasında toplum fərdlərinin də prosesə müdaxiləsi önəm ərz edir. Buna görə də cəmiyyət olaraq gender əsaslı ayrı-seçkiliyə qarşı çıxmalı, milli dəyərləri rəhbər tutaraq qadına münasibət məsələsində tarixdən dərs çıxarmalıyıq.

Gülşən Şərif

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

973
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv