“Müzəffər Azərbaycan Ordusu bu missiyanı da uğurla həyata keçirərək bölgədə sülhü bərqərar edəcək”.
Bu fikirləri Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda antiterror əməliyyatına başlamasını dəyərləndirən Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim AK Partiyadan olan deputatı Şamil Ayrım Yenicag.az-a açıqlamasında deyib.
Millət vəkilinin sözlərinə görə, Ermənistanın destruktiv mövqeyi Azərbaycanın qəti addım atmasını şərtləndirdi:
“Müzəffər Azərbaycan Ordusu bu missiyanı da uğurla həyata keçirərək bölgədə sülhü bərqərar edəcək. Allah Azərbaycan Ordusunun yardımçısı olsun. Bildiyiniz kimi, Azərbaycan 44 günlük müharibədən sonra bölgədə sülhün bərqərar olması üçün bütün anlaşmalara sadiq oldu, sabitlik üçün gərəkən bütün addımları atdı.
Ancaq təəssüf ki, Ermənistan öz diasporunun və bir sıra ölkələrin təsiri ilə sülh prosesini pozmağa çalışdı. Paşinyan sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də, yekun sülh sazişinin imzalanmasına maneələr yaratdı. Bu da azmış kimi, Ermənistan ABŞ ilə birgə hərbi təlimlərə qərar verərək gərginliyin daha da artmasına səbəb oldu.
O baxımdan, Azərbaycanın antiterror əməliyyatına başlaması Türkiyədə də gözlənilirdi və Müzəffər Ordunun bu dəfə də qalib olacağına heç bir şübhə yoxdur. İnşallah, qazanılacaq zəfər bölgəyə dayanıqlı sülhü gətirəcək”.
A.Zeynalov