Azərbaycanın aviasiya parkının “Mi”lərdən TƏMİZLƏNMƏSİ: “Siyasi və kommersiya xarakterli bir çox səbəblər…” – ŞƏRH

“Dövlət Sərhəd Xidməti ölkənin hərbi strukturları arasında qeyri-Rusiya silahlarının alınmasında öndə gəlir”.

Bu fikirləri Azərbaycanın aviasiya parkından Rusiya istehsalı olan helikopterlərin çıxarılması imkanlarını dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkənin Rusiya silahı və hərbi texnikasından qurtulması elə də sadə məsələ deyil:

“Ümumiyyətlə, Azərbaycanın tək helikopterlər deyil, ümumiyyətlə, Rusiya silahı və hərbi texnikasından qurtulması elə də asan məsələ deyil. Çünki hər iki ölkə eyni “sovet şineli”ndən çıxıb. Bununla belə, iyirmi-otuz il əvvəlki dövrlə müqayisədə istər atıcı silahlar, istərsə də hərbi texnikanın alınmasında alternativ variantlardan istifadə olunur. Ancaq Azərbaycanın hərbi arsenalında Rusiya silahları yenə də əsas hissəni təşkil edir.

Əlbəttə, bunun siyasi və kommersiya xarakterli bir çox səbəbləri var. Bildiyiniz kimi, ABŞ-da qəbul olunmuş məlum 907-ci düzəliş Azərbaycana silah satışına imkan vermir. Bəzi Qərb ölkələri də bu qadağaya ciddi şəkildə əməl edirlər. Yəni burada dolaşıq məqamlar az deyil.

“Mi” helikopterlərinə gəldikdə, mən həmin markalı helikopterlə iki dəfə cəbhə bölgəsinə uçmuşam və uçuş normal keçib. Onu da nəzərə alaq ki, bu tip helikopter qəzaları demək olar, bütün ölkələr üçün xarakterikdir. Başqa ölkələrdə da zaman-zaman helikopter qəzaları baş verir.

Amma bu qədər yüksək rütbəli hərbçinin eyni helikopterdə qəzaya düşməsi və bizə məlum olduğu qədər, qəzanın eniş vaxtı baş verməsi düşündürücü məqamdır. Həlak olan hərbçilər çox təcrübəli, hər biri on beş-iyirmi il ərzində yetişən, cəbhələri görən yüksək səviyyəli kadrlar idi. Həqiqətən, çox böyük itkidir və bundan çox məyusam. Mənə belə gəlir ki, qəza ilə bağlı dəqiq fikir bildirmək üçün ekspertizanın rəyini gözləmək lazımdır.

Digər tərəfdən, qeyd olunmalıdır ki, Dövlət Sərhəd Xidməti ölkənin hərbi strukturları arasında qeyri-Rusiya silahlarının alınmasında öndə gəlir. Ancaq təəssüf ki, ölkənin arsenalında Rusiya silahları və hərbi texnikası, o cümlədən, aviasiya maşınları hələ də qalır. Onların bir qismi sovet mirasıdır, digər qismi isə yuxarıda vurğuladığım səbəblər üzündən sonradan alınıb”.

A.Zeynalov