Azərbaycanın azad olunmuş ərazilərində “sıfır emissiya” zonası yaradılacaq

İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 27-ci Tərəflər Konfransının bu günü “Dekarbonizasiya Günü” elan edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, aşağı karbon iqtisadiyyatına keçidin təmin edilməsi üçün ən az enerji tələb edən sektorların və şirkətlərin fəaliyyətlərinin sürətləndirilməsi yolları günün müzakirə mövzusu olub.

Davam edən tədbirlər çərçivəsində paralel sessiyalarda beynəlxalq təşkilatların nümayəndələri, eləcə də alternativ enerji sahəsində ixtisaslaşmış biznes strukturlarının rəhbərlikləri ilə müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycanda ümumi enerji istehsalında alternativ enerji payının 2030-cu ilə qədər mövcud 17 faizdən 30 faizədək artırılması hədəflənib. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə 2050-ci ilədək “netto sıfır emissiya” zonasının yaradılması ölkəmizin qlobal dekarbonizasiya səylərinə töhfəsi olacaq.

Günün sonunda Tərəflər Konfransı çərçivəsində xüsusi təşkil olunan tədbirdə ABŞ prezidenti Co Baydenin iştirakçılara müraciəti ünvanlanıb.