Bu il sentyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 42 404,4 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il sentyabrın 1-i ilə müqayisədə 26,9 % çoxdur.
Bankların aktivlərinin 17 473,3 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 25 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 41,8 %-dən 41,2 %-ə enib.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 29,8% artaraq 37 137,9 milyon manata, o cümlədən depozit portfeli 33,8 % artaraq 30 437,2 milyon manata çatıb. Bunun 10 632,0 milyon manatı fiziki, 19 805,2 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 26,6 %, şirkətlərin banklardakı vəsaitləri isə 38 % artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 25,9 % azalaraq 274,7 milyon manat olub.
Sektorun balans kapitalı isə 9,4 % artaraq 5 266,5 milyon manat təşkil edib.