Azərbaycanın Baş Konsulluğundan Bursadakı Axıska türklərinə dəstək 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə bu ölkədə yaşayan Axıska türklərinə müstəsna vətəndaşlıq hüququnun verilməsi sevinclə qarşılanmaqla bərabər buradakı Azərbaycan diplomatik korpusuna müraciət sayını da artırıb. Belə ki, xüsusilə Bursada yaşayan axıskalılar Azərbaycanın İstanbul Baş Konsulluğuna axın edərək, bu haqdan yararlanmaq üçün müvafiq sənədləri almaq istəyiblər. 

Yenicag.az xəbər verir ki, vətəndaşlıqla bağlı hər gün iki yüzdən çox axıskalının Baş Konsulluğa gəlməsi bina önündə izdihama və uzun növbələrə səbəb olduğundan Azərbaycan dövləti bu barədə mühim qərar verib. Baş Konsulluq Azərbaycan pasportu daşıyan axıskalıların növbə sıralarında gözləməməsi və prossesin asanlaşdırılması üçün vətəndaşlara yerində xidmət göstərməyə üstünlük verib. Bu münasibətlə, konsulluq əməkdaşları müvəqqəti olaraq, Bursaya gedərək, Axıska türkləri ilə bağlı sənədlərin qəbul və təslimi ilə məşğul olmaqdadırlar.

Baş Konsulluğun bu addımı axıskalılar tərəfindən də rəğbətlə qarşılanıb. Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən Bursa Axıska Türkləri Təhsil, Mədəniyyət və Birlik Dərnəyinin başqanı, Uludağ Universitetinin müəllimi, dr.Seyfəddin Buntürkün sözlərinə görə, “Azərbaycanın İstanbul Baş Konsulluğunun bu addımı çox müsbət addımdır. Bu səbəbdən də, baş konsul Məsim Hacıyevə təşəkkür edirik. Buradakı prosses Baş Konsulluqdakı kimi nizam-intizamla aparılır. Biz də burada Baş Konsulluqla axıskalılar arasında körpü rolunu oynamağa çalışırıq. Onların banka yatırdıqları dövlət rüsumlarını və digər sənədləri Baş Konsulluq əməkdaşlarına təqdim edərək, prossesi sürətləndirməyə çalışırıq. Baş Konsulluq əməkdaşlarının Bursaya müvəqqəti səfərləri bizi İstanbula gəlib-getmək məsrəflərindən, o cümlədən İstanbuldakı diplomatik korpus önündə yarana biləcək sıxıntılı vəziyyətdən xilas edir. Prosses davam edir və ən qısa zamanda Azərbaycan dövlətinin də yardımları ilə Axıska türkləri həm də Türkiyənin vətəndaşı olacaqlar. Bizə bu məsələdə ən böyük yardımı göstərən Məsim Hacıyevə nə qədər təşəkkür etsək, azdır. Bu bir nümunədir və biz bu addımın axıskalıların yaşadığı digər ölkələrin də atması üçün çalışırıq. Məsələn, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Rusiya kimi ölkələr bu məsələdə Azərbaycanı örnək alsalar, bizim problemlərimiz qısa zamanda həll olar”.

COP29