Azərbaycanın böyük uğuru: “Bu tədbir ölkəmizin beynəlxalq nüfuzundan xəbər verir”

“Azərbaycanın qlobal əhəmiyyətli tədbirə ev sahibliyi etməsi onun beynəlxalq nüfuzundan xəbər verir. COP29 kimi nüfuzlu tədbirlər də bunlardan biri hesab edilir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Türk Ağsaqqalları Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk deyib.

O, COP29 tədbirinin perspektivi və ölkəmiz üçün əhəmiyyətindən danışıb.

Onun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir və sədrlik BMT-nin beş regionu arasında rotasiya olunur:

“Lakin bu tədbirin ölkəmizdə keçirilməcsi Azərbaycanın böyük uğurudur və dövlətimizin beynəlxalq münasibətlər sistemində xüsusi çəkisini artdığına işarədir. Azərbaycanın bu tədbiri yüksək səviyyədə təşkil edəcəyinə şübhə ola bilməz. Bu həm də Azərbaycanın tədbirə ciddi hazırlığından xəbər verir. Yaddan çıxarmamalıyıq ki, Azərbaycanın bu sahədə böyük təcrübəsi var”.

E. Eltürk diqqətə çatdırıb ki, yaxın 10 il ərzindəki tariximizə nəzərə salsaq, görərik ki, Azərbaycan bir çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edib:

“İstər 2012-ci ildə Avroviziya Mahnı Müsabiqəsini təşkil edilməsi, istər 2015-ci il Avropa Oyunları, istərsə də 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili göstərdi ki, ölkəmiz bu kimi nüfuzlu tədbirləri təşkil etməklə böyük təcrübə sahibidir və rəsmi Bakı heç bir problem olmadan tədbirlərin təşkili prosesini yüksək səviyyədə həyata keçirir”.

Mütəxəssisin fikrincə, bu kimi tədbirlərin təşkili ölkəmizin təhlükəsiz, sabit bir ölkə olduğunu dünyaya bir daha bəyan edir:

“Bu, həm də dünyanın diqqətini və nəzərinə ölkəmizə yönəldəcək. Nüfuzlu liderlərin ölkəmizə səfəri tədbirin əhəmiyyətini daha da artıracaq. Tədbir həm də dünyanın nüfuzlu media quruluşları diqqətində olacaq ki, Azərbaycanın təbliğatı nöqteyi-nəzərindən də bu, çox uğurlu addımdır. Düşünürəm ki, COP29 tədbiri Azərbaycanın beynəlxalq münasibətlər tarixində xüsusi hərflərlə yaddan qalacaq”.

Rafi Müslümov

COP29