Dünən şimal-qərb qonşumuz Gürcüstanda 4,8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar bu ölkəyə yaxın olan bölgələrimizdə də hiss olunub. Bundan öncə, İran ərazisində yaşanan zəlzələ də cənub bölgələrimizə öz təsirini göstərmişdi.
Bəs bu ölkələrin mövcud seysmoloji vəziyyəti necə qiymətləndirilir? Ölkəmizin ərazisi üçün təhlükə varmı?
Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, elmlər doktoru Qulam Babayev “Yeni Sabah”a açıqlamasında suallara belə aydınlıq gətirib:
Ötən gün Gürcüstanın Azərbaycana yaxın olan vilayətində hiss olunan zəlzələ baş verib. Dərinliyi çox olduğu üçün maqnitudası da güclü olub. Nəticə etibarilə ölkəmizin Gürcüstana yaxın əraziləri silkələnib və bu titrəyişə məruz qalıb.
Daha öncə də qeyd etdiyim kimi, bu il Azərbaycanda seysmik və tektonik aktiv dövr olaraq səciyyələnəcək. Bu səbəbdən vəziyyət əvvəlki illərdən fərqli olacaq və biz bunu yaşayırıq. Sözügedən seysmik durum təkcə Azərbaycana xas deyil. Həmçinin, digər ölkələrin ərazilərində də yeraltı təkanlar müşahidə olunur. Eyni zamanda qonşu ölkələr olan İran və Gürcüstanda da zəlzələlər baş verir. Sözügedən ölkələrin seysmik aktivliyini yaxından təhlil etməmişəm. Amma onu deyə bilərəm ki, bu ölkələrdə səthə yaxın və güclü zəlzələ baş versə, maqnitudası artıqca, təbii ki, Azərbaycanda da bunu hiss edəcəyik. Bu qaçılmazdır. Əgər yeraltı təkanların dərinliyi çox, maqnitudası aşağı olarsa, fiziki qanuna əsasən, bu, bizi xilas edə bilər”.
Seysmoloq bildirib ki, sadalanan ocaqlar oyanıb aktivləşdikcə, Azərbaycanın daxilindəki ocaqlar da oyanır:
“Kiçik Qafqazın şimal yamacı, Gəncə, Gədəbəy ətrafı, yuxarı tərəf isə Oğuz, Şəki, Qəbələ zonası da bu sıraya daxildir, orada yerləşən ocaqlar hər an aktivləşə, həmin bölgələrdə seysmik aktivlik müşahidə oluna bilər. Onsuz da hər gün hiss olunmayan zəlzələlər baş verir. Qonşu ocaqlarda baş verən zəlzələlər ölkə ərazisindəki digər ocaqlara təsirsiz ötürmür və onları da aktivləşdirir.
Hazırda ən əsas aktivləşən ocaqlar Kiçik Qafqazın şimal yamacı, Gəncə-Gədəbəy və ətraf ərazilərdə də hiss olunan zəlzələlər yaşana bilər. Hiss olunan zəlzələ deyəndə maqnitudası isə 4,5-5,5 gücündə olan yeraltı təkanlar nəzərdə tutulur”.