“Bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar”
Bəli, bu bir həqiqətdir. Ta qədimdən indiyədək bu anlayış həqiqətdə sözün əsl mənasında öz əksini tapıb. At gücdür, at kişi xarakterli simvoldur, at el-oba, at tarixdir. Tarix isə dünən idi, bu gündür, sabahdır…Tarix bu gün dünənlə uzlaşırsa, demək ki, qoruyub, saxladığımız çox şey var. Adı ilə dünyaya meydan oxuyan Qarabağ atları kimi…
Elmin, texnikanın inkişafına baxmayaraq, müasir dünyada atçılığa maraq qətiyyən dəyişməyib. Əksinə ilbəil artmaqdadır. Buna əsaslı bir sübut da cənab prezident İlham Əliyevin Azərbaycanda Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında imzaladığı sərəncamdır. Sərəncamda qeyd olunur ki, Qarabağ atı cinsinin damazlıq özəyinin qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər başa çatdırılsın, Qarabağ atı cinsinin damazlıq özəyi qorunsun, inkişaf etdirilsin və Kənd Təsərrüfatı Nazirliyinə 2 milyon manat ayrılsın.
Sözümün canı var!
Sosial şəbəkəni səhifələyirdim. Qarşıma uzun bir yazı çıxdı. Yazı feysbuk “dostluğum”da olan çox hörmətli Bakı Mühəndislik Universitetinin maliyyə işləri üzrə prorektoru Yavər Məmmədovun idi. At həvəskarı olan Yavər müəllimin profilində demək olar ki, hər gün at şəkillərini görməyə alışmışdım. Yenə at şəkilləri paylaşmışdı. Fikirləşdim yəqin ki, bu dəfə də “Qarabağlı Tamerlan”la bağlı hansısa xatirəsini paylaşıb. Mətnin girişində “1989-cu ilin soyuq yanvar ayında…” hissəsini görən kimi bayaqki fikirlərim alt-üst oldu. Mətnin sonuna çatanda fərqinə vardım ki, göz yaşlarıma nəzarəti itirmişəm. İlk işim Yavər müəllimə zəng etmək oldu. Onun səsindəki titrək tonlar, halsızlıq və təəssüf mümkün deyildi ki, hiss olunmasın. Salamlaşdıq və bir iki sualdan sonra Yavər müəllim danışmağa başladı…Artıq “Tamerlan” yox idi.
Deməli, doğulduğu gündən etibarən ümumilikdə heç bir problemi olmayan azyaşlı bu at bir günün içində halsızlaşıb və gecə saatlarında da ölüb. Niyə? Nədən? Bu hələ də tam bəlii deyil. Binə Atçılıq Mərkəzində saxlanılan Qarabağ atı “Tamerlan”-a sahibi Yavər müəllim tərəfindən göstərilən qayğı, sevgi, qulluq az qala ərşə qalxmışdı. Ən azından sosial şəbəkə istifadəçiləri buna dəfələrlə şahid olub. Nadir cinslərdən olan bu Qarabağ atına qulluq dövlətə, tarixə qulluq deməkdir. Axı o Qarabağ atı idi…
Dərhal Binə Atçılıq Mərkəzinin əməkdaşı, “Tamerlan”nın məşqçisi Nazim Azayevə zəng etdim. O da “Tamerlan”nın qəfil ölümünə üzülmüşdü. Mərkəzin əməkdaşı bildirdi ki, bəs atın ölümünə səbəb bağırsaq düyünlənməsi xəstəliyi olub. Və at bu səbəbdən əvvəlcə halı pisləşib, sonra ölüb. Cavabsız suallarımın növbəti ünvanı “Tamerlan”ı ölən gün müayinə edən baytar həkimi Kamran Kərimli oldu. Və təəssüf ki, fərqli cavab ala bilmədim. Hər iki tərəf dedi ki, qızdırması var idi, bağırsaq düyünlənməsi xəstəliyindən öldü.
Ola bilər, bəlkə də at bu xəstəlikdən ölüb. Lakin qəbul olunmayan bir həqiqət var. Biz tariximizi, tariximizə aid müqəddəs inciləri qorumaqda yəni belə acizik? Qarabağın qoxusunu aldığımız, adi ilə Qarabağı xatırladığımız tarixin canlı sübutlarına belə nəzarət edilir? Bu necə müayinə metodudur ki, bir atın problemi yalnız can verdiyi zaman bilinir? Yəqin ki, adiyyatı qurumlar bundan özünə pay götürərək, daha məsuliyyətli, daha etibarlı şəkildə tarixi qoruyacaqlar. Qarabağ atları milli irsin rəmzi və hər bir azərbaycanlının qürur mənbəyidir. Hal-hazırda Azərbaycan Respublikasında milli at cinsidir və onların vətəni Qarabağdır. Cənab prezidentin dediyi kimi Qarabağdan qalan nadir bu damazlıq sərvətimiz diqqətsizlikdən, səhlənkarlıqdan məhv olmalı yox, bundan sonra da göz bəbəyi kimi qorunmalıdır!/iqtisadiyyat.az/