“Azərbaycanın apardığı siyasət nəticəsində Rusiya sülhməramlıları Qarabağdan çıxdı, çünki bu gün Güney Qafqazda Rusiyanın həm Ermənistan, həm də Gürcüstanla müəyyən problemləri var. Moskva Ermənistanda hakimiyyətlə, Gürcüstanda isə cəmiyyətlə problemlər yaşayır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Əli Mustafa deyib.
Siyasi təhlilçi Rusiya sülhməramlılarının iyunun 12-də Qarabağdan tamamilə çıxmasının pərdəarxası məqamlarına toxunub.
Onun sözlərinə görə, bu məsələdə daha təmkinli və səliqəli bir siyasət apardıq ki, nəticədə öz istəyimizə nail olduq:
“Azərbaycan, eyni zamanda Rusiya ilə də münasibətləri qoruyur. Həmçinin digər partnyorlarla da siyasətini yürüdür. İndi Azərbaycan çoxvektorlu bir siyasət aparır. Bu baxımdan da Rusiya sülhməramlılarının Qarabağda saxlanmasına bir lüzum qalmadı. Digər tərəfdən, Ukraynadakı rus ordusuna silah-sursat və texnikanın lazımlığı burada özünü göstərdi ki, nəticədə Rusiya sülhməramlı adı ilə yerləşdirdiyi hərbi kontingenti Qarabağdan çıxardı. 12 iyun doğrudan da çox əlamətdar bir tarixdir”.
Ə. Mustafa əlavə edib ki, Rusiyanın girdiyi yerdən çıxmaması məsələsi bizim ifadəmiz, kəşfimiz deyil, bunu dünyanın ən böyük gücləri, Birləşmiş Ştatlar, Avropa, postsovet məkanındakı insanlar deyir:
“Bəlkə də bu bir nümunədir ki, biz rus sülhməramlılarının Azərbaycandan çıxmasını müşahidə etdik. Böyük ehtimalla, Ukrayna məsələsi olmasaydı, rusların Qarabağdan çıxması gecikəcəkdi. Xatırlayırıq ki, vaxtilə Türkiyə Prezidentinin bir ifadəsi var idi ki, 2025-ci ildə rus qoşunları Azərbaycandan çıxacaq. Yeri gəlmişkən, bunu da əlavə edək ki, burada Türkiyə ilə də bağlı bir tərəf mövcuddur. Yəni Rusiya anlayır ki, Azərbaycan Türkiyənin müttəfiqi, dostu, qardaşıdır və Azərbaycanla bağlı Moskva iddialar edəndə Türkiyə ilə problemlər yaranır”.
“Ərdoğan, “2025-ci ildə rus sülhməramlıları çıxacaq”, deyəndə Zaxarova çox sərt reaksiya vermişdi. O demişdi ki, Türkiyənin buraya aidiyyatı yoxdur. Həm də bu ruslarda qıcıq yaradır ki, bizim burada olmağımızn heç kimə dəxili yoxdur. Həm də açıq desək, onların Qarabağda artıq bir fəaliyyət sahəsi yox idi, özləri də başa düşürdülər ki, yersiz-yöndəmsiz görünürlər. Təbii ki, Ukrayna məsələsi də burada çox ciddi bir motivasiya oldu bizə. Çünki Rusiyanın Ukraynada ciddi silah-sursata və əsgərlərə ehtiyacı var. Amma təbii ki, Azərbaycan dövlətinin apardığı siyasət də nəticələri yetişdirdi”, – deyə o fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov