İyulun 1-nə Azərbaycanın daxili dövlət borcu 4 milyard 970,3 milyon manat və ya 2023-cü il üzrə proqnozlaşdırılan ÜDM-in 4,5 faizini təşkil edib.
Maliyyə Nazirliyindən Yenicag.az-a bildirilib ki, 2022-ci ilin sonu ilə müqayisədə daxili dövlət borcunun səviyyəsi mütləq ifadədə 782,1 milyon manat məbləğində artıb. Bu artımın əsas səbəbləri dövlət borcunun idarə edilməsi strategiyasına uyğun olaraq xarici borcun tədricən əvəzlənərək daxili dövlət borcalmasının həcminin artırılması məqsədilə cari ilin ötən dövrü ərzində xarici dövlət borc üzrə vaxtı çatan əsas borc ödənişlərinin daxili maliyyə bazarında yerləşdirilən dövlət istiqrazları hesabına təkrar maliyyələşdirilməsi, habelə dövlət büdcəsinin xərclərinin bir hissəsinin daxili borclanma hesabına maliyyələşdirilməsi olub.
Daxili dövlət borcunu daxili maliyyə bazarında yerləşdirilmiş dövlət qiymətli kağızları üzrə ödənilməmiş qalıq vəsait təşkil edib. Hesabat tarixinə daxili dövlət borcunun 27,5 faizi birillik, 52,1 faizi iki və üçillik, 20,4 faizi isə beş il və daha artıq müddətli dövlət qiymətli kağızlarının payına düşür.