Azərbaycanın diaspor quruculuğunda atdığı addımlar: “Bu, münaqişələrin həllində ciddi əhəmiyyətə malikdir” – TƏHLİL

Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdən biri xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsidir. Bu istiqamət üzrə diaspor quruculuğunun formalaşdırılması olduqca vacibdir. Azərbaycan diasporunun ölkə gerçəklərini dünya miqyasında yetərincə və uğurla təbliğ etdikləri fikri ilə razılaşmamaq isə düzgün olmaz. Çünki ölkənin xarici siyasətində diaspor və lobbiçiliyin inkişafı, həmçinin münaqişələrin həllində ciddi əhəmiyyətə malikdir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan azərbaycançılıq ideologiyasının təbliği nəticəsində bu gün azərbaycanlıların həmrəyliyi özünü göstərməkdədir. Əlbəttə, bu, dövlət tərəfindən atılan addımların nəticəsidir.

Mövzu ilə bağlı politoloq Kamran Məmmədli Yenicag.az-a açıqlamasında bildirib ki, son zamanlar Azərbaycan diaspor quruculuğu sahəsində aktiv fəaliyyət göstərməkdədir:

“Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların hüquqlarını qorumaq, problemlərini vaxtında həll etmək, o cümlədən onların faydalı işlər görməsini təmin etmək üçün diaspor fəaliyyətinin təşkili mühüm amillərdən hesab olunur. Hər bir ölkə üçün diaspor quruculuğu dövlət siyasətinin prioritetlərindən sayılır. Diaspora və lobbiçilik fəaliyyətini son dövrlərdə müsbət qiymətləndirirəm.

Xüsusən də İkinci Qarabağ savaşı ərəfəsində həmyerlilərimizin bütün ölkələrdə nümayiş etdirdiyi həmrəylik, yad ölkələrdə olmaqlarına rəğmən erməni terrorunu bütün dünyaya çatdırmaq üçün keçirdikləri etiraz aksiyaları və digər təbliğatyönlü fəaliyyətləri təqdirəlayiqdir. Soydaşlarımız həmin dövrdə həmrəy olaraq sosial mediada erməni vandallarının Gəncə, Bərdə və digər ərazilərimizdə törətdikləri cinayətlərini bütün dünya ictimayətinə çatdırırdılar.

Fikrimcə, Qarabağ məsələsində Avropada və Amerikada yaşayan azərbaycanlıların daha güclü təşkilatlanmasına ehtiyac var. Çünki Qarabağ məsələsində həqiqətlərin dünyaya çatdırılması çox önəmlidir. Bildiyiniz kimi, mənfur düşmən uzun zamandır Avropa və Amerikada lobbiçilik fəaliyyəti ilə əleyhimizə təbliğat aparmaqdadır. İkinci Qarabağ müharibəsi bitsə də, siyasi savaş hələ də davam edir. Bu səbəbdən həmyerlilərimiz erməni yalanlarına qarşı Qarabağ məsələsində həqiqətlərin dünyaya çatdırılması üçün çalışmalı, ermənilərin yalanlarını ifşa etməlidirlər. Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu bütün dünya ictimaiyyətinə çatdırmalı, ermənilərin isə ikiüzlü siyasətini bir daha hamıya nümayiş etdirməlidirlər. Ermənilər Avropada özlərinə maliyyə fondu yaradaraq öz vətəndaşlarına bu işlə məşğul olmaq üçün əməkhaqqı köçürür. Bu isə onların anti-Azərbaycan təbliğatının gücləndirilməsinə təkan verir. Biz də bu sahədə çox işlər görməliyik. Ən azından xaricdə yaşayan aktiv həmyerlilərimizə bu işlə daha fəal məşğul olmaları üçün maddi köməklik göstərilməlidir”.

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov isə öz növbəsində qeyd edib ki, Azərbaycan diaspor quruculuğunda təqdirəlayiq addımlar atıb:

“Artıq 30 ilə yaxındır ki, Azərbaycanla Ermənistan arasında gedən müharibə və ermənilərin insanlıq əleyhinə olan bütün cinayətləri erməni diasporunun fəaliyyəti nəticəsində dünyaya fərqli formada çatdırılırdı. Erməni diaspor və lobbi təşkilatlarının ölkəmizə qarşı apardığı dezinformasiya kampaniyasının qarşısını ala bilmirdik. Əsas səbəblərdən biri bu idi ki, Azərbaycan keçmiş münaqişə ilə bağlı dünyada mövqe formalaşdıra bilmirdi. ABŞ, ATƏT-in Minsk Qrupu üzvləri və dünyanın bir sıra ölkələri reallıqları bilsə də, siyasi diplomatik və informasiya blokadası yaratmışdılar. Məhz bunun nəticəsində Azərbaycan reallıqları dünyanın diqqətinə çatdıra bilmirdi. Lakin İkinci Qarabağ Savaşı bu reallıqları tamamilə dəyişdi. Savaş dövründə ölkə başçısı İlham Əliyevin dünyanın nəhəng media qurumlarına verdiyi ardıcıl müsahibələrlə yaradılmış informasiya blokadası darmadağın oldu. Ermənilərin özləri haqqında yaratdığı ən qədim, mədəni, regionda sülhün və sabitliyin tərəfdarı olan xalq kimi miflərini dağıtdı. Azərbaycanın qələbəsindən sonra ayrı-ayrı dövlətlərin ictimai nümayəndələrinin, jurnalistlərinin, səfirlərin və digər şəxslərin işğaldan azad olunmuş ərazilərimizə səfərinin təşkil olunması ilə ermənilərlə bağlı əsl reallıqlar dünyanın diqqətinə çatdırıldı.

Bu gün kifayət qədər münbit şərait yaratmışıq ki, erməni diaspor və lobbi təşkilatlarının yürütdüyü erməni maşını fəaliyyətsiz səviyyəyə gətirilsin. Azərbaycan lobbi təşkilatlarının formalaşması üçün əlverişli imkan yaranıb. Bu isə reallıqların və ümumilikdə Cənubi Qafqazda baş verən proseslərlə bağlı əsl həqiqətlərin dünyaya çatdırılmasına rəvac verir. Bu məsələdə ölkədəki müvafiq qurumların üzərinə ciddi məsuliyyət düşür. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, səfirliklər, dünyanın bir çox ölkələrində fəaliyyət göstərən təşkilatlarımız və eyni zamanda hər bir Azərbaycan vətəndaşı bu istiqamətdə mənəvi borclarını yerinə yetirməlidir”.

Gülşən Şərif

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi ilə yürütdüyü siyasəti” mövzusunda hazırlanmışdır.