Bu gün Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev, Aparat rəhbəri Samir Adıgözəlli və təşkilatın Gürcüstan nümayəndəliyinin rəhbəri Gürcüstana buraxılmayıb. Azinforum.az-ın əldə etdiyi məlumata görə, onların həmin ölkəyə buraxılması qadağan edilib.
Bu barədə Yenicag.az-a məlumat verən İsmayıl Ağayev bildirib ki, onlar Türkiyə və Çexiyadan olan heyətlə Qırmızı Körpüdən keçərkən, Gürcüstan tərəfindən saxlanılıblar. Buna səbəb BDM-in Gürcüstan nümayəndəliyinin təşkilatçılığı ilə 23 aprel 2016-cı il tarixində Ermənistanın Tiflisdəki səfirliyi qarşısında dinc etiraz aksiyasa planlaşdırmaları olub:
“Mənə bildirildi ki, Ermənistan tərəfi bizim Gürcüstanda aksiya keçirməyimizdən narahatdır və rəsmi Tiflisə şikayət edilib. Maraqlıdır ki, 24 apreldə İrəvandan olan bütün təşkilat rəhbərləri Tiflisdə Türk səfirliyi önündə və fərqli yerlərdə aksiyalar keçirəcəklər və gürcülər buna etiraz etmirlər. Lakin bizim fəaliyyətimiz Gürcüstan tərəfindən əngəllənir. Bu məsələdə sapı bizdən olan baltaların da rolu az deyil, fəqət bizim dəstəyimizlə ayaqda qalan Gürcüstanın ermənipərəst mövqeyi çox ciddi məsələdir”.
İsmayl Ağayev Azinforum.az-a Gürcüstan polisinin təzyiqlərindən danışıb: “Bizim telefonlarımızı əlimizdən alıblar. Heç yerlə əlaqə saxlamağa imkan vermirlər. Yalnız mənim təkidli tələblərimdən sonra, bu zəngə icazə verdilər. Gürcüstanın bu cür rəftarı bizi çox təəccübləndirir. Özünü Avropanın bir parçası, demokratiyanın beşiyi hesab edən bir ölkə bu cür qeyri-qanuni hərəkətlərə yol verməməlidir. Buna baxmayaraq, bizim Gürcüstan nümayəndəliyimiz aksiyanı yüksək səviyyədə keçirəcək. Bir faktı da deyim ki, aksiya qatılmaq istəyən BDM-in Yaxın Şərq üzrə nümayəndəsi Aleksander Şapiro-Suliman hava limanından Gürcüstana buraxılmayıb”.
Samir Adıgözəlli isə Yenicag.az-a bildirib ki, Gürcüstan hüquq-mühafizə orqanları onu naməlum istiqamətə aparırlar. Onun da İ.Ağayev kimi sorğu-sual ediləcəyi gözlənilir.
Qeyd edək ki, Beynəlxalq Diaspora Mərkəzi 23-24 aprel tarixlərində digər ölkələrdən olan nümayəndələrlə Gürcüstanın paytaxtında tədbirlər planı keçirməyi planlaşdırır. İ.Ağayev onların iştirakı olmadan da aksiyanın keçiriləcəyini bildirib.
Yenicag.az
P.S. Son xəbərə görə, həm İsmayıl Ağayev, həm də Samir Adıgözəlli artıq Azərbaycan tərəfindədirlər.