“Qəti şəkildə əminəm ki, Ukraynada müsəlmanların vəziyyəti Rusiyadakından qat-qat yaxşıdır”.
Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Ukrayna Müsəlmanları Ruhani İdarəsinin Müftisi Şeyx Səid İsmaqilov səsləndirib.
– Şeyx Həzrətləri, Ukraynada müsəlmanların vəziyyətini necə qiymətləndirirsiz?
– Ukrayna müsəlmanlarının vəziyyəti ümumilikdə çox yaxşıdır. Hətta deyərdim ki, keçmiş SSRİ dövlətləri arasında ən yaxşı vəziyyətdə olanlar Ukrayna müsəlmanlarıdır.
– Ukrayna müsəlmanlarının sayı müəyyən edilib?
– Dəqiq statistika yoxdur. İslamşünaslar bildirirlər ki, onların təqribi hesablamalarına görə, Ukraynada 800 min müsəlman yaşayır. Bəzi ilahiyyatçılar isə o rəqəmin 2 milyon civarında olduğunu bildirirlər. Mən isə yuxarıda göstərilən rəqəmlərin hər ikisini yanlış hesab edirəm. Subyektiv hesablamalarıma əsasən, Ukrayna müsəlmanlarının sayı haradasa 1 milyon nəfərdir. Buraya işğal edilmiş Krım və Donbas müsəlmanları da daxildir. Krımda əksəriyyəti tatar olmaqla, 400 min, Donbasda isə 200 min müsəlman yaşayır. Qalanları isə Ukraynanın Kiyev, Karkov, Odessa, Zaporojye və Dnepr kimi böyük şəhərlərində məskunlaşıblar.
– Ukraynanın ən böyük müsəlman icması tatarlardan ibarətdir. Hazırda Ukraynanın ən qədim məscidi hansıdır və harada yerləşir?
– Ukraynanın ilk müsəlmanları köçərilər olublar. Onlar IX əsrdə, hələ Kiyev Rus Dövləti xristianlığı qəbul etməzdən əvvəl Azov və Qara dəniz ətrafındakı çöllərdən Ukraynaya köç ediblər. Qızıl Orda dönəmində İslam dini Krım Ulusunda da xeyli gücləndi və Krım Xanlığı yarananda dövlətin rəsmi dini İslam idi. Ukraynanın ən qədim məscidi isə 1314-cü ildə Solxat (indiki Köhnə Krım) şəhərindəki Özbək Xan məscidi hesab olunur. Krımdan kənardakı ən qədim məscid isə XVI əsrdə İzmail qalasında tikilmiş məbəddir. Həmin məscid indi muzey kimi fəaliyyət göstərir.
– İşğal altında olan Krımda tatarlara qarşı kütləvi repressiyaların davam etməsi haqda həyəcanlı xəbərlər gəlməkdədir. İşğalla barışmayaraq, Krımı tərk edən tatarların sayı çoxdur?
– Bəli, artıq beş ildir ki, işğalçı rejim Krım tatarlarına qarşı repressiya siyasəti həyata keçirir. Bu siyasət ayrı-ayrı şəxsləri, məscidləri, icmaları və təhsil müəssisələrini əhatə edir. KrımSOS təşkilatının məlumatına əsasən, işğaldan sonra 20 min tatar Krımı tərk etməyə məcbur olub. O cümlədən, Donbasdan da bir neçə müsəlman Ukraynanın müəyyən vilayətlərinə köçüb.
– Ukraynada ən çoxsaylı müsəlman icması hansı şəhərdədir?
– Bu, çox maraqlı sualdır. Biz Ukrayna şəhərləri üzrə müsəlmanların sayı ilə heç vaxt maraqlanmamışıq. Suala gəldikdə, yaddaşımızda o dəqiqə üç şəhərin adı canlanır: Simferopol, Kiyev və Odessa. Fikrimcə, hazırda ən böyük müsəlman icması Kiyev şəhərindədir. Burada Krım və Donbasdan köç edənlərin də rolu var.
Qəti şəkildə əminəm ki, Ukraynada müsəlmanların vəziyyəti Rusiyadakından qat-qat yaxşıdır. Ukrayna müsəlmanları arasında ölkənin ictimai-siyasi həyatında iştiraka fərqli yanaşmalar var. Ancaq bütün hallarda onlar fəal olmağa, bununla yanaşı öz milli-dini kimliklərini qorumağa çalışırlar.
– Ukrayna müəslmanlarına hansı müsəlman ölkələri daha çox yardım göstərir?
– Ən böyük kömək Türkiyədəndir. Eyni zamanda, Küveyt, Qətər, Malayziya, İndoneziya da buradakı maddi ehtiyacı olan müsəlmanlara yardım göstərir. Ancaq bizim Ruhani İdarəsinin Azərbaycanın dini liderləri ilə heç bir əlaqəsi yoxdur.
– Sizcə, Ukrayna tolerant ölkədir?
– Sözsüz. Ukraynada dini dözümlülük çox yüksək səviyyədədir. Bu, Ukrayna siyasi millətinin mənəvi sağlamlığının əsas əlamətidir.
Qafqaz Ömərov