Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Azərbaycanın donorluq iddiası: “Ancaq öz problemlərimizi həll etdikdən sonra...” – Sabiq millət vəkili

Reklam: Sinerji Pro

“Hökumətin beynəlxalq qurumlara donorluqdan öncə ölkə iqtisadiyyatına donorluq etməsinə ehtiyac var”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında maliyyə naziri Samir Şərifovun Azərbaycanın beynəlxalq maliyyə qurumlarının layihələrində donor ölkə kimi iştirak edəcəyinə dair açıqlamasına münasibət bildirən sabiq millət vəkili Nazim Bəydəmirli deyib.

Ötən həftə İndoneziyanın Suve şəhərində keçirilmiş Asiya İnkişaf Bankı (AİB) İdarəetmə Şurasının 52-ci iclasında iştirak edən Azərbaycanın maliyyə naziri Samir Şərifov birmənalı qarşılanmayan açıqlama ilə çıxış edib.

Şərifov konkret olaraq, Azərbaycanın beynəlxalq maliyyə qurumlarının, o cümlədən, Asiya İnkişaf Fondunun proqramlarında donor ölkə qismində iştirak edəcəyini bildirib. Bununla belə, nazir Azərbaycanın vurğulanan proqramlarda iştirakının detalları haqda heç nə deməyib. Ölkənin mövcud vəziyyətində beynəlxalq proqramlarda donor kimi iştirak qərarı isə müəyyən suallar doğurub.

Bu barədə Yenicag.az-a danışan Milli Məclisin sabiq deputatı Nazim Bəydəmirlinin fikrincə, ölkənin beynəlxalq maliyyə qurumlarına donorluq etməsi müsbət hal olsa da, öncə daxili problemlərə diqqət yetirilməsinə ehtiyac var:

“Əslində, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi beynəlxalq maliyyə qurumlarının layihələrində donor dövlət kimi iştirak məqsədə uyğundur.

Çünki Azərbaycanın Neft Fondunun vəsaitlərinin mühüm hissəsi müxtəlif qiymətli kağızlarda saxlanılır və bu da nəinki böyük gəlir gətirmir, hətta elə olur ki, ziyanla nəticələnir.

Ümumilikdə, Dövlət Neft Fondunun yığılmış vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir illik təqribən bir faiz civarındadır. Ancaq ölkənin daxilində kredit resursları çox bahadır.

Hesab edirəm ki, Samir Şərifovun o fikirlərinə bir düzəliş etmək lazım idi. Hökumətin beynəlxalq qurumlara donorluqdan öncə ölkə iqtisadiyyatına donorluq etməsinə ehtiyac var.

Nəzərə alaq ki, əhali tərəfindən həm istehlak, həm də biznes kreditlərinin mütləq hissəsinin qaytarılmamasının başlıca səbəbi məhz faizlərin yüksək olmasıdır. Belə bir şəraitdə həm iqtisadiyyat rəqabət qabiliyyətini itirir, həm də iş adamları ölkədə istehsal etdikləri məhsulu xaricə çıxarmaq istədikdə, bunun maya dəyəri çoxalır. Ölkə üzrə konkret nümunələrdə bunu dəfələrlə görmüşük.

Xaricdən idxal olunan elə elementar məhsullar var ki, onların logistik xərcləri, gömrük və vergi rüsumlarının ödənişi də nəzərə alınmaqla, bizdə daxildə istehsal edilən məhsullardan daha ucuz başa gəlir. Bu isə o deməkdir ki, bizdə pul çox bahadır. Pul bahadırsa, iqtisadiyyat rəqabətli ola bilməz.

Ona görə də, mən Samir Şərifovun bu açıqlamasını yarımçıq hesab edirəm. Eyni zamanda bildirirəm ki, beynəlxalq maliyyə qurumları ilə donor qismində əməkdaşlığın faydası var. Ancaq öz problemlərimizi həll etdikdən sonra vəsaitlərimizin qalan hissəsini donor kimi müxtəlif layihələrə yönəltmək olar”.

A.Zeynalov

www.yenicag.az

2086