Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanın dövlət maraqlarının MÜDAFİƏSİ: Cəmiyyət bu vəzifənin öhdəsindən necə gəlir?

Reklam: Sinerji Pro

İctimai və dövlət maraqları müasir cəmiyyətlərdə daha geniş və çoxşaxəli anlam kəsb etməklə, dövlət-vətəndaş münasibətlərinə birbaşa təsir gücünə malikdir.

Məlumdur ki, bütün dünyada ictimai marağın hüquqi müdafiəsi sosial ədalət axtarışı çərçivəsində tənzimlənib. Hazırda bu anlayış dünyanın əksər bölgələrində müxtəlif sahələrdə kampaniyaların keçirilməsi, ictimai maraqdan irəli gələn hədəflərə nail olmaq üçün yurisdiksiya mexanizmlərinin istifadəsi, ödənişsiz hüquqi yardım, hüquq sahəsində təhsilin təkmilləşdirilməsi kimi məqamları gündəmə gətirir. Bu gün dünyada baş verən siyasi-iqtisadi proseslər, geosiyasi dəyişikliklər, qloballaşma kimi amillər dövlət və ictimai maraqların mahiyyəti və təmin olunması ilə bağlı ortaya real çağırışlar qoyur. Ona görə də ictimai-dövlət maraqlarının ön planda saxlanması çox aktual məsələ kimi qarşımızda dayanır. İctimai maraqlar cəmiyyətin hər bir təbəqəsinin rəyini əks etdirir.

Bu gün ictimai maraq dövlətçilik şüurunun daha da güclü inkişaf etdirilməsi, cəmiyyətə aşılanmasını tələb edir. İctimai maraq dedikdə bütünlükdə cəmiyyət, yaxud cəmiyyətin müxtəlif sosial qrupları tərəfindən ortaq hesab etdiyi maraq və mənafelər başa düşülür. İctimai maraqlarla fərdi və qrup maraqlarının uzlaşdırılması mədəniyyətinin təşəkkül tapması hər bir toplum üçün vacib amillərdən və harmonik inkişafın əsas şərtlərindən biridir. Amma müasir dövrün şərtləri, qloballaşma dövlət və ictimai maraqların təmin olunması istiqamətində yeni vəziyyət yaratmaqla yanaşı, yeni yanaşma tələb edir.

Bütün bəşəri dəyərləri böyük məsuliyyət və ciddi yanaşma ilə qoruyan, təbliğ edən Azərbaycanda da dövlət maraqları, ictimai və milli maraqların təmin olunması prioritetdir.

heyder

Ölkəmizdə dövlət və cəmiyyət maraqlarının mükəmməl vəhdəti ulu öndər Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideyası çərçivəsində təkmilləşməkdədir. Ümummilli Liderin irəli sürdüyü bu konsepsiya dövlət, cəmiyyət maraqları və fərdin mənəvi maraqlarının vəhdəti kimi bütün azərbaycanlıları birləşdirən zəruri, güclü bir zəmin rolunu oynadı. Bu zəmin əsasında inkişaf etməkdə olan müasir hüquqi, milli-dövlət quruculuğu siyasətində “xalq dövlət üçün deyil, dövlət xalq üçün olmalıdır” prinsipi həyata keçirilir. Dövlətin suverenliyinin möhkəmlənməsi üçün milli dövlət maraqları ilə ümummilli maraqlar üst-üstə düşməlidir. Müstəqil, demokratik, hüquqi, milli dövlətlərdə düzgün siyasət yeridildikdə milli və dövlət maraqlarının üst-üstə düşməsi, bu halda şəxsi maraq və ictimai maraq arasında qarşılıqlı tamamlanma üçün şərait yaranması nəzərə çarpır. Məhz bu baxımdan Azərbaycanda mövcud dövlətçilik modelinin ən uğurlu istiqamətlərindən biri kimi dövlətlərlə bütün sahələrdə münasibətdə öz milli maraqlarından çıxış etməsi olduğunu deyə bilərik.

Milli maraq Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, həmçinin insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusudur.

Bu gün müasir Azərbaycan sosiumu intellektual əsaslarda formalaşmış modern bir cəmiyyət kimi xarakterizə olunur.  Azərbaycan cəmiyyəti ictimai maraq və dövlət marağı məfhumlarının mahiyyətini dərk edən, bu mövqeyi ictimai, siyasi münasibətlərdə və dövlətlə əlaqələrində nümayiş etdirməyi bacaran, formalaşmış bir cəmiyyətdir. Xüsusən də dövlət nümayəndələri ilə vətəndaş cəmiyyətinin nümayəndələri arasında təmaslar, qarşılıqlı anlaşma nə qədər çox olarsa, o zaman ortaq maraqlar da bir o qədər artar.

Azərbaycan Prezidenti İlham Əliyevin dönə-dönə vurğuladığı “Bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır” fikirləri qeyd etdiyimiz məqamların məntiqi izahı kimi dəyərləndirilə bilər.

Ümumilikdə Azərbaycanda ictimai maraq anlayışının müxtəlif aspektlərinin hüquqi bazasının formalaşması və təbliği istiqamətində bir sıra işlər görülüb. “İctimai bilgilərə çatım haqqında” (2005-ci il,1 yanvar), “İnformasiya əldə etmək haqqında” (2005-ci il, 30 sentyabr), “İctimai iştirakçılıq haqqında” (2014-cü il, 1 iyun) qanunlar və bu kimi digər sənədlərin qəbulu, müvafiq anlayışın mahiyyətinin geniş kütlələrə çatdırılması üçün maarifləndirici tədbirlərin keçirilməsi, beynəlxalq təcrübə və milli elementləri birləşdirməklə bu sahədə yeni bir modelin formalaşdırılması, ictimai marağı təmsil edən QHT və bənzər qurumların sayının artması və digər məqamları bu istiqamətdə önəmli addım kimi qeyd etmək olar.

Milli maraqlar məsələsində təbii ki, öncə ölkənin müdafiəsi məsələsi nəzərdə tutulur.

Ölkənin müdafiəsi anlayışı isə özündə cəmiyyəti, dövləti, eləcə də onun müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, sərhəd toxunulmazlığının və Konstitusiya quruluşunun təmin olunmasını əks etdirir. Azərbaycanda bu iki məfhumu birləşdirən qırılmaz bağlar mövcuddur. Çünki cəmiyyət və dövlətin bir-birindən ayrı, təcrid olunmuş şəkildə var olması qeyri-mümkündür. Ölkəmizin təhlükəsizliyi, suverenliyi üçün ictimai-dövlət maraqları eynilik təşkil etməlidir. İctimai marağı təmin edən dövlətin maraqlarının qorunması qarşılıqlı olaraq, müxtəlif sahənin mütəxəssisləri üçün də prioritet hesab edilməlidir.

Bu gün ictimai marağın müdafiəçisi və ona nəzarət edən dövlət cəmiyyətin bütün qruplarının marağında olan sosial məsələlərin həllinə çalışır. Dövlət müxtəlif formada atılan addımlarla öz vətəndaşının, cəmiyyətin rifah halının yüksəlməsinə nail olur. Son dönəmlər ölkəmizdə baş verən islahatlar dövlətin ictimai maraqların təminatçısı rolunda çıxış etməsinin nəticəsidir. Həyata keçirilən çoxşaxəli sosial islahatlar, struktur dəyişiklikləri həmin maraqların tam təmin olunmasına yönəldilib. Yəni dövlət üçün cəmiyyətin maraqlarını təmin etmək əsas məsələ hesab edilir. Onun ayrı-ayrı nümunələrini bu gün həyata keçirilən təhsil, səhiyyə, gənclər, idman siyasətində də görmək olar. Bunu eləcə də, ictimai maraqların təmin edilməsində, vətəndaş cəmiyyəti institutlarının, kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin verilməsində görmək mümkündür. Bir sözlə, dövlət üçün sözügedən sahələrin inkişafı prioritet kəsb edir.

Sözügedən maraqların müdafiəsi və qorunmasında “cəmiyyətin güzgüsü” hesab edilən mətbuat nümayəndələri də məsuliyyət daşıyırlar.

Mətbuat milli maraqların müdafiəsində dövlətin və vətəndaşın müdafiəçisi rolunda çıxış etməlidir. Çünki qlobal informasiya məkanında ölkənin təhlükəsizliyi naminə ictimai və dövlət maraqlarının qorunması zərurəti yaranır. O zaman mediada sözügedən maraqların müdafiəsi məsələsi aktuallaşır. Lakin bu zaman bir sıra məqamlara ciddi şəkildə əməl etmək zərurəti meydana çıxır. Belə ki, mətbuat dövlət və hərbi sirr kateqoriyasına aid məlumatları əks etdirməməli, dövlətçiliyə, onun təhlükəsizliyinə, müstəqilliyinə təhdid xarakterli, cəmiyyətdə təhlükəli tendensiyaya yol açan informasiya yaymamalıdır. İnformasiya eləcə də, cəmiyyətdə sosial, dini, irqi ayrı-seçkiliyi, cinayətkarlığı, terrorçuluğu, hərbi qarşıdurmanı təbliğ etməməlidir. Ölkənin informasiya sahəsində əsas milli maraqları təmin edən məlumatlar qanuni yolla əldə edilməli, hazırlanmalı və yayımlanmalıdır. Hazırda dünyada baş verənlərin fonunda, böyük güclərin maraqlarının kəsişdiyi bir vaxtda medianın fəaliyyəti dövlət maraqlarının müdafiəsini zəruri edir.

İctimai və dövlət maraqlarının müdafiəsi müasir dövrün ən mühüm şərtlərindən biri olduğuna görə,  bu məfhumlar hər bir vətəndaşın qarşısında duran əsas məsələlərdəndir.

Hər bir vətəndaş kimliyindən asılı olmayaraq dövlətin, ictimaiyyətin maraqlarına xidmət etməyə borcludur. Vətəndaşın ilk məqsədi dövlətin və dövlətçiliyin möhkəmlənməsinə çalışmaq olmalıdır. Dövlət maraqlarının yaşaması, müdafiə olunması, təbliğatı əsas vəzifələrdən biridir. Hər birimizin həyatında, fəaliyyətində dövlət maraqlarının müdafiəsi üstünlük təşkil etməlidir. Harada işləməyimizdən, hansı ölkədə yaşamağımızdan asılı olmayaraq, Azərbaycan dövlətinin maraqlarını qorumalıyıq. Çünki azərbaycanlıyıq və kökümüz bu torpağa bağlıdır. Dövlət maraqları müdafiə olunmadan heç bir vaxt ictimai maraqlar qoruna bilməz. Odur ki, dövlət maraqları müdafiə edilməlidir ki, ictimai maraqlar da yaşaya bilsin. Unutmaq olmaz ki, milli birliyin gücləndirilməsi ictimai və dövlət maraqlarının müdafiəsi üçün mühüm əhəmiyyətə malikdir. İctimai maraq məsələsi uzunmüddətli və perspektivə hesablanmış siyasətdir ki, buraya insana kapital qoyuluşu, cəmiyyətin böyük çoxluğunun vahid mövqedən çıxış etməsi, o cümlədən kənardan gələn təhlükələrə qarşı vətəndaşların birgə mübarizəsi kimi məsələlər daxildir.

Bunun bariz nümunəsini 44 günlük Vətən müharibəsində gördük. Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı müharibədə cəmiyyətin böyük hissəsi vahid mövqedən çıxış etdi, hər kəs birmənalı şəkildə dövlətin apardığı siyasəti dəstəklədi. Bu da uzun illər aparılan siyasətin nəticəsi idi. Azərbaycan Prezidenti İlham Əliyev hakim Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında çıxışı zamanı cəmiyyətin vahid mövqeyini bu cür ifadə etmişdi:

“Təsadüfi deyildir ki, ölkə rəhbərliyinin qəbul etdiyi taleyüklü qərarların həyata keçirilməsində mütəşəkkillik nümayiş etdirərək 44 günlük Vətən müharibəsi zamanı digər siyasi partiyaların və hərəkatların da ümummilli maraqlar ətrafında cəmləşməsi, xüsusilə ictimai-siyasi fəal qadınların bu həmrəyliyə nəzərəçarpacaq dərəcədə töhfə verməsi tarixi Zəfərdən sonrakı dövrdə də azərbaycançılıq və həmrəylik prinsipləri ətrafında milli birliyin möhkəmlənməsi üçün vacib rol oynamaqdadır”.

Siyasi partiyaların belə vahid mövqedən çıxış etməsi dövlətin apardığı siyasətin nəticəsi idi. Qeyd edək ki, müharibənin davam etdiyi dönəmdə müxalifət partiyaları dəfələrlə dövlətin yanında olduğunu rəsmən bəyan etdi. Cəmiyyətin böyük hissəsinin maraqlarını ifadə edən “Şuşa Bəyannaməsi”nə 44 müxalifət partiyası birmənalı şəkildə dəstək bəyanatı yaydı. Bütün bunlar Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradəyə mövqeyindən asılı olmayaraq, bütün cəmiyyətin verdiyi dəstəyin ifadəsi idi. Şübhəsiz ki, sadalananlar son nəticədə ictimai və dövlət maraqlarının qorunmasını, xalq – iqtidar birliyinin daha da möhkəmlənməsini şərtləndirib.

Bu gün cəmiyyətlə dövləti birləşdirən qırılmaz bağlar var.

Son zamanlar keçirilən islahatlar, əldə edilən uğurlar, qazanılan nailiyyətlər, xüsusilə,  erməni separatçılarının qanunsuz olaraq 30 il işğal altında saxladıqları torpaqların işğaldan azad edilərək geri qaytarılması, həmin ərazilərdə intensiv quruculuq, abadlıq işlərinin görülməsi, infrastruktur layihələrinin gercəkləşdirilməsi, “Böyük Qayıdış” kimi ictimai və dövlət marağının təmin edilməsi istiqamətində atılan əməli addımlar ictimai və dövlət maraqlarının üst-üstə düşdüyünü təsdiq edir. Çernışevski yazırdı ki, insanın ləyaqəti onun vətənpərvərliyinin gücü ilə ölçülür. Bu fikir günümüz üçün də aktuallığını itirməyib.

Unutmaq olmaz ki, ictimai və dövlət maraqlarının qorunmasında gənc nəslin iştirakı danılmazdır.

Gülşən Şərif

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

143
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100