Azərbaycanın dünya birliyinə inteqrasiyası: Ölkəmiz möhtəşəm layihələr həyata keçirir – Tarix dərsliklərində yer alacaq NAİLİYYƏTLƏR

“Azərbaycan dövləti müharibədə qələbə əldə etdikdən sonra ölkəmizin beynəlxalq nüfuzunun formalaşması nöqteyi-nəzərindən vacib addımlar irəli atılmaqdadır. Bu addımlar içərisində, sözsüz ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində sülh formatında apardığı siyasət, nəinki Azərbaycan, Ermənistan arasındakı müharibəyə son qoymaq, eyni zamanda, bütövlükdə Cənubi Qafqazda sülhü və ədaləti bərpa edən dövlət imicinin formalaşması və inkişaf etməsi ilə bağlı qarşıda ciddi çağırışları özündə ehtiva edir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.

Ölkəmizin postmüharibə dövründən sonra apardığı siyasətdən, habelə beynəlxalq aləmə inteqrasiyasından söz açan deputat əlavə edib ki, Azərbaycan dövlətinin apardığı siyasət nəticəsində bölgəmizdə və regionumuzda kommunikasiyaların bərpa edilməsi, əlaqələrin inkişaf etdirilməsi, müharibə kitabının və müharibə erasının bağlanması ilə, həmçinin iqtisadi münasibətlərin qurulması istiqamətində atdığı addımlar təqdirəlayiqdir:

“Bu addımlar içərisində həm ikitərəfli münasibətlər, həm də bütövlükdə Cənubi Qafqazla bağlı altıtərəfli görüşlərin təşkili istiqamətində mühüm işlər Azərbaycan tərəfindən aparılmaqdadır. Eyni zamanda, dövlətimizin beynəlxalq aləmdə nüfuzunun formalaşması nöqteyi-nəzərindən Türk Dövlətləri Birliyinin və Türk Dövlətləri İttifaqının və burada Azərbaycanın tutduğu mövqeyi önəmlidir. Xüsusilə, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin andiçmə mərasimində “bizim gələcək ailəmiz Türk ailəsidir ifadəsi” və bu istiqamətdə Azərbaycanın həm barışdırıcı və eyni zamanda, birləşdirici funksiyasının icra edilməsi həyata keçirilməsi çox önəmli məsələlərdən biridir. Xüsusilə də qeyd edilməlidir ki, Türk dövlətləri arasında münasibətlərin inkişaf etdirilməsi nöqteyi-nəzərdən Azərbaycanın təşəbbüskar olduğu fondların yaradılması, fondların nizamnamə kapitalına həm Azərbaycan tərəfindən yüksək səviyyədə, yüksək məbləğdə vəsaitlərin ödənilməsi göstərir ki, Azərbaycan bu dövlətlərlə münasibətlərində təkcə siyasi yox, həm də iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin yüksək inkişaf etdirilməsinə öz töhfəsini verməkdədir”.
Onun sözlərinə görə, digər bir mühüm məqam isə Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərin bu istiqamətdə həyata keçirilməsidir:

“Xüsusilə də COP29 tədbiri ilə bağlı Azərbaycan tərəfinin irəli sürdüyü ideyalar və bu ideyalar içərisində dünyanın böyük super dövlət, hökumət başçılarının, iş dünyasının və Bakıya gəlməsi ilə bağlı olan məsələlər, bütövlükdə bu tədbirin təxminən 60 mindən yuxarı insanın Bakıdaca izlənməsi və iştirakçısına çevrilməsi ilə bağlı Azərbaycan tərəfinin təşəbbüsləri təqdirəlayiqdir. Nəzərə alsaq ki, qarşıdakı vaxtlarda dünyanın özünü ekoloji mühit, yaşıl enerji ilə bağlı olan məsələlər ciddi narahat etməkdədir və dünyada atmosferin çirklənməsi ilə bağlı dünya ekologiya sistemi mühüm acı nəticələrlə üz üzədir, bu nöqteyi-nəzərdən Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbiri beynəlxalq miqyasda çox mühüm bir hadisəyə çevrilmişdir”.

M. Abbaszadə diqqətə çatdırıb ki, bu tədbirin keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə yeni bir imicinin formalaşması, yəni həm ev sahibliyi nöqteyi-nəzərdən ən yüksək təşkilatçılıq nümayiş etdirməsi, eyni zamanda, həm də dünyanı narahat edən məsələlərə Azərbaycan dövlətinin verdiyi töhfə beynəlxalq münasibətlər sistemində yerini və nüfuzunu artırmaqdadır:

“Hesab edirəm ki, bu istiqamətdə işlər bundan sonra da sürətlə həyata keçiriləcəkdir. Bütövlükdə Azərbaycanın beynəlxalq imicinin formalaşması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasət təqdirəlayiqdir və fikrimcə, qarşıdakı illərdə möhtərəm cənab Prezidentin həm dünya üçün gördüyü işlər, həm də özünün şəxsi nüfuzu imkan verəcək ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində yenə aparıcı rolu özündə saxlaya bilsin”.

Politoloq Tural İsmayılov isə düşünür ki, Azərbaycanın COP29 kimi dünya səviyyəli bir layihəyə ev sahibliyi etməsi ölkəmiz üçün müstəsna əhəmiyyəti var:

“Çünki Azərbaycan bu gün qlobal mənada iqlim problemləri ilə bağlı məsələlərdə ön sıralarda yer alan dövlət olduğunu bütün dünyaya nümayiş etdirir. Əslində, COP29-a ev sahibliyinin Azərbaycana verilməsi ölkəmizin dünya miqyasındakı dəyərinin göstəricisidir”.

Politoloq bildirib ki, COP29 çərçivəsində Azərbaycana yüzlərlə ölkədən tanınmış ictimai-siyasi xadim gələcək:

“Onlar ölkəmizdə olduğu müddət ərzində Azərbaycanın inkişafı, qlobal təşəbbüslərə liderliyinin bir daha şahidi olacaqlar. Bu baxımdan COP29 Azərbaycanın tanıdılması və həqiqətlərin dünyaya çatdırılması üçün mühüm beynəlxalq kürsüdür. Hər il ölkədə bütün dünyanın maraqla gözlədiyi forumlar, iclaslar, sərgilər keçirilir. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgiləri xüsusi əhəmiyyətə malikdir. Pandemiyanın iqtisadi təsirlərinin tam aradan qalxmadığı, müharibələrin dünya iqtisadiyyatına yaratdığı psixoloji təzyiqlər fonunda belə tədbirlər vacibdir. Prezident İlham Əliyev sərgidə qlobal enerji sektorunun bundan sonrakı gələcəyi ilə bağlı mühüm konturları açıqladı. Dövlət başçısı təkcə hazırkı mövqeyimizi deyil, həm də gələcək potensial layihələrin anonsunu verdi. Bəlli oldu ki, Yunanıstan-Bolqarıstan interkonnektoru ilə Azərbaycan Bolqarıstana qaz nəql edəcək. Rumıniya artıq bu əməkdaşlıq formatının üzvüdür. Azərbaycan çox qısa bir müddət ərzində vətəndaşlarımızın təhlükəsiz və ləyaqətli formada Qarabağa qayıdışı prosesini həyata keçirir. Bu günə qədər vətəndaşlarımızın qayıtdığı bölgələrdə və kəndlərdə yaşayış üçün lazımlı olan bütün infrastruktur maksimum şəkildə təmin edilib.

“Eyni zamanda, Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərə qayıdan insanların rahat yaşayışı üçün orada təhlükəsizlik tədbirlərini də vaxtında həyata keçirib. Bunun nəticəsində həmin qayıdış baş verən bölgələrdə vətəndaşlarımıza onların həyatlarını yaxşı formadan davam etdirəcək iş yerləri və yaşayış şəraiti yaradılıb. Prezident İlham Əliyevin göstərişi ilə dövlətimizin Böyük Qayıdış prosesində ortaya qoyduğu iradə kifayət qədər təqdir edilən bir davranışdır, həmçinin bütün dünya ölkələrinə örnək xarakteri daşıyır. Əhalinin işğaldan azad olunmuş torpaqlara qayıdışı yüksək sürətlə davam edir. Ölkəmiz bu məsələdə necə böyük bir iradəyə və dövlət qətiyyətinə malik olduğunu bir daha nümayiş etdirir”, – deyə T.İsmayılov vurğulayıb.

O hesab edir ki, ərazilərimiz minalardan təmizləndikcə, orada lazımi infrastruktur layihələri formalaşdıqca, erməni vandallığına məruz qalmış bölgələrdə yaşayış üçün uyğun həyat standartları yüksəlir:

“Həmçinin infrastruktur layihələri gerçəkləşdirildikcə bütün məcburi köçkünlər öz dədə-baba yurdlarına qayıdacaq. Azərbaycan kömək və yardım olmadan, heç kimə müraciət etmədən öz vəsaitləri hesabına bu möhtəşəm layihələri həyata keçirir. Ölkəmizin müharibədən dərhal sonra başladığı yenidənqurma tarix dərsliklərində yer alacaq böyük nailiyyətdir. Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri və reallıqlarına uyğun olaraq uğurla davam və inkişaf etdirilən praqmatik xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran amildir. Bunun nəticəsidir ki, milli dövlətlər regional və beynəlxalq təhlükəsizliyin təmin və mühafizə olunması, eləcə də səmərəli tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsində Azərbaycanla çoxşaxəli əməkdaşlığa müstəsna önəm verirlər. Beləliklə, öz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürən Azərbaycan beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim etməkdədir. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir”.

Rafi Müslümov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.

COP29