Azərbaycanın dünyaya FUTBOL SÜRPRİZİ: “Bu oyun Belçikadan da xal almağın mümkünlüyünü…”

“Açığı, İsveçin oyundan əvvəlki intensiv məşqindən sonra rəqibin bu cür “dişsiz” olacağını gözləmirdim”.

Bu fikirləri ötən gün futbol üzrə Azərbaycan milli komandasının İsveç yığması üzərində böyük hesablı qələbəsini dəyərləndirən idman jurnalisti Ağa Dadaşzadə Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, millimizin dünənki performansı Belçika yığmasından da xal almaq ehtimalını artırıb.

“Dünənki oyunda möhtəşəm qələbə qazanaraq tarix yazdıq. Azərbaycan futbol yığması hazırda elə bir səviyyədədir ki, Lixtenşteyn, Andorra kimi komandaları udsaq belə, bizim üçün böyük uğur sayılır.

Çoxları qeyd edir ki, İsveç qrupda qaldığı üçün motivasiyası yox idi. Mən belə düşünmürəm, qələbə bütün hallarda əhəmiyyətlidir. İlk oyunda böyük hesabla uduzduğumuz İsveçi yenməklə ən azı UEFA reytinqində irəliləyəcəyik.

Komandamız oyuna çox yaxşı başladı. Futbolda belə bir aksiom var: ilk 10 dəqiqədə qol vurmağı bacardınsa, oyun sənindir. Doğrudan da, bunun praktikada özünü doğrultduğunu gördük. Rəqib müdafiəçilərin səhvindən düzgün yararlana bildik.

Vurğulamaq lazımdır ki, qarşı tərəfin də yaxşı hücumları oldu, ancaq müdafiə xəttimiz və qapıçı Şahruddin Məhəmmədəliyev onların təzyiqini dəf edə bildi. Ümumiyyətlə, komandamız oyuna yaxşı hazırlaşmışdı və motivasiyamız yerində idi.

Açığı, İsveçin oyundan əvvəlki intensiv məşqindən sonra rəqibin bu cür “dişsiz” olacağını gözləmirdim. Emin Mahmudovun oyunun sonlarına yaxın vurduğu üçüncü qol isə həqiqətən, çevik davranış idi. Ondan öncə Mahir Emrelinin əlinə o cür qol şansı düşsə də, ondan fərqli olaraq, Emin fürsətdən yararlana bildi. Fikrimcə, bu oyun Belçikadan da xal almağın mümkünlüyünü göstərdi. Millimizi qələbə münasibətilə təbrik edirəm, davamı gəlsin”.

Yusif Səmədzadə

COP29