“Azərbaycanın əleyhinə atılan bütün addımlara adekvat cavab verməliyik” – Millət vəkilindən SƏRT MÖVQE / VİDEO
“Fransalı senatorların Azərbaycanda arzuolunmaz şəxs elan edilmələri mümkün variantlardan biridir”.
Bunu Yenicag.az-a açıqlamasında Fransa Senatının hökuməti ermənilərin Qarabağdakı qondarma rejimini tanımağa çağıran tövsiyə xarakterli qətnaməsinə münasibət bildirən millət vəkili Fəzail Ağamalı deyib.
Millət vəkili bu istiqamətdə gecikmədən adekvat addımların atılmalı olduğunu bildirib:
“Bu qətnamə Fransanın Azərbaycana qarşı qərəzli və qeyri-obyektiv münasibətinin ifadəsi idi. Senatın qəbul etdiyi sənədin icrası Fransa hökuməti üçün məcburi deyil. Senatın nə hüquqi, nə də siyasi çəkisi olan bu qətnaməsi arxivdə toz basan kağızdan başqa bir şey olmayacaq.
Qəbul edilən qətnamə Fransa Senatı ilə senatorların Azərbayan və Türkiyəyə qarşı münasibətinin göstəricisi sayılmalıdır. Bəlli oldu ki, onar Türkiyə və Azərbaycana qarşı çox qərəzli, hətta deyərdim ki, bağışlanmaz düşmən mövqeyində dayanıblar.
Buna adekvat cavab verilməlidir. Elə dünən də bu məsələ Milli Məclisdə müzakirə olundu və müvafiq bəyanat qəbul edildi. Bizim təklifimizlə o bəyanata xüsusi bir maddə də daxil edildi ki, Azərbaycanın Fransa parlamenti ilə əlaqələr üzrə dostluq qrupunun fəaliyyəti dayandırılsın. Ola bilsin ki, gələcəkdə bu dostluq qrupunun fəaliyyətinə xitam verilsin.
Əgər Fransa hökuməti, prezident Makron bundan sonra da Ermənistanın yanında duraraq Azərbaycana qarşı ədalətsiz, qərəzli, kin-kudurət və hikkədən doğan bəyanatlar verərsə, həmin bəyanatlar konkret addımlara müşayiət olunarsa, o halda Fransa ilə bütün diplomatik münasibətlərə son qoymalı, oradakı səfirimizi geri çağırmalıyıq. Fransanın buradakı səfiri də 48 sat ərzində arzuolunmaz şəxs elan edilərək, ölkəsinə qayıtmalıdır. Fransa ilə Azərbaycan arasında bütün iqtisadi-ticari əlaqələrə son qoyulmalıdır”.
Millət vəkilinin sözlərinə görə, senatorların Azərbaycanda arzuolunmaz şəxs elan edilmələri və ölkəmizə gəlişlərinin qadağan olunması da mümkün variantlardan biridir:
“Dünən məlumat verdilər ki, artıq bəzi senatorlar öz səslərini geri götürürlər. Amma düşünmürəm ki, bu da əksəriyyət təşkil edəcək. Gələcəkdə Fransa hökumətinin Azərbaycana yönəlik addımlarını diqqətlə izləməliyik.
Fransalı senatorların Azərbaycanda arzuolunmaz şəxs elan edilmələri və ölkəmizə gəlişlərinin qadağan olunması da mümkün variantlardan biridir”.
Fəzail Ağamalı Xarici İşlər Nazirliyinin (XİN) Fransa Senatının qətnaməsinə münasibətdə yaydığı bəyanatın məzmununa da münasibət bildirib:
“XİN-in bəyanatına gəlincə, bu, normal bəyanatdır. Çünki bu bəyanat Fransa Xarici İşlər Nazirliyinin bəyanatı nəzərə alınmaqla işlənib hazırlanan bir sənəddir. Çünki Fransanın xarici işlər naziri Senatın mövqeyini dəstəkləmədi, onun əksinə mövqe bildirdi. Buna görə də indiki durumda XİN-in daha sərt bəysanat verməsinə ehtiyac qalmadı. Amma Senatın mövqeyi kifayət qədər tənqid olundu”.
Cəvahir