Azərbaycanın ən çox məhsul alıb-satdığı ölkələr – SİYAHI

2022-ci ildə Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 185 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. 121 ölkəyə məhsul ixrac, 173 ölkədən idxal olunub.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.

İxrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 56 212,1 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 41 672,2 milyon dollarını və ya 74,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 14 539,9 milyon dollarını (25,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib. Nəticədə 27 132,3 milyon dollar məbləğində müsbət saldo yaranıb.

2021-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 57,7 faiz, real ifadədə 6,4 faiz, o cümlədən ixrac 8,7 faiz, idxal isə 1,7 faiz artıb. 2022-ci ildə qeyri neft-qaz məhsullarının ixracı əvvəlki illə müqayisədə faktiki qiymətlərlə 12,3 faiz, real ifadədə 4,2 faiz artaraq 3 047,7 milyon dollar təşkil edib.

Ölkənin xarici ticarət dövriyyəsinin 34,4 faizi İtaliya, 11,1 faizi Türkiyə, 7,0 faizi Rusiya, 4,1 faizi Çin, 3,6 faizi Hindistan, 3,3 faizi İsrail, 2,7 faizi Yunanıstan, 2,4 faizi Almaniya, 2,1 faizi İspaniya, 2,0 faizi Birləşmiş Krallıq, 1,9 faizi Çexiya, 1,8 faizi Xorvatiya, 1,5 faizi Gürcüstan, 1,4 faizi Portuqaliya, 1,3 faizi İndoneziya, 1,2 faizi Ukrayna, hər biri 1,1 faiz olmaqla Qazaxıstan, Vyetnam və ABŞ, 14,9 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.