Azərbaycanın ƏSAS TƏLƏBİ: “Təyyarənin pulunu və qurbanların “qanpulu”nu ruslar verməlidir”

“Azərbaycan Rusiyanı alçaltmaq fikri yoxdur, sadəcə olaraq bərabər hüquqlu münasibət gözləyirik”.

Bu sözləri Azərbaycana məxsus təyyarənin vurulmasından sonra Rusiya ilə Azərbaycan arasında siyasi gərginliyin yaranıb-yarana bilməyəcəyini Yenicag.az-a şərh edən politoloq Zərdüşt Əlizadə deyib.

Onun sözlərinə görə, artıq müəyyən mənada siyasi gərginlik yaranıb:

“Sadəcə, bu gərginlik arta, yaxud azala bilər. Bu da Rusiyadan asılıdır. Rusiya BMT Nizamnaməsini yadına salsa və görsə ki, böyük, kiçik dövlət yoxdur, bütün dövlətlər bərabər hüquqa malikdir, o zaman bu məsələni sakit şəkildə yoluna qoya bilər. Rusiya bilməlidir ki, Azərbaycanla Rusiya qonşudur, özü də vacib qonşudur. Azərbaycandan Rusiyaya heç bir təhlükə getmir, həmişə Rusiyadan Azərbaycana təhlükə gəlib. Rusiya bunları nəzərə alsa, Azərbaycanla xoş danışsa, siyasi gərginlik bitər”.

“Türkiyə Rusiya təyyarəsini vurandan sonra gərginlik artdı, sonra Ərdoğan “qüsura baxmayın” dedi. Bu da üzrün bir formasıdır və münasibətlər yenidən düzəldi. Rusiya tərəfi deyə bilər ki, nəzərə alın, “xüsusi hərbi əməliyyat” gedir, dronlar hücum etmişdi, hərbçilər səhv ediblər, səhvən təyyarəni vurublar, buna görə üzr istəyirik. Bunu desələr, bu Azərbaycana kifayətdir. Təbii ki, təyyarənin pulunu, qurbanların “qanpulu”nu onlar verməlidir. İran da Ukrayna təyyarəsini vurmuşdu. Komandir demişdi ki, Allah məni öldürəydi, təki o səhvi mən etməyəydim. İran üzr istədi, səhvini etiraf etdi. Naxçıvanda Rusiya helikopterini səhvən vurduq, üzr də istədik, təzminat da ödədik. Azərbaycan Rusiyanı alçaltmaq fikri yoxdur. Ancaq bərabərhüquqlu münasibət gözləyirik”.

Səxavət Məmməd