!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın gələcəyinin TƏMİNATI: Ölkənin gənclər siyasəti perspektivdə nə vəd edir? - TƏHLİL

!Reklam – Yazi

Beynəlxalq Əmək Təşkilatının (BƏT) son hesabatlarına əsasən, hazırda dünyada yaşı 25-ə qədər olan insanların sayı 3 milyarddan artıqdır. Bu insanların bir hissəsi – təqribən 2 milyarda yaxını 15-25 yaş həddindədirlər və əmək qabiliyyətli əhali sayılırlar. Sosial araşdırmalara görə, yaşı 25-ə çatan 3 milyard əhalinin 500 milyondan çoxu müxtəlif problemlərlə, sosial çətinliklərlə, ehtiyacla üz-üzədirlər və əsasən, yoxsulluq şəraitində yaşayırlar. Burada 100 milyona yaxın yeniyetmənin və ya erkən gənclik dövrünü yaşayan şəxslərin təhsil almaq, məktəbə getmək imkanlarından məhrum olmasını qeyd etmək vacibdir. Digər tərəfdən, sosial statistik hesablamalar göstərir ki, dünyada hər il 30 min gənc müxtəlif ağır xəstəliklər səbəbindən vəfat edir. Bununla yanaşı, hər il 7 mindən çox gəncin QİÇS virusuna yoluxması faktı qeydə alınır.

Azərbaycanda əhalinin əhəmiyyətli hissəsini – 26 faizdən çoxunu da 14-29 yaş arasında olan gənclər təşkil edir. Mövzu ilə bağlı Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Yenicag.az-a açıqlamasında bildirib ki, Azərbaycan dövləti üçün gənclərin əhəmiyyəti getdikcə artmaqdadır:

“Azərbaycanda dövlət səviyyəsində gənclərlə bağlı görülən işlər göz önündədir. Hələ Ulu Öndərin dövründə gənclərə münasibətlə bağlı ayrıca bir qurumun yaradılmasına dair fərman imzalanmışdı. Heydər Əliyevin 1994-cü ilin iyulun 26-da imzaladığı fərmanla Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 2006-cı ildə isə Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olunub və gənclər siyasətinin əsas icra orqanının qarşısında yeni vəzifələr müəyyənləşdirilib. Bu, Azərbaycan dövlətinin gənclərə münasibətdə həssaslığı və onlara əhəmiyyət verməsi ilə bağlı idi. Prezident İlham Əliyevin dövründə gənclərlə bağlı məsələ daha da inkişaf etdirilib və bu istiqamət üzrə daha ciddi addımlar atılıb. Bu addımlardan biri 2012-ci ildə ölkə başçısı İlham Əliyevin fərmanı ilə Azərbaycanda Gənclər Fondunun yaradılmasıdır. Bu fond Azərbaycanda gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirilməsini təmin edən qurumdur.

Unutmaq olmaz ki, gənclərin vətənpərvərlik hissinin inkişaf etdirilməsi də əsas prinsiplərdən biridir. Bu prinsipin bariz nümunələrinə 2016-ci ilin Aprel döyüşlərini, 2018-ci ildə Naxçıvanda baş vermiş döyüşləri və ən əsası, 2020-ci ildə baş verən Vətən müharibəsini misal çəkmək olar. Vətən müharibəsinə qədər düşmənin təxribatlarına cavab olaraq ölkə başçısının bir çağırışı ilə bölgələrimizdə yaşayan gənclərimiz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhər və rayonlar üzrə şöbələrində növbəyə dayanmışdılar ki, Ali Baş Komandanın göstərişi ilə düşmənin üzərinə yürüsünlər. Bu, ölkə başçısının hədəflədiyi siyasətin öz məqamına çatdığını göstərir.

Təbii ki, hər bir dövlət üçün əhalisinin ən məhsuldar hissəsi gənclərlə bağlıdır. Ölkəmizdə bu istiqamət üzrə atılan addımlar doğru şəkildə həyata keçirilir. 2015-ci ildən etibarən Azərbaycanda gənc nəslinin inkişafı üçün bütün istiqamətlər üzrə ciddi addımlar atılır. O cümlədən xarici ölkələrdə yaşayan gənclərimizə də daim diqqət göstərilir. Hesab edirəm ki, bundan sonrakı dönəmdə də gənclərə göstərilən diqqət və qayğı davam etdiriləcək”.Sosioloq Nail Cəlil isə, öz növbəsində, qeyd edib ki, gənclərin milli şüurunun inkişafı və onların vətənpərvərlik tərbiyəsi zamanı qarşıya çıxan mühüm vəzifələrdən biri də sosial maariflənmə ilə bağlıdır:

“Tələbə gənclərin bir hissəsinin təhsil müddətində dərs vəsaitlərinin məhdudluğundan əziyyət çəkməsi ciddi təhsil, təlim-tərbiyə problemləri sırasındadır. Milli düşüncə milli təhsilin, milli ideologiyanın, milli ədəbiyyatın inkişafı ilə sıx bağlıdır. Çox vaxt elə olur ki, onlar əksər kitabxanalara üz tutur, lakin tədris üçün lazım olan ədəbiyyatı əldə edə bilmirlər. Bu, birbaşa təhsilin keyfiyyət və nəticəsinə təsir göstərir. Bu zaman dərsə və istirahətə ayrılan vaxtı düzgün şəkildə bölüşdürmək imkanı yetərincə məhdudlaşır. Aydındır ki, daimi axtarışda, stress və gərginlikdə olan tələbə lazımi qədər istirahət edə bilmir. Bu isə son nəticə olaraq, təhsil göstəricilərinin aşağı düşməsinə səbəb olur.

Nəzərə almaq lazımdır ki, istirahət, əyləncə və fiziki sağlamlığın mühkəmləndirilməsi hər bir insan, xüsusən gənclər üçün kifayət qədər əhəmiyyətlidir. Əslində, bütün bunlar onların vətənpərvərlik düşüncəsinin formalaşmasında, şəxsi hisslərinin və hüquqlarının kamilləşməsində mühüm rol oynayır. Digər vacib və tez-tez rastlanan problemlərdən biri də gənclərin asudə vaxtının təşkili ilə əlaqədardır. Vaxtın düzgün, səmərəli rasional istifadəsi sosial iş və sosial xidmət sferasında müvafiq istirahət infrastrukturunun yaradılması gənclərin davranışını müsbət cəhətdən şərtləndirir. Bu müsbət təsir sayəsində onlar əmək fəaliyyəti və təhsil prosesində itirdikləri enerjini qısa müddətdə geri qaytara, bərpa edə bilirlər. Problem həm də qabiliyyətli, istedadlı gənclərin üzə çıxarılması prosesi ilə birbaşa əlaqədardır. Burada gənclərin mədəni, intelektual, idman potensialının üzə çıxarılması bununla bağlı sosial siyasət hədəflərinin düzgün məqsədyönlü şəkildə müəyyənləşdirilməsinə xidmət edir.

Son illər müasir gənclər, onların problemləri və nailiyyətləri haqqında müxtəlif fikirlər, mülahizələr səslənir ki, onların da hər biri özünəməxsus arqumentlərə əsaslanır. Azərbaycan gənclərinin problemləri, əsasən, sosialyönümlü problemlərdir ki, bu da dünyanın bir sıra ölkələrində mövcuddur. Məsələ ondadır ki, gənclərin əsas problemi məşğulluğun təmin olunmasıdır. Bu problem milli hədəflərə uyğun şəkildə həll edilməlidir”.

Politoloq Zaur Məmmədov saytımıza açıqlamasında bildirib ki, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi hər bir dövlət üçün əhəmiyyətlidir:

“Çünki ölkənin gələcəyi ilə bağlı gənc nəslin düşüncəsi və yanaşması çox vacib nüanslardan biridir. Təsadüfi deyil ki, ayrı-ayrı ölkələr bu və ya digər şəkildə cəmiyyətləri tənəzzülə salmaq və öz məkrli planlarını həyata keçirmək üçün öncəliklə gənc nəslin nümayəndələrindən istifadə edirlər. Çünki gənc nəsil hər zaman öz radikallığı ilə seçilir və hadisələrə baxış bucağı fərqli olur. 44 günlük müharibə göstərdi ki, Azərbaycan gəncləri öz tarixlərini çox yaxşı bilirlər. Bütün hallarda gələcəkdə sosial həyatla bağlı müəyyən çətinliklərlə üzləşə bilərik. Ona görə də Azərbaycan gəncliyi öz vətənpərvərliyini davam etdirməlidir və bu siyasət təhsil sistemində də gücləndirilməlidir. Orta təhsil müəssisələrində ciddi şəkildə tarix fənninə diqqət yetirilməlidir. Eyni zamanda, vətənpərvərlik dərsləri tədris olunmalıdır. Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi sistemli şəkildə həyata keçirilməlidir. Bu halda ölkənin bütün sahələrində arzuolunan nəticələrə yiyələnmək mümkün olacaq”.

Gülşən Şərif

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

718
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv