Azərbaycanın hazırlıqlı ordusu var və istənilən tapşırığı yerinə yetirməyə qadirdir

Bu günlərdə ölkəmizdə Azərbaycan və Türkiyə ordularının birgə genişmiqyaslı təlimi keçirildi. İki dövlət arasında imzalanmış hərbi əməkdaşlıq haqqında müqavilənin şərtlərinə görə, müxtəlif qoşun növlərinin cəlb olunduğu belə təlimlər qabaqcıl hərbi təcrübənin öyrənilməsi baxımından faydalıdır.

Amma son günlər sosial şəbəkələrdə bu təlimlər haqqında müxtəlif müzakirələrə rast gəlinir. Antimilli qüvvələrin və düşmənlərimizin təsiri ilə fəallaşan siyasi mühacirlər, xarici dövlətlərə sığınan yalançı ziyalıların paylaşımlarından belə nəticə çıxır ki, guya Türkiyə ordusu Azərbaycanda hərbi əməliyyatlara başlamaq məqsədi ilə təlimlərə qatılıb. Bu cəfəng söhbətdir, çünki ölkəmizdə aparılan ordu quruculuğu islahatlarının nəticəsi olaraq, qısa vaxt ərzində Azərbaycan Ordusu yüksək döyüş vərdişlərinə yiyələnib və qarşısında dayanan istənilən vəzifəni yerinə yetirməyə qadirdir.

Ulu öndərimiz Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda güclü ordunun yaradılmasına başlanılıb və bu məqsədlə zəruri islahatlar həyata keçirilib. NATO ölkələri, həmçinin Türkiyə ordusu ilə hərbi əməkdaşlıq haqqında müqavilələr imzalandıqdan sonra ordumuzda müasir təhsil sisteminin bünövrəsi qoyulub. Məqsəd isə müasir orduların hərbi təcrübəsinin öyrənilməsi olub.

Son 17 il ərzində, yəni Azərbaycan Prezidenti İlham Əliyevin siyasi hakimiyyətdə olduğu dövrdə də ordu quruculuğunun daha da inkişaf etdirilməsi dövlətin əsas prioritet istiqamətlərindən biri olub. Ölkə iqtisadiyyatının sürətli inkişafı nəticəsində hərbi büdcəmiz dəfələrlə artırılıb və ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün böyük işlər görülüb. Azərbaycan Ordusu müasir silah və hərbi texnikalarla təmin edilib, həmçinin hərbi qulluqçuların sosial müdafiəsi gücləndirilib. Ölkəmizin ucqar cəbhə bölgələrində də yeni tipli hərbi hissələr tikilib, müasir hərbi şəhərciklər salınıb. Əlbəttə, aparılan islahatların, ordu quruculuğuna göstərilən dövlət qayğısının nəticəsində müasir Azərbaycan Ordusu formalaşıb.

2016-cı ilin aprel döyüşlərində düşmənin hərbi təxribatının dəf edilməsi zamanı Ermənistan ordusu böyük itkilərlə üzləşdi, min hektarlarla torpağımız işğaldan azad edildi və əlverişli yüksəkliklər Azərbaycan əsgərinin nəzarətinə keçdi. 2018-ci il isə Naxçıvanda Günnüt əməliyyatı uğurları ilə yaddaşımıza yazıldı. Və nəhayət, bu ilin iyul ayında Azərbaycanın Tovuz rayonu istiqamətində işğalçı Ermənistan ordusu tərəfindən növbəti təxribat törədildi. Bu döyüşlərdə sərhədyanı kəndlərimizə ziyan dəydi, 12 nəfər hərbçimiz və bir nəfər mülki vətəndaşımız şəhid oldu. Amma  itkilərimiz cavabsız qalmadı, hazırlıqlı hərbi bölmələrimiz tərəfindən başlanan əks-hücum nəticəsində düşmənin hərbi obyektlərinə güclü zərbələr endirildi və qarşı tərəf daha artıq itkilərlə üzləşdi. Ən başlıcası, işğalçı ordu istəyinə nail olmadan mövqelərimizdən geri çəkilməyə məcbur oldu.

Azərbaycan Prezidenti İlham Əliyev ordumuzun şəxsi heyətinin qazandığı son uğurları yüksək qiymətləndirərək qətiyyətlə bildirdi ki, şəhidlərimizin qanı yerdə qalmadı və heç vaxt da qalmayacaq. Tovuz hadisələrində qazanılan uğurlarımız xalqın orduya inamını daha da gücləndirdi və bir həftədə on minlərlə vətəndaşımız müvafiq quruma müraciət edərək könüllü döyüşmək üçün qeydiyyata alındı. Azərbaycan xalqı öz şəhidlərini böyük ehtiramla qarşıladı, dövlət rəhbərliyi şəhid ailələrinə qayğı göstərilməsi üçün konkret tapşırıqlar verdi. Xalqımız bir daha əmin oldu ki, bu gün ordumuz böyük hərbi gücə malikdir, onun şəxsi heyətində yüksək döyüş ruhu var və Ali Baş Komandanın əmri ilə ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün istənilən tapşırığı yerinə yetirməyə hazırdır.

Arif PƏNAHLI, müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant, “MediaPost” üçün