Azərbaycanın hərbi, siyasi və diplomatik QƏLƏBƏSİ: Vətən müharibəsindən sonra regionda dəyişən REALLIQLAR – Şərtləri dövlətimiz irəli sürür
Azərbaycan Ermənistana qarşı 44 günlük Vətən müharibəsində hərbi, siyasi, eləcə də diplomatik və informasiya sahəsində qələbə qazandı. Prezident İlham Əliyevin İkinci Qarabağ savaşı müddətində və postmüharibə dövründə dünyanın müxtəlif nüfuzlu informasiya vasitələrinə verdiyi müsahibələr xalqımızın Zəfər çalmasında son dərəcə mühüm rol oynadı.
Prezident İlham Əliyev 30-a yaxın xarici KİV nümayəndələri ilə müsahibələrində Azərbaycanın haqlı mövqeyini, müharibənin səbəblərini siyasi uzaqgörənliklə dünya auditoriyasının diqqətinə çatdırırdı. Odur ki Prezident İlham Əliyev Vətən müharibəsində Azərbaycanın təkcə silahlı ordusunun deyil, eləcə də informasiya savaşının önündə getdi.
Yenicag.az-a açıqlamasında Türk Ağsaqqalları Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk deyib ki, Vətən müharibəsindən sonra regionda da reallıqlar dəyişib:
“Ermənistanın məğlubiyyəti və onun arxasında duran güclərin planlarının fiaskoya uğraması vəziyyətə Azərbaycanın xeyrinə dəyişib. Bu gün Azərbaycan diktə edən tərəfə çevrilib. Şərtləri Azərbaycan irəli sürür və reallaşdırır. Prezident İlham Əliyev çıxışlarında bunu dönə-dönə bəyan edir. Rəsmi Bakı bölgədə sülh və əmin-amanlığın qorunub saxlanması üçün istər regionda, istərsə də beynəlxalq müstəvidə ciddi işlər görür. İki ölkə arasında sülh sazişi imzalanacağı təqdirdə, ən çox qazanan Ermənistan olacaq. Ermənistanın siyasi qazancı ilə yanaşı, iqtisadi gəlirləri də artacaq. Bu isə sosial vəziyyəti gərgin olan Ermənistan insanının həyatına böyük təsir göstərəcək. Bunu Ermənistanın indiki rəhbərliyi dərk edir”.
Onun sözlərinə görə, bölgədə vəziyyəti qarışdırmaq istəyən qüvvələr var:
“Fransanın timsalında açıq-aydın görünür. Yenə də rəsmi Parisin arzuları puç olacaq. Azərbaycan Qarabağ reallıqlarını ən yüksək səviyyədə tanıtdırıb. Beynəlxalq hüquq və diplomatiyada Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində qəbul olunduğu açıq-aşkardır. Getdikcə, Azərbaycanı dəstəkləyənlərin sayı çoxalır. Buna baxmayaraq biz hər zaman ayıq olmalıyıq. Düşmən yenə də yatmayıb. Bilirsiniz ki, erməni diasporu vəziyyəti gərginləşdirmək üçün fürsət axtarır. Erməni lobbisi Ermənistanın siyasi-ictimai vəziyyətinə təsir göstərir. Bunun üçün bizim lobbi qruplarımız artmalıdır. Diplomatlarımız ayıqlıqlarını saxlamalıdırlar. Azərbaycan diaspor təşkilatları təşkilatlanmağı və beynəlxalq dairələrlə əlaqələrini diqqətdə saxlamalıdırlar. Bizə ən çox zərbə vurmağa çalışan qruplar həmin təşkilatlarda cəmləşiblər. Parlamentlərlə əlaqələrin gücləndirilməsinə diqqət edilməlidir. Xarici mətbuatda Azərbaycanın xeyrinə olan yazı və məqalələrin sayı artmalıdır. Dövrün reallıqlarını bunu tələb edir. Həm də Azərbaycan diasporu məğlub yox, qalib Azərbaycan diasporunu təmsil edir. Bu isə böyük mənəvi-psixoloji üstünlük deməkdir”.
Politoloq Züriyə Qarayeva isə söyləyib ki,44 günlük Vətən müharibəsi yalnız Azərbaycanın ərazi bütövlüyünün təminatı, suverenliyinin bərpa olunması, konstitusion hüquqlarının beynəlxalq hüquq prinsipləri çərçivəsində təyin olunmuş ərazi bütövlüyümüz çərçivəsində təminatı istiqamətində bir addım olmadı, eyni zamanda, haqqın, ədalətin, elə beynəlxalq hüququn bərpasının, BMT Nizamnaməsinin müvafiq müddəasının yerinə yetirilməsi icrasının da bir təntənəsi oldu:
“Həqiqətən də, 30 ilə yaxın bir periodda həm torpaqlarımızın itirilməsi, həm belə böyük bir hüquq pozuntusunun, suverenlik əleyhinə kobud bir təhdidin, işğal faktorunun icrasının və ona paralel olaraq da dünya birliyinin, dünya ictimaiyyətinin bütün bu hüquq pozuntularına, səssizliyinin, laqeyd münasibətinin şahidi olduq. Yəni qarşı tərəfin ölkəmizə qarşı icra etdiyi yalnız torpaqlarımızın işğal edilməsi prosesi deyil, eyni zamanda, o torpaqların dağıdılması, viran qoyulması, vandalizm siyasətinin icra olunması, eləcə də, mülki insanlara qarşı müxtəlif formalarda həyata keçirilmiş cinayətlər, müharibə cinayətlərinin, mina terrorunun həyata keçirilməsi, mədəniyyət abidələrimizin dağıdılması, tarixin saxtalaşdırılması, tarixi abidələrin dağıdılması kimi bir proseslərin də, həmçinin müharibə cinayətlərinin bütövlükdə biz şahidi olduq”.
Siyasi təhlilçinin sözlərinə görə, burada həm BMT Nizamnaməsinin, həm Vyana Konvensiyasının, həm də Cenevrə Konvensiyasının və onun əlavə protokollarının prinsipləri, bütövlükdə insan haqları hüquqlarını özündə ehtiva edən, müharibə cinayətlərini qadağan edən, ərazi bütövlüyü, suverenliyinin qorunmasını ona qarşı təhdidləri özündə qadağan edən hüquqi konsepsiyaların prinsipləri Ermənistan tərəfindən pozulmuş oldu:
“Bunun üçün məxsusi ATƏT-in Minsk formatı yaradıldı. Həmsədr ölkələrin həmin periodda yalnız turistik səfərlərinin şahidi ola bildik. Yəni, problemin həlli istiqamətində səfərbərlik təəssüflər olsun ki, müşahidə olunmadı. Əksinə, turistik səfərlərlə sanki status-kvonu saxlamaq, münaqişəni dondurulmuş fazaya keçirmək niyyətlərini biz görə bildik.
Bütün bu sadaladığım prinsiplərin, niyyətlərin, çirkin maraqların, riyakarlıqların, hüquq pozuntularının, vandalizm aktlarının qarşılığı olaraq biz 44 günlük Vətən müharibəsini görə bilərik. Həqiqətən də, Azərbaycan Ordusu, Azərbaycan diplomatiyası böyük mənada tarix yazdı. Cənubi Qafqaz regionu olduqca əhəmiyyətli bir regiondur. Burada Qarabağ problemi timsalında bir münaqişə ocağı yaratmaqla müxtəlif güclər, Fransada başda olmaqla öz riyakar maraqlarını, çirkin oyunlarını bu bölgədə həyata keçirməyə, bölgəni manipulyasiya etməyə çalışırdılar”.
Z. Qarayevaya görə, belə bir münaqişə faktorunu canlı, aktiv fazada saxlamaqla o, münaqişə üzərindən öz oyunlarını, öz siyasətlərini həyata keçirməyə, sabotaj meyllərini icra etməyə çalışırdılar:
“Bütün bu meyllərin Azərbaycanın qarşısını almış oldu. Bugün təkcə ərazi bütövlüyümüzü təmin etmədik, eləcə də, bütün geostrateji baxımdan önəmli bir bölgə olan Cənubi Qafqazda siyasi mənzərəni dəyişdik, siyasi konfiqurasiyanın müəllifinə çevrildi Azərbaycan.
Bugünə qədər “barıt çəlləyi” statusu qazandırılan bu regionu sülh bölgəsinə çevirməyi bacarmışıq. Yəni, bir problemi həll etməklə bütövlükdə regionun problemi, əslində, həll etmiş oluruq və burada yadelli qüvvələrin at oynatmasının qarşısını alırıq. Bölgənin yalnız region ölkələri üçün olduğunu diqqətə çatdırırıq. Məhz “3+3” digər üç formatının da indiki reallıqlar kontekstində gündəmə gəlməsi də Azərbaycanın apardığı həmin siyasətin, ərazi bütövlüyümüzün təminatının nəticəsi idi ki, biz bütün bunları həyata keçirməklə, torpaqlarımızı işğal altından azad etməklə nəinki iki ölkə arasında, bütövlükdə regiona sülh gətirməyi bacarmışıq. Hədəflərimiz məqsədlərimiz böyükdür. Yaxın perspektivdə onların addım-addım, mərhələ-mərhələ həyata keçirməyi bacaracağıq. Cənab İlham Əliyevin də dediyi kimi, hər şeyin öz vaxtı var. Ali Baş Komandanımız nəyi nə zaman etməyi çox yaxşı bildiyi üçün strateji zaman yetişdikcə, bu strateji hədəflərə də zamanla nail olmağı bacaracağıq.
“Ona görə də, beynəlxalq hüquq mütləq müdafiə olunmalıdır. Bu, Azərbaycanın çağırışıdır. Azərbaycan sözlü şəkildə, verbal formada, 30 ilə yaxın periodda dünya birliyini buna səslədi, sülh masası ətrafında problemlərin həllinə, beynəlxalq hüquq prinsiplərinin qorunmasına səslədi. Amma çağırışlarımıza heç bir səs verən olmadı. Bunu praktikada da həyata keçirdik və praktikada da bu səsləyişi icra etdik. Görürsünüz, bu gün nəinki regionda, hətta qlobal anlamda söz sahibi olan və dünya birliyini yenə də haqqı-hüququ tapdalamamağa çağıran gücük. Bu gün İlham Əliyevin çağırışları, tezisləri ilə müstəmləkə siyasətinin qurbanı olan koloniyalar, ölkələr artıq bir növ presedent olaraq, yəni Azərbaycanda baş verənləri, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsini özlərinə bir nümunə kimi qəbul edirlər və cənab İlham Əliyevin çağırışları da artıq o ölkələrdə, bölgələrdə müstəmləkə siyasətinin aradan qalxmasına gətirib çıxarır. Görün, bunlar nə qədər çoxşaxəli addımlardır. Nə qədər strateji baxımdan önəmli bir siyasətdir ki, nəticələri yalnız ölkə və region üçün deyil, qlobal mənada da əhəmiyyətlidir”, – deyə o fikirlərini tamamlayıb.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə dərc olunub.
Rafi Müslümov