2007-ci il noyabrın 15-də Xaçmazdan yayıma başlayan “ARB Şimal” fəaliyyətə başladığı ilk gündən bir-birindən maraqlı layihələrlə tamaşaçıların zövqünü oxşamağa çalışıb. Televiziyada daha çox bölgənin istedadlı və perspektivli gənclərinə güvənilsə də, on illik inkişaf yolunda peşəkar kadrların təcrübəsi də öz sözünü deyib. Bu illər ərzində “ARB Şimal”ın efirində Azərbaycanın bir çox tanınmış aparıcıları və incəsənət nümayəndələrinin təqdimatında baxımlı layihələr yayımlanıb.
Televiziyada yerli kadrların peşəkarlığının artırılması üçün daimi iş aparılır. Gənc kadrlar mütəmadi olaraq həm ölkəmizdə, həm də xaricdə təcrübə keçməklə, televiziya sahəsində tanınmış mütəxəssislərin ustad dərslərinə cəlb olunurlar. Bunun nəticəsidir ki, illər əvvəl “ARB Şimal”da ilk addımlarını atan gənclərin bir çoxu, bu gün Azərbaycan teleməkanının tanınmış simalarına çevriliblər. Televiziyada 100-ə yaxın əməkdaş çalışır ki, onların da 90 faizi şimal bölgəsini təmsil edir.
“ARB Şimal” ölkəmizdə rəqəmsal yayıma keçən ilk televiziya kanallarındandır. Telekanal artıq üç ildir ki, yayımını tam rəqəmsal formada gerçəkləşdirir. “ARB Şimal” telekanalı qısa müddətdə ölkə mediasında peşəkar fəaliyyəti ilə populyarlıq qazanıb.
Telekanal Azərbaycandakı region televiziyaları üçün əlçatmaz hesab olunan bir çox uğurlara da imza atıb. Xəbərlər, İctimai-Sosial Proqramlar Departamenti yerli xəbərləri dolğun və operativ işıqlandırdığına görə “Media açarı–2010” mükafatına layiq görülüb. Televiziyada hazırlanan videoçarxlar “Azərbaycan ailəsi-2011”, “Azərbaycan ailəsi–2015” film festivallarında qalib gəlib. Bununla yanaşı, televiziya dəfələrlə ilin region kanalı seçilib, bir sıra beynəlxalq festivallarda nailiyyətlər qazanıb.
“ARB Şimal” artıq üç ildir ki, 6 bölgə televiziyasının və 3 tematik kanalın bir araya gəlməsi ilə yaradılan, ölkənin ən böyük media tərəfdaşlıq layihəsi olan ARB Media Qrupda təmsil olunur.