!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın İtaliyadakı səfiri erməni icmasının yalanlarını ifşa etdi

!Reklam – Yazi

İyulun 12-də Tovuz rayonu istiqamətində Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlara başlamasından dərhal sonra Azərbaycanın İtaliyadakı Səfirliyinin verdiyi müvafiq açıqlamalar İtaliyanın çoxsaylı mətbuat orqanlarında dərc olunub.

Azərbaycanın İtaliyadakı Səfirliyindən Yenicag.az-a verilən məlumata görə, məsələdən xəbər tutan İtaliya Erməni Birliyi baş verənlərlə bağlı həqiqətləri işıqlandıran İtaliya kütləvi informasiya vasitələrinə məktublar göndərərək onları “məlumatları manipulyasiya və təhrif etməkdə” günahlandırıb, həmin mətbuat orqanlarından erməni tərəfinin mövqeyinin də işıqlandırılmasını tələb ediblər.

Nəticədə İtaliyanın “Politicamente Corretto”, “L’Opinione”, “Agenzia Nova”, “La Nuova Padania”, “L’Antidiplomatico”, “Un Mondo d’Italiani” kimi kütləvi informasiya vasitələrində İtaliya Erməni Birliyinin mətbuat açıqlaması dərc olunub. Buna cavab olaraq Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin həmin İtaliya mətbuat orqanlarının redaksiyalarına göndərdiyi və erməni tərəfinin yalanlarını ifşa edən geniş məktubları da dərc olunub.

Diplomat mətbuat orqanlarına hücumlar edən və onları “məlumatları manipulyasiya və təhrif etmək” iddiası ilə ittiham edən İtaliya Erməni Birliyinin mətbuat açıqlamasını erməni tərəfinin kütləvi informasiya vasitələrinə təzyiq etməsinin və İtaliya ictimaiyyətində yanlış rəy formalaşdırmaq cəhdinin sübutu olduğunu bildirib.

“Erməni tərəfi anlamır ki, ötən əsrin 90-cı illərinin əvvəllərində yaşamırıq. Həmin dövrdə yenicə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan beynəlxalq əlaqələrinin qurulması üçün ilkin addımlarını atır, erməni tərəfi isə uzun illərdən bəri dünyanın müxtəlif ölkələrində yaşayan diasporası vasitəsilə Azərbaycanı informasiya blokadasında saxlayaraq dünya ictimaiyyətini öz yalanlarına inandırmaq üçün Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını və təcavüzünü saxta və təhrif olunmuş formada təqdim edirdi ki, bu hal da uzun müddət davam etmişdir. Bu gün Azərbaycan geniş beynəlxalq əlaqələrə malik güclü bir ölkədir və beynəlxalq aləmdə çox eşidilən səsə malikdir. Dünya birliyi də həqiqətin nə olduğunu çoxdan başa düşüb”, – diplomat vurğulayıb.

Erməni tərəfinin “ermənilər Azərbaycan ərazilərində maraqlı deyillər və münaqişənin zorakılıq yolu ilə həllini inkar edən sülhsevər xalqdır” fikirlərinə münasibətdə isə Azərbaycan diplomatı bildirib: “Oxucuların diqqətinə çatdırmaq istərdim ki, Ermənistanın, demək olar ki, bütün qonşularına qarşı ərazi iddiaları var, hətta bu iddiaları Ermənistan özünün ali qanununa, Konstitusiyasına belə daxil edib. Üstəlik, Dağlıq Qarabağ münaqişəsindən də aydın göründüyü kimi, Ermənistan bu məqsədinə çatmaq üçün Azərbaycana qarşı hərbi gücdən istifadə edib. Ermənistanın ərazi iddialarının kökündə öz qonşularının əraziləri hesabına “Böyük Ermənistan” mifini həyata keçirmək məqsədi dayanır”, – deyə səfir fikirlərinə davam edir.

Diplomat hazırkı Ermənistan dövlətinin Azərbaycanın tarixi ərazilərində yaradıldığını, 1828-ci ildə Rusiya-İran müharibəsinin yekunu olaraq imzalanmış Türkmənçay müqaviləsi ilə ermənilərin Cənubi Qafqaza, xüsusilə də Azərbaycanın İrəvan (Ermənistanın hazırkı paytaxtı Yerevan) və Qarabağ xanlıqlarının ərazilərinə kütləvi şəkildə köçürüldüyünü, Sovet İttifaqı dövründə Azərbaycan torpaqları hesabına Ermənistanın ərazilərinin genişləndirildiyini və Ermənistandakı azərbaycanlıların öz tarixi torpaqlarından sistematik olaraq deportasiyası prosesinin davam etdirildiyini, 1988-ci ildə Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qarşı yeni ərazi iddialarının irəli sürüldüyünü və həmin vaxtda Ermənistanda yaşayan son azərbaycanlıların da (250 mindən çox) öz doğma torpaqlarından didərgin salındığını deyib.

Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olan Qarabağın dağlıq hissəsi olduğunu bildirən səfir bu adın Azərbaycan dilində mənasını izah edib, qədim dövrlərdən 1800-ci ilin əvvəllərində Çar imperiyası tərəfindən işğala qədər sonuncusu Qarabağ xanlığı olmaqla bu bölgənin müxtəlif Azərbaycan dövlətlərinin tərkibində olduğunu, münaqişənin köklərinin bir tərəfdən ermənilərin Azərbaycan ərazilərinə köçürülməsinə, digər tərəfdən isə sovetlər dönəmində Azərbaycanın Qarabağ bölgəsinın dağlıq hissəsində muxtar əyalətin yaradılmasına gedib çıxdığını deyib.

Diplomat Sovet İttifaqının süqutundan sonra Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz həyata keçirərək Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu da daxil olmaqla ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 fazini işğal etdiyini, bu ərazilərdə yaşayan azərbaycanlılara (750 mindən çox) qarşı etnik təmizləmə həyata keçirdiyini, müharibə cinayətləri və Xocalıda mülki Azərbaycan əhalisinə qarşı soyqırımı törətdiyini, hazırda bir milyondan çox Azərbaycan vətəndaşının qaçqın və məcburi köçün vəziyyətinə düşdüyünü və işğal olunmuş ərazilərdə bir nəfər də azərbaycanlının qalmadığını bildirib. Ermənistanın öz təcavüzünü ört-basdır etmək üçün Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan da daxil olmaqla heç bir dövlət tərəfindən tanınmayan “Dağlıq Qarabağ respublikası” adlı qanunsuz qondarma rejimi yaratdığını, BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi də daxil olmaqla çoxsaylı beynəlxalq sənədlərin Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını, həmin sənədlərin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərini təsdiq etdiyini və Ermənistandan öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxartmağı, eləcə də azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını tələb etdiyini, bütün bu sənədlərə isə Ermənistanın məhəl qoymadığını bildirib.

Azərbaycanın həmişə münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu deyən diplomat məhz buna görə öz ərazilərinin işğalına baxmayaraq neçə illərdir ki, sülh danışıqlarında iştirak etdiyini, Ermənistanın niyyətinin isə destruktiv mövqe tutaraq danışıqları uzatmaq, işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyəti təşviq etmək, status-kvonu saxlamaq, 2016-cı ilin aprel ayında olduğu kimi, bu dəfə isə 12 iyul tarixindən Azərbaycanın Tovuz rayonu istiqamətində Azərbaycan-Ermənistan dövlət sərhədində baş verildiyi kimi davamlı olaraq atəşkəs rejimini pozmaq olduğunu qeyd edib.

Məktubunda səfir Ermənistanın həyata keçirdiyi son hərbi avantüra ilə bağlı həqiqətləri və bu təxribatların arxasında Ermənistanın məkrli niyyət və məqsədləri barədə ətraflı məlumat verib, o cümlədən bu dəfə Ermənistanın hədəf aldığı Tovuz rayonunun Azərbaycanın və Xəzər dənizinin enerji resurslarının qərbə və dünya bazarlarına daşınmasını həyata keçirən bütöv infrastruktur, eləcə də Şərq və Qərbi birləşdirən önəmli dəmir yolu və avtomobil bağlantılarının keçdiyi strateji bölgə olduğunu, Avropa, xüsusilə də İtaliya üçün əhəmiyyətə malik olduğunu deyib. Bu səbəblərdən də Ermənistanın məqsədinin həm də bu bölgədəki sabitliyi pozmaqla Avropa üçün yeni bazarlara və alternativ enerji mənbələrinə çıxış yaradan bu fundamental layihələrin fəaliyyətinin qarşısını almaq olduğunu və Ermənistanın Azərbaycana qarşı hərbi əməliyyatlarını Avropaya, o cümlədən İtaliyaya qaz tədarükünə başlamazdan üç ay əvvəl həyata keçirməsinin də təsadüf olmadığını deyib.

Diplomat qeyd edib ki, Ermənistan rəhbərliyinin bu hərbi avantürası beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazilərini işğal edən təcavüzkar Ermənistanla 30 ilə yaxın müddətdə Ermənistanın təcavüzünə məruz qalan Azərbaycan arasında fərqin qoyulmamasının nəticəsidir və beynəlxalq ictimaiyyət təcavüzkara təcavüz siyasətindən əl çəkməsi üçün güclü təzyiq göstərməyincə, Ermənistan cinayət əməllərini davam etdirəcəkdir, çünki cəzasız qalan cinayətlər yeni cinayətlərə yol açır.

Diplomat məktubunu bu fikirlərlə tamamlayıb: “Əgər, həqiqətən də, Ermənistanın gələcək rifahını istəyirsə erməni diasporasına Azərbaycanla və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı yalanları yaymağa vaxt itirməməyi, Ermənistanın rəhbərliyinə hazırkı siyasətin Ermənistanı və erməni xalqını fəlakətə apardığını izah etməyi və ondan siyasi iradə nümayiş etdirməklə münaqişənin həlli istiqamətində konkret addımlar atmağı tələb etməyi tövsiyə edirəm. Çünki heç nə yox, yalnız münaqişənin həlli Ermənistanın üzləşdiyi ağır iqtisadi-sosial problemlərin aradan qaldırılmasına və bu ölkənin təhlükəsizliyinin, sabitliyinin və inkişafının təmin olunmasına kömək edə bilər”.

www.yenicag.az

571
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv