“Azərbaycanın media landşaftı” kateqoriyasında yeni məlumatlar açıqlandı – FOTOLAR

“Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi çərçivəsində dördüncü toplantı keçirilib.

Yenicag.az xəbər verir ki, tədbir Azərbaycan Mətbuat Şurasında baş tutub.

Toplantıda Mətbuat Şurasının sədri Rəşad Məcid, layihənin eksperti Müşfiq Ələsgərli, media qurumlarının rəhbərləri və jurnalistlər iştirak ediblər.

R.Məcid bildirib ki, “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi üzrə əvvəlki üç toplantı iyul, avqust və sentyabr aylarında reallaşıb.

“Toplantılarda layihə çərçivəsində görülmüş işlər təhlil olunub, o cümlədən, ölkəmizin media məkanı barədə təsəvvür formalaşdıran məlumat bazasının strukturu barədə fikir mübadiləsi aparılıb, təkliflər qruplaşdırılıb.

Məlum olduğu kimi, layihə çərçivəsində Mətbuat Şurasının “presscouncil.az” saytında “Azərbaycanın media landşaftı” adlı xüsusi kateqoriya yaradılıb. Həmin kateqoriya özündə “Azərbaycanda informasiya dövriyyəsini tənzimləyən qanunlar”, “İnformasiyanın etik standartlarını müəyyən edən yerli və beynəlxalq sənədlər”, “Azərbaycanın aparıcı media subyektləri”, “Azərbaycan mediasından gender balansı”, “I və II Qarabağ müharibəsi dövründə Azərbaycan mediası” yarımkateqoriyalarını, həmçinin layihə çərçivəsində yayımlanmış məqalələri və keçirilmiş tədbirləri birləşdirib”, – deyə o qeyd edib.

R.Məcid onu da bildirib ki, indiyədək layihə çərçivəsində nəzərdə tutulan 12 tematik məqalənin hamısı hazırlanıb və onların yayımı həyata keçirilib, eyni zamanda, məqalələr Şuranın saytındakı “Azərbaycanın media landşaftı” kateqoriyasında yerləşdirilib. Məqalələrdə mövzuya ilə əlaqədar institsional yanaşma tətbiq edilib.

Mətbuat Şurasının sədri həmçinin, layihə çərçivəsində yekun toplantının gələn ay keçiriləcəyini və bununla da görülmüş işlərə yekun vurulacağını bildirib.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsinin eksperti Müşfiq Ələsgərli iştirakçıları “Azərbaycanın media landşaftı” kateqoriyasında yerləşdirilmiş yeni məlumatlarla tanış edib. Bu kontekstdə o, “Azərbaycan mediasında gender bərabərliyini mövcud durumu” mövzusunda keçirilmiş tədqiqatın nəticələrini şərh edib.

M.Ələsgərli bildirib ki, tədqiqat audiovizual, çap, onlayn media subyektləri və informasiya agentlikləri daxil olmaqla, 154 redaksiyanı, o cümlədən, 26 jurnalist təşkilatını əhatə edib. Ümumilikdə 180 qurum tədqiqata cəlb edilib.

O qeyd edib ki, tədqiqatın nəticəsinə görə, Azərbaycanda media sahəsində çalışanların 43 faizi qadınlardan, 57 faizi kişilərdən ibarətdir:

“Bununla yanaşı, gender bərabərliyi ilə bağlı problemlər cəmiyyətin digər zümrələri kimi, jurnalistika üçün də keçərlidir. Belə ki, media subyektlərində idarəçi qərarverici şəxslərin yalnız 21 faizi qadınlardır. 79 faizi isə kişilərdən ibarətdir. Media təşkilatları (jurnalist təşkilatları) sahəsində də bənzər vəziyyət mövcuddur. Burada rəhbər, yəni qərarverici şəxslərin 20 faizi qadınlardır. Digər 80 faizi isə kişilərdən ibarətdir”.

Nəsimi Ələsgərli

COP29