“Azərbaycanın media təmsilçilərinin başqa ərazilərimizdə olduğu kimi, o yerlərdə də…” – REAKSİYA

“Aktuallığı artan bu məsələni İdarə Heyətinin üzvü olduğum Mətbuat Şurası vasitəsilə müzakirəyə təklif edirəm.”.

Bu fikirləri jurnalistlərimizin Xocalıda Azərbaycan nümayəndə heyəti ilə Rusiya sülhməramlı qüvvələrinin komandanlığı arasında danışıqları izləmələrinə imkan verilməməsinə münasibət bildirən Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, jurnalistlərimizin Rusiya hərbçilərinin müvəqqəti nəzarəti altında olan ərazilərə istənilən vaxt getmələrinə şərait yaradılmalıdır:

Rusiya sülhməramlılarının Azərbaycan jurnalistlərinin öz torpağımızda – Xocalıda peşə fəaliyyətləri ilə məşğul olmalarını əngəlləməsi artıq yeni bir yanaşma zərurətini ortaya çıxarıb.

Bundan sonrakı mərhələdə qeyd olunan məsələ artıq masada müzakirə edilməli, sülhməramlılara şərt qoyulmalı və yalnız indi deyil, jurnalistlərimizin onların müvəqqəti nəzarəti altında olan ərazilərə istənilən vaxt getmələrinə şərait yaradılmalıdır.

Birmənalı olaraq bəllidir ki, Xankəndi başda olmaqla, o torpaqlar Azərbaycanındır. Belə olan halda Azərbaycanın media təmsilçilərinin ölkənin başqa ərazilərində olduğu kimi, o yerlərdə də sərbəst hərəkəti təmin edilməlidir.

Əlbəttə, risklər nəzərə alınmaqla, bu işi sülhməramlılarla koordinasiya etmək mümkündür. Necə olur ki, xarici ölkə vətəndaşları – Ermənistan əhalisi Qarabağın rusların nəzarətindəki hissəsinə rahat gəlib-gedə bilir, biz Azərbaycan vətəndaşları bunu edə bilmərik? Məntiq hardadır burada? Ona görə də aktuallığı artan bu məsələni İdarə Heyətinin üzvü olduğum Mətbuat Şurası vasitəsilə müzakirəyə təklif edirəm.

Digər tərəfdən, Azərbaycan jurnalistlərinin həmin ərazilərdən gündəlik reportajlar verməsi, oralarda olması həm də inteqrasiya prosesini sürətləndirə bilər. Bu amili də nəzərə almaq vacibdir”.

A.Zeynalov