İyunun 11-də Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyevin anadan olmasının 68-ci ili tamam olur.
İsrafil Şahverdiyev 11 iyun 1952-ci ildə Laçın rayonunun Unannovu kəndində anadan olub. 1959-1969-cu illərdə Unannovu kənd orta məktəbində təhsil alıb. 1971-1974-cü illərdə hərbi xidmətdə olub. 1975-ci ildə Laçın rayon Daxili İşlər Şöbəsində milis nəfəri kimi əmək fəaliyyətinə başlayıb.
İsrafil Şahverdiyev erməni təcavüzünün ilk günlərindən cəsur bir polis işçisi kimi Vətənin müdafiəsinə qalxıb.
Şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin ələ keçməsində onun böyük rolu olub. 1991-ci ildə Qala dərəsi kəndinin azad edilməsi üçün plan hazırlanıb. Gecədən səhərə qədər davam edən qanlı döyüşdə erməni işğalçıları ağır itkilər verərək geri çəkiliblər. İsrafil 1992-ci il 19 sentyabrdan 17 noyabra qədər Hoçaz qayası və Hoçaz kəndi uğrunda gedən qanlı döyüşlərdə iştirak edib və onlarla erməni silahlısını məhv edib.
O, Qarabağ müharibəsinin bir çox qanlı döyüşlərində iştirak etmiş və onlarla erməni silahlısını məhv edib.
6 yanvar 1994-cü ildə İsrafil Şahverdiyevin başçılıq etdiyi rota Füzuli rayonunun kəndlərini azad etmək üçün döyüşə girib. Bu əməliyyat nəticəsində Horadiz qəsəbəsi və 22 kənd azad edilib.
Yanvarın 13-də baş vermiş döyüşdə bir neçə istiqamətdən hücuma keçən rotada ölən və yaralananlar olduğundan döyüşçü dostlarını xilas edən İsrafil pulemyotun başına keçib və qarşı tərəfdən atılan güllə onun həyatına son qoyub.
Milli Qəhrəmanımız Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Hökumə Şahverdiyeva ilə ailəli idi. Onun üç övladı qalıb.