“Sülhməramlılar Laçın yoluna effektiv nəzarət edə bilmirlər. Rəsmi Bakının kifayət qədər narazılığı var”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri çərçivəsində müzakirə edilən məsələlərdən danışan politoloq Vüqar Əhmədov Yenicag.az-a açıqlamasında deyib.
O bildirib ki, istər Laçın yolundakı vəziyyət, istərsə də Qarabağda cərəyan edən proseslər artıq miqyas baxımından çox böyüyüb:
“Laçın yolunda başlanan etiraz aksiyası Qarabağda yaşayan ermənilərin qanunsuzluqlarının dünya səviyyəsinə – Münxen Təhlükəsizlik Konfransı və Beynəlxalq Ədalət Məhkəməsinə qədər çıxmasına səbəb oldu. Azərbaycanın prinsipial mövqeyi bütün dünyada nümayiş olundu. Ermənistanla Azərbaycan arasında normallaşma prosesi bir kənarda qaldı. Diqqətlər yenidən Azərbaycanın ayrılmaz hissəsi olan Xankəndidəki erməni qanunsuzluqlarına yönəldi. Qarabağdakı qondarma vəzifə təyinatları vəziyyəti daha kritik hala gətirdi.
Baş verən proseslər Azərbaycanın marağı çərçivəsindədir. Azərbaycanın möhlət verdiyi rus sülhməramlı kontingenti Qarabağda qayda qanun yarada bilmədi. Ərazilərimizə Ermənistandan qanunsuz hərbi sursatlar daşınır, aidiyyəti olmayan adamlar səfər edərək yeni vəzifə alır. Sülhməramlılar baş verənlərə, Laçın yoluna effektiv nəzarət edə bilmirlər. Rəsmi Bakının kifayət qədər narazılığı var. Bu kimi məsələlər Lavrovun Bakı səfərində, böyük ehtimalla, müzakirə olunub. Üçtərəfli sazişə əsasən, rus sülhməramlıları Qarabağda və Laçın yolunda qayda-qanun yaratmalıdırlar. Yox, əgər yarada bilmək iqtidarında deyilsə, yaxın zamanlar məsələni rəsmi Bakı özü həll edəcək”.
Nəsimi Ələsgərli