“Azərbaycanın mövcud uğurlarının əsası Heydər Əliyevin mükəmməl siyasəti ilə qoyulub” – AKP millət vəkili
“Böyük şəxsiyyət haqqında danışarkən, onun Türkiyə ilə münasibətləri tamamilə yeni səviyyəyə qaldırdığını qeyd etməliyik”.
Bu fikirləri Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin Anım günündə böyük siyasətçi haqda fikirlərini bölüşən Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim AK Partiyadan olan deputatı Şamil Ayrım Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Heydər Əliyevin adı müasir Azərbaycanın qurucusu və onu davamlı inkişaf yoluna çıxaran dövlət xadimi kimi tarixə əbədi yazılıb:
“Böyük millətlər tarixin mühüm dönəmlərində böyük şəxsiyyətlər yetişdirərək həlledici ərəfələrdə onu meydana çıxarırlar. Bu sırada xüsusi yer tutan Azərbaycan xalqının yetişdirdiyi dahi şəxsiyyətlər sırasında Heydər Əliyev xüsusi yer tutur.
Azərbaycanın Ümummilli Lideri dövlətin ağır dönəmində hakimiyyətə qayıdaraq ölkəni məhv olmaqdan xilas etdi. Məhz onun düşünülmüş usta siyasəti nəticəsində həm Qarabağ cəbhəsində, həm də iqtisadiyyatda sabitləşməyə nail olundu.
Bundan sonra bütün diqqətini dövlət quruculuğuna və ordunun formalaşdırılmasına yönəldən Heydər Əliyev böyük uğurlara imza atdı. Onun vaxtında imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın neft strategiyasının uğurla inkişaf etdirilməsi üçün çox möhkəm zəmin yaratdı.
O, fəaliyyəti dövründə ordunun gücləndirilməsinə ciddi önəm verirdi və bu istiqamətdə gərəkən addımları atırdı. Əminliklə deyə bilərik ki, Azərbaycan Ordusunun möhtəşəm zəfəri Heydər Əliyevin ordu ilə bağlı fəaliyyətinin illər sonrakı bəhrəsi idi.
Böyük şəxsiyyət haqqında danışarkən, onun Türkiyə ilə münasibətləri tamamilə yeni səviyyəyə qaldırdığını qeyd etməliyik. Onun irəli sürdüyü “Bir millət, iki dövlət” prinsipi mövcud münasibətlərimizin istinadına çevrilib. Çox sevindiricidir ki, Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasətini uğurla davam etdirərək Azərbaycanı yeni uğurlara aparır.
Anım günündə Heydər Əliyevi sonsuz sayğı ilə xatırlayır, ona Allahdan rəhmət diləyirik”.
Nəsimi Ələsgərli