!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın “mövsümi” siyasətçiləri: niyə gəlmişdilər, niyə getdilər?

!Reklam – Yazi

15592602_777625622385946_1838197356_nÖlkə siyasətinin müəyyən mərhələlərində meteorik effektlə “parlayıb-sönən” siyasətçilər öz ayaqları ilə tarixin arxivinə yönəliblər.

Azərbaycanın müstəqillik dönəmində cəmiyyətin fəal hissəsinin təşkilatlanma prosesində aktiv iştirakı ölkədə onlarla siyasi partiyanın yaradılması ilə nəticələndi. Təbii, partiyaların kəmiyyət və keyfiyyət göstəriciləri tərs mütənasib olsa da, hər halda mövcud siyasi spektrin bütün cinahlarında ən azı formal ideoloji təmsilçilik təmin edilib. Konkret siyasi proseslərin aktivliyinə gəldikdə, burada birmənalı fikir bildirmək çətindir. Çünki 25 il ərzində ölkədaxili siyasi mübarizədə kəskin qabarmaları onun ardınca qəbristanlıq sükutunu xatırladan susqunluq dəfələrlə əvəzləyib. 2013-cü il prezident seçkilərindən sonra isə ölkədə siyasi proses adına heç nə müşahidə olunmur. Ancaq bu, tamam başqa mövzudur.

Ötən əsrin 80-ci illərinin sonlarında vüsət alan milli-azadlıq hərəkatı Azərbaycanda o dövr üçün yeni və fərqli düşüncəli siyasətçi nəslinin yetişməsinə ciddi təkan verdi. Hərəkat dalğasında önə çıxan, dövrün mürəkkəb siyasi proseslərində yetişən həmin siyasətçi nəslinin bir qismi hətta 1992-ci ilin mayında hakimiyyətə gəlməyə də nail oldu. Doğrudur, onlar iqtidarda cəmi bir il duruş gətirsələr də, statuslarından asılı olmayaraq, ölkə siyasətində özlərinə yer etməyi bacardılar. Eyni zamanda, 1993-cü ildə baş vermiş hakimiyyət dəyişikliyindən sonra üzə çıxan, yüksək dövlət postlarına təyinat alan, lakin vəzifədən götürüldükdən sonra siyasi fəaliyyətə baş vuran keçmiş məmur təbəqəsinin məlum nümayəndələri də ortadadır. Bu barədə danışarkən, ad çəkməməyim səbəbsiz deyil. Onsuz da yerli siyasətin üzdə olan tanış simaları “sabit ağır vəziyyətə” düşmələrinə, fəaliyyətlərinin sosial şəbəkə və mətbuatla məhdudlaşmasına baxmayaraq, mövcudluqlarını, o cümlədən, aktuallıqlarını saxlamaqdadırlar.

Bununla belə, Azərbaycan cəmiyyətinin ölkə siyasətinə gəlib-getmiş təsadüfi, ancaq iddiaları dünyaya sığmayan odioz fiqurları görmək imkanı da olub. Onların sırasında bir nəfərin adı hələ də xüsusilə xatırlanır: rusiyalı ədliyyə generalı, Azərbaycan Naminə Hərəkat adlanan qurumun rəhbəri İlqar Qasımov. Azərbaycan ictimaiyyəti İ.Qasımov adı ilə ilk dəfə 2003-cü ilin prezident seçkilərindən sonra tanış oldu. Həmin seçkilərdən sonra yaşanmış qısamüddətli təlatümdən sonra yenidən “səngər”ə qayıtmağa məcbur olan müxalifətin susqunluğu fonunda rusiyalı generalın fəal təbliğatına start verildi. Fəaliyyətinin əvvəlində beynəlxalq diqqəti Qarabağ münaqişəsinin həllinə yönəltməyi əsas götürən İ.Qasımov tədricən, Azərbaycan siyasətində yer tutmaq istiqamətində hərəkətləndi. Əslində, onun bu niyyəti heç kəs üçün gözlənilməz deyildi. Aydın məsələdir, Qarabağ münaqişəsinin ədalətli həlli tələbi ilə baş qaldıran sabiq ədliyyə generalının siyasi iddiasının olmaması mümkün deyildi. O, özü bunu bir-neçə dəfə bəyan etsə də, bu fikirlər ciddi qarşılanmırdı. İ.Qasımovun meydana məhz Kremlin layihəsi kimi çıxarıldığı barədə məlumatlar isə onun personasına yönələn marağı daha da artırırdı. Bir qədər sonra İ.Qasımovun ölkəyə gələrək, “Azərbaycan yolu” Siyasi Hərəkatının timsalında geniş təşkilatlanma işlərini həyata keçirməsi onun siyasi iddiasızlığı haqda verdiyi bəyanatların sadəcə, blef olduğunu təsdiqlədi. Sabiq generalın Kreml layihəsi olduğunu düşünməyə əsas verən başqa bir məqam onun başlanğıcda təşkilatlanma işlərinə böyük pullar xərcləməsi idi. O dövrdə bir sıra tanınmış fiqurların İ.Qasımovun təşkilatına keçməsi və mediada sabiq generalın davamlı təbliğatının aparılması məhz dayanıqlı maliyyənin sayəsində mümkün olurdu. Çünki ölkədə “siyasi transfer”lərin reallaşmasında və pozitiv təbliğatın təşkilində maliyyənin oynadığı rol hər kəsə məlumdur. Hətta qurulmuş təbliğat sayəsində İ.Qasımovun adı artıq ölkənin baş naziri postuna real namizəd kimi hallandırılırdı.

Ancaq maraqlıdır ki, rusiyalı general parladığı sürətlə də qəflətən sönməyə başladı. Mətbuatda qurduğu təbliğat səngidi, ətrafına topladığı tanınmış fiqurlar bir-bir ondan uzaqlaşdı, öz adı isə məişət qalmaqallarının mövzusuna çevrildi. İ.Qasımov zaman-zaman yenidən aktuallığını bərpa etməyə cəhd göstərsə də, ilkin reputasiyasını – “vətənpərvər general” obrazını heç cür bərpa edə bilmir. Onun adı son olaraq ötən il Azərbaycanın keçmiş MTN şefi Nəriman İmranovla birgə “Avrasiya hərəkatı” yaratmaqla hallandı. Ancaq bu təşəbbüs də gerçəkləşmədən sıradan çıxdı. İ.Qasımovun təkrar gündəmə gəlmək üçün hansı ideyaları nəzərdən keçirdiyini isə bir özü bilir…

Lakin Azərbaycanın “sezon” siyasətçilərinın sırası İ.Qasımovla məhdudlaşmır. Onunla yanaşı, 1999-cu ildə “Azərbaycan XXI əsr” partiyasını yaradaraq, Frenk Elkaponi adı altında siyasətə “şimşək” kimi gələn Füzuli Məmmədovu da qeyd edə bilərik. Frenk də geniş təşkilati şəbəkə quraraq, özü üçün yaratdığı media dəstəyi ilə ictimai rəyə nüfuz etməyi bacarmışdı. Bununla belə, onun bir neçə ay davam etmiş yüksəlişi tam iflasla nəticələndi. Frenk Elkaponi adını yığışdıran F.Məmmədov indi biznes və mədəniyyətimizin təbliği ilə məşğuldur. Bacardığı və ya imkan verildiyi işlə…

P.S. Qeyd edək ki, İlqar Qasımovu tam da uğursuz saymaq olmaz. Belə ki, özü siyasətdə uğur qazanmasa da, komandasının bəzi üzvlərinin önünü açdı. Məsələn, Gəncədən deputat seçilən Naqif Həmzə. Gənc deputat böyük ictimai-siyasi fəaliyyətə Qasımovun dəstəyi ilə atıldı. Bir zamanlar Azərbaycan Naminə Hərəkatın Gənclər Təşkilatının sədri olaraq İstanbulda piket keçirən Naqif Həmzənin səsi indi parlamentdən gəlir. Hərçənd, bu məsələdə İlqar Qasımovun və ya Fərhad Əliyevin nə qədər rolu olması mübahisəlidir, fəqət bir yerlərə çatması üçün katalizator rolunu oynadıqları bir gerçəkdir.

Yeniçağ.Az-ın Analitik Qrupu

www.yenicag.az

802
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv