Son onilliklər ərzində planetimizdə baş verən təbii fəlakətlər, daşqınlar, torpaq sürüşmələri və digər kataklizmlərlə yanaşı, insanlardan qaynaqlanan emissiyanın səbəb olduğu istixana qazlarının hərəkətə gətirdiyi qlobal istiləşməni, həm də bunun nəticəsində hava modellərində özünü göstərən böyükölçülü dəyişikliklər beynəlxalq aləmi ciddi narahat edən və təcili həllini tələb edən aktual məsələlərdən biridir.
İqlim dəyişikliklərinin tarixi qədimdir, amma XX əsrin ortalarından etibarən başlayan iqlim dəyişikliklərinin əsas səbəbkarı insanlar hesab olunur. İnsanlaırn öz firəvan və rahat həyat şəraitini təmin etmək məqsədi ilə ətraf mühitə, ekologiyaya ciddi ziyan vurmaqdadır. Bu da nəticə etibarı ilə ekoloji tarazlığın pozulmasına və qlobal miqyasda dəyişikliklərə və havaların normadan artıq istiləşməsi ilə müşahidə olunmaqdadır.
Qlobal istiləşmənin ən əsas hərəkətverici qüvvəsi 90%-dən çoxu karbon qazı (CO2) və metandan ibarət olan istixana qazlarının emissiyası hesab olunur.
Bu emissiyaların əsas mənbəyi enerji istehlakı üçün təbii yanacaqların (kömür, neft və qaz) yandırılması olsa da, burada kənd təsərrüfatının, yaşıllıqların qırılması və sənayeləşmənin sürətlə inkişafı və bu zaman ətraf mühitə vurulan zərərin nəzərə alınmamasının da ciddi təsiri var. Baş verən prosesin qarşısı alınmaması isə getdikcə qlobal təhdidlərə yol açır.
Qlobal istiləşmənin və güclü sənaye inkişafının yaratdığı ekoloji fəlakətlərin qarşısını almaq üçün BMT səviyyəsində həyəcan təbili çalınır. BMT dünya ölkələrinin bu istiqamətdəki səyini əlaqələndirmək məqsədilə bir sıra sənədlər, o cümlədən də İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası qəbul edib. Həmçinin Konvensiyanın Kioto Protokolu təsdiqlənib. Kioto protokolu üzrə öhdəliklərin yerinə yetirilməsinin 2-ci dövrü üçün Doha əlavəsi qəbul olunub. Eyni zamanda, 22 aprel 2016-cı il tarixində Paris razılaşması imzalanıb. Razılaşmanın məqsədi (2-ci maddəyə görə) Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının “tətbiqini artırmaq”, xüsusən qlobal orta temperatur artımını 2 °C-dən “çox aşağıda” saxlamaq və məhdudlaşdırmaq üçün “səy göstərmək”dən ibarətdir. Razılığa gələn tərəflər CO2 emissiyalarının zirvəsinə “ən qısa müddətdə” çatmalı olduqlarını elan ediblər.
Azərbaycanda hər zaman ekoloji tarazlığın qorunması, qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə hər zaman aktiv rol oynayıb və bu istiqamətdə ardıcıl tədbirlər planı həyata keçirilməkdədir. Ekoloji məsələlər, iqlim dəyişikliyinə qarşı mübarizə Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürüdüyü siyasətin ana xəttini təşkil edir. Bu məqsədlə də onun respublikaya rəhbərlik etdiyi dövrdə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində bir sıra Dövlət Proqramları qəbul edilərək həyata keçirilib və bu iş bu gün də davam etməkdədir. Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə 2010-cu ili “Ekologiya ili”, 2024-cü il isə “Yaşıl dünya naminə hərəylik ili” elan edilib.
Son dövrlərdə bu istiqamətdə aparılan fəaliyyətlərdən biri Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dir. Həmin 5 əsas prioritetdən biri isə “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən olunub. Eləcə də qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 25 dekabr 2023-cü il tarixli Sərəncamla 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Elan olunmuş istiqamətdə uğurlu addımlar atılmaqdadır.
Azərbaycan qlobal iqlim dəyişikliyinə qarşı mübarizə məqsədi ilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub və Konvensiyanın Kioto Protokolunu 2000-ci ildə təsdiqləyib. Doha əlavəsi 14 aprel 2015-ci ildə Milli Məclis tərəfindən ratifikasiya edilib və ölkə Prezidenti tərəfindən təsdiqlənib. Paris Sazişi isə 2016-cı il oktyabrın 28-də Milli Məclis tərəfindən ratifikasiya olunub.
Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Qlobal iqlim dəyişikliyi ilə bağlı yaranan çağırışlar ənənəvi enerji istehsalı və istehlakından bərpa olunan enerjiyə transformasiyanın aktuallığını artırıb. Beynəlxalq Enerji Agentliyi hesab edir ki, təmiz enerji texnologiyaları 2030-cu ilə qədər dünya enerji sistemində indikindən daha böyük rol oynayacaq.
Qlobal iqlim dəyişikliyi ilə bağlı yaranan çağırışlar ənənəvi enerji istehsalı və istehlakından bərpaolunan enerjiyə transformasiyanın aktuallığını artırıb. Beynəlxalq Enerji Agentliyi hesab edir ki, təmiz enerji texnologiyaları 2030-cu ilə qədər dünya enerji sistemində indikindən daha böyük rol oynayacaq.
“Yaşıl enerji”yə transformasiya Azərbaycanın da gündəliyində dayanan vacib məsələlər sırasındadır. Karbohidrogen resursları ilə zəngin olan respublikamız da elektrik enerjisi istehsalında yaşıl enerjinin xüsusi çəkisinin artırılmasını hədəfləyib. Azərbaycan artıq bu istiqamətdə konkret addımlar ataraq genişmiqyaslı layihələrə həyata keçirməkdədir. Azərbaycan neft-qaz sahəsində olduğu kimi, “yaşıl enerji” mənbələri baxımından geniş imkanlara malikdir. Ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki baxımdan istifadəsi mümkün olan bərpaolunan enerji mənbələrinin potensialı 27000 MVt, o cümlədən külək enerjisi üzrə 3000 MVt, Günəş enerjisi üzrə 23000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.
Son illərdə respublikamızda bu istiqamətdə görülən məqsədyönlü işlər nəticəsində külək enerjisi istehsalı 131 dəfə, Günəş enerjisi istehsalı isə 55 dəfə artıb. Külək və Günəş enerjisi istehsalının növbəti illərdə artan templə davam edəcəyi gözlənilir. Ölkəmiz növbəti illərdə bərpa olunan enerjinin ümumi istehlakda payını artırmaq niyyətindədir. Bu sahədə 2030-cu ilədək qarşıya qoyulan hədəf bərpa olunan enerjinin ümumi istehlakda payının 30 faizdən çox artırılmasına nail olmaqdan ibarətdir.
Prezident İlham Əliyev 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında imzaladığı Sərəncama əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.
İmzalanan sənədə əsasən, Azərbaycan həm də yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına ixracı da Azərbaycanın enerji siyasətinin əsasını təşkil edir. Artıq bu istiqamətdə də uğurlu addımlar atılmaqdadır. Azərbaycan gələcəkdə “yaşıl enerji” ixracatçısı ölkəsinə çevrilməklə Avropanın təkcə enerji təhlükəsizliyində daha etibarlı rola oynamayaq, həm də qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə öz aktiv fəaliyyəti ilə töhfəsini vermiş olacaq.
Noyabrda Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasına ev sahibliyi etməsi də “yaşıl dünya naminə” istiqamətində yürüdülən siyasətin bariz nümunəsidir.
COP tədbirlərinin məqsədi, Paris sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaqdır.
2023-cü il, dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə Prezident çıxış edərək deyib:
“Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”.
Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi ölkəyə yerli, regional və beynəlxalq miqyasda çox böyük dividentlər qazandıracaq.
Azərbaycan COP29-a ev sahibliyi etməklə həm iqlim böhranına töhfə verəcək, həm də yaranmış fürsətdən faydalanaraq Azərbaycanda “yaşıl iqtisadiyyat”a və “yaşıl enerji” transformasiyanı təmin edəcək. Bu da nəticə etibarı ilə Azərbaycanın daha gülü, qüdrətli, insanlaırnın rifah ahlında yaşayan dövlətə çevrilməsinə xidmət edəcək.
Media da bu sahədə aktiv fəaliyyət göstərib geniş maarifləndirmə işlərini həyata keçirilməklə dünyamızı narahat edən və gələcəyimiz üçün təhdid yaradan məsələnin həllində öz töhfəsini verməlidir.
Nəsimi Ələsgərli