!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycanın müəyyən təzyiq elementlərini işə salacağını istisna etmək olmaz" - Keçmiş dövlət müşaviri

!Reklam – Yazi

“Ermənistanda Rusiya bazalarının olmasına və yenilərinin tikilməsinə görə Qərb ölkələri, əsas da ABŞ tərəfindən erməni tərəfinə ciddi təzyiqlər var”.

Bu sözləri Qarabağ ətrafında baş verən proseslər haqqında danışan sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.Qabil Hüseynli bildirib ki, problemin danışıqlar yolu ilə həlli hələ tükənməyib:

“Bəzən özüm də təəccüblənirəm. Çünki söylənilənlərin bir çoxu ajiotaj xarakterlidir və heç bir fakta əsaslanmır. Bunlar ya Ermənistan tərəfinin yaydığı saxta informasiyalar əsasında formalaşır, ya da bizim cəmiyyətimizdə də dəqiq informasiya mənbələrinə söykənmədən fikirlər gündəmə gətirilir.

Qarabağda vəziyyət həmişə gərgin olub. İndi isə vəziyyətin müharibə həddinə gəlib çıxması barədə fikirlər söylənilir. Qarşıdurmanı yaradan əsas cəhət Qarabağın dağlıq hissəsində erməni silahlılarının olmasıdır. Azərbaycanın təzyiqindən sonra Ermənistan Silahlı Qüvvələrinin ərazidən çıxarılması prosesinin başladığını deyirlər. Bunun videogörüntülərini də paylaşdılar. Ermənistan həmin silahlıların sentyabra qədər çıxarılması üçün vaxt istəyib. Yəqin ki, sentyabra qədər gözləyəcəyik. Əgər o qüvvələr deyilən vaxta qədər çıxarılmasa, Azərbaycanın müəyyən təzyiq elementlərini işə salacağını istisna etmək olmaz. Bu o demək deyil ki, bölgədə yenidən müharibə başlayır, yenidən qan töküləcək. Zənnimcə, məsələlərə soyuqqanlı baxmaq lazımdır. Müharibə təhlükəsi var, ancaq bunun dərhal baş verməsi haqqında fikir söyləmək çətindir. Azərbaycanın təzyiqvari bəyanatlarından sonra erməni tərəfindən yumşaq fikirlər səslənməyə başladı. Ermənistan Təhlükəsizlik Şurasının sədri Qriqoryan bildirdi ki, Azərbaycanın irəli sürdüyü 5 şərt əsasında danışıqlara hazırdılar. O qeyd etdi ki, onlar üçün yeni ərazi əsas deyil. Onları düşündürən ermənilərin təhlükəsizliyi məsələsidir. O hətta dedi ki, Qarabağ erməniləri Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmasına əngəl ola bilməz.

Ukrayna cəbhəsində məğlubiyyətə uğramaqda olan Rusiya artıq cazibə mənbəyi deyil. Ermənistan da bunun fərqindədir. Erməni tərəfi artıq bu istiqamətdə addımlar atmağa başlayıb.

Ermənistan həm Azərbaycanla qeyri-müəyyənlikləri aradan qaldırmalı, bölgədə əmin-amanlığın yaranmasına can atmalıdır. Beləliklə, biz Ermənistana qarşı Rusiyanın tutduğu “vaxtı uzadın” mövqeyindən fərqli olaraq, Ermənistana təzyiq göstərən Qərb mövqeyinin üstün gəldiyini görməkdəyik.

Müharibənin başlamasını demək çətindir. Çünki proseslərin sülh yolu ilə həll olunması imkanları tam tükənməyib. Xalqımız əmin olmalıdır ki, ordu daim ayaqdadır və ona veriləcək tapşırığı uğurla həyata keçirəcək”.

Səxavət Məmməd

www.yenicag.az

592
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv