Multikulturalizm siyasəti uğurlu aparılmadan ölkənin istənilən sahədə inkişafı qeyri-mümkün məsələyə çevrilir.
Multikulturalizmdən imtina etmək heç bir ölkə üçün yaxşı gələcək vəd etmir. Çünki bu, yalnız və yalnız, fobiyaya, millətlərarası qarşıdurmaya, milli və dini zəmində münaqişələrə əsas yaradır. Azərbaycan multikulturalizm sahəsində sözün əsl mənasında dünyanın sayılıb seçilən ölkələrində biridir.
Bəzən isə dinin yanlış təbliği və Qurani-Kərimin yanlış oxunması vətəndaşlar arasında haqlı narazılıq yaradır. Elə son günlərdə sosial şəbəkələrdə yayılan görüntülərdə qəbirstanlıqda mollanın Quranı səhv oxuması da geniş müzakirə mövzusuna çevrilib.
Mövzu ilə bağlı Yenicag.az-a fikirlərini açıqlayan araşdırmaçı jurnalist Rəsul Mirhəşimli deyib ki, Azərbaycanda yas ənənələri ilə bağlı problem təkcə qəbirstanlıqlarda hansısa mollanın Qurani-Kərimi yanlış oxuması deyil:
“Bu məsələdə ən böyük problem yas mərasimlərində yol verilən israfçılıq hallarıdır.
Qeyd edim ki, bizim ölkəmizdə olan yas mərasimləri ənənəsi heç bir müsəlman ölkəsində yoxdur. Bizim yas mərasimlərimiz israfçılığın miqyasının geniş olması ilə seçilir. Yas mərasimləri zamanı ehsan adına qurulan məclislər bu mərasimlərin əndazəsini aşıb, banket ənənələrinə çevrilib. Bundan başqa, ən böyük problemlərdən biri də qəbirüstü abidələrin İslam ehkamları çərçivəsini aşmasıdır. Azərbaycanda qəbistanlıqlar bütpərəstlik elementlərini özündə əks etdirən məkanlara çevrilib. Bu problem də insanlar arasında artıq dəbdəbəli məzar daşlarının qoyulması yarışına dönüb”.
Jurnalist qeyd edib ki, qəbirstanlıqlarda mollaların qiraətlərinə nəzarət edilməlidir: “Məscidlər və başqa ibadət yerlərində din xadimlərinə nəzarət funksiyası Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Bu din xadimləri müntəzəm qaydada attestasiyadan keçirilir, bundan sonra dini ayinlərin yerinə yetirilməsi üçün həmin insanlara icazə verilir.
Təəssüf ki, qəbirstanlıqlarda bu məsələ diqqətdən kənarda qalıb. Bu da savadsız insanların dini anlayışı olmayan adamları qeyri-müəyyən qiraət qaydaları ilə yola verməsi ilə nəticələnir”.
R.Mirhəşimli bildirib ki, qəbirstanlıqlarda əzizlərini ziyarət edənlər bu ayinləri özləri də yerinə yetirə bilər. “Bunun üçün Qurani-Kərimdən bütöv bir surənin oxunmasına da ehtiyac yoxdur. Mərhumun yaxınları dünyasını dəyişmiş əzizlərinin ruhunu dualarla yad edə, axirətinin xeyirli olmasını Allahdan diləyə bilər.
Əgər bu insanlar dünyadan köçmüş əzizlərinin ruhunu şad etmək istəyirlərsə, imkansız adamlara yardım edib, bu işin savabının mərhum əzizlərinin ruhuna hədiyyə edə bilər. Bununla yoxsul olan insanların duasını alıb, onları sevindirər, özləri də mənəvi baxımdan rahatlıq tapmış olarlar”.
O qeyd edib ki, qəbirstanlıqlarda təşkil edilən ayinlər “qara bayram”lar adı ilə dinimizin ehkamına zidd əməlləri ortaya qoyur, özündə ibtidai dinlərin inanclarını əks etdirir, məzar yerləri xonçalarla bəzədilir. “Bu da İslam dininin ehkamlarından uzaqlaşmağı özündə ehtiva edir. Bir sözlə, bəzi insanlar görünüşdə müsəlman, əməldə isə başqa dinlərin mənsublarına bənzəyir. Bu insanları da Qurandan və dinin hikmətlərindən anlayışı olmayan, yaxud dini çox zəif bilən mollalar aldatmış olur”.
Jurnalist vurğulayıb ki, müvafiq qurumlar qəbirstanlıqlarda mollalıq edən adamların hansısa qaydalar çərçivəsində fəaliyyət göstərməsi üçün qərarlar verməli, bu işlərə yaxından nəzarət etməlidir”.
Mövzu ilə bağlı Yenicag.az-a fikirlərini səsləndirən sosioloq Üzeyir Şəfiyev qeyd edib ki, Azərbaycan nəinki indi, elə tarixən də multikultural dövlət olub:
“Prezident İlham Əliyev “Azərbaycanda multikulturalizm həyat tərzidir”, ifadəsini heç də təsadüfən işlətməyib. Ölkəmizdə fərqli millətlərin sülh və əmin-amanlıq içində yaşaması sosiomədəni mühitin formalaşmasına zəmin yaradıb. Hətta orta çağda yaşayan Nizami Gəncəvinin əsərlərindən belə Azərbaycanda müxtəlif millətlərdən olan vətəndaşların necə yaşadığını görmək mümkündür:
“Bizdə bərabərdir hamının varı,
Bərabər bölərik bütün malları.
Bizdə artıq deyil heç kəsdən heç kəs,
Bizdə ağlayana heç kimsə gülməz…”
Bu sözlər tarixdən günümüzə qədər ölkəmizdə fərq qoyulmadan hər bir millətin nümayəndəsinin, hər kəsin bərabər, eyni hüquqlu yaşadığını sübut edən faktlardan biridir. Yaranan multikultural mühit isə bərabərində yalnız Azərbaycana müsbət tendensiyalar qazandırıb. Ölkəmiz sözün əsl mənasında istər regionda, istərsə də qlobal miqyasda hər zaman fərqlənməyi bacarır. Hətta Vətən müharibəsində Azərbaycanda yaşayan müxtəlif millətlərin vətənini necə sevdiyini, dəmir yumruq olub birləşərək, torpaqları necə azad etdiyinin hər kəs şahidi oldu.
Bəzən isə həm qonşu, həm də digər imperial maraqları olan qüvvələrin çoxmillətlilikdən istifadə edib, ölkəmizə qarşı təzyiqlər formalaşdırmağa çalışdığı görülüb. Onları qarşı-qarşıya qoymaqla dəfələrlə Azərbaycanı parçalamağa cəhd ediblər. Lakin heç vaxt bu istəklərinə nail ola bilməyiblər, olmayacaqlar da. Çünki Azərbaycanda etnik ayrı-seçkiliyin heç bir obyektiv əsası yoxdur.
Uzaqgörən siyasəti ilə dünyada seçilən Ümumilli Lider Heydər Əliyev impealist maraqları olan qüvvələrin Azərbaycanda yaşayan müxtəlif millətlərin nümayəndələrindən istifadə edərək ölkəni parçalamaq cəhdlərinin edilə biləcəyini bilirdi. Bu səbəbdən ölkəmizdə yaşayan hər bir vətəndaşı həmrəy edən, onları birlik halına gətirən əsas ünsürlərdən biri Azərbaycançılıq ideyasıdır ki, bunun da banisi məhz Ulu Öndərdir.
Bir də Beynəlxaq Ədalət Məhkəməsində milli-etnik zəmində Azərbaycana qarşı iddialar qaldıran Ermənistandakı bədbəxt vəziyyətə baxaq. Ölkə daxilində barmaqla sayıla biləcək qədər belə türk ailəsinə rast gəlmək mümkün deyil. Nəinki türk, heç müsəlman da yoxdur burada. Yetişən gənclik azərbaycanlılara nifrətlə böyüdülür. Artıq bu, onların genetikasına hopub.
Azərbaycan hər zaman milli-etnik müxtəlifliyi qoruyub saxlamağa çalışıb, buna xüsusi dəyər kimi yanaşıb. Multikulturalizm ilinin elan olunması bunun bariz nümunələrindən biridir. Dünyanın bir çox yerində diskriminasiyanın pik həddini hər kəs görür. Ölkəmiz multikulturallığı ilə daim müsbət nəticələr əldə etməklə dünyanın örnək dövlətlərindən biridir”.
Nəsimi Ələsgərli
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusunda hazırlanmışdır.