Azərbaycanın növbəti siyasi UĞURU: “Başqa seçim yox idi…”

“Ermənilər də, onların havadarları da, Ermənistan hökuməti də birdəfəlik anlamalıdır ki, Azərbaycan ərazisində onun qanunlarından kənar yaşamaq mümkün deyil”.

Bunu humanitar yardımın Ağdam yox, Laçın yolundan Qarabağ keçirilməsi üçün israr edən Ermənistanın, qərarını dəyişərək Azərbaycanın təklifini qəbul etməsinin Azərbaycan üçün növbəti siyasi uğur olmasından danışan “Cümhuriyət” qəzeti və Cebhe.info Xəbər Portalının rəhbəri, politoloq Rəfail Becanov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, separatçıların seçə biləcəyi başqa varinat mümkün deyildi:

“Azərbaycanın atdığı addımdan geri çəkilməsi gözlənilmirdi. Ermənistan tərəfi də bunu yaxşı bilirdi. Fransanın təkidiylə guya Azərbaycan “humanitar böhran” yaradır hay-küyü ilə məsələni BMT-nin Təhlükəsizlik Şurasına qədər daşıdı. Amma istəklərinə nail olmadılar. Azərbaycan BMT TŞ-da növbəti diplomatik qələbəsini qazandı və Ermənistanla bərabər Fransa da, İran da birdəfəlik məyus oldu.
Separatçıların bu razılaşmasının arxasında duran əsas amillərdən biri budur. Yəni başqa bir çıxış yolu qalmayıb. Bu məsələdə sadə ermənilərin hər hansı etirazının olacağı gözlənilən deyil. Çünki sadə ermənilər orada Arayikin və sülhməramlıların girovuna çevrilib. Arayikin quldur dəstəsindən qorxmasalar, Azərbaycana inteqrasiya etmək üçün mitinq keçirər, Vardanyanı, Arutyunyanı Xankəndidən qovarlar. Amma qorxurlar. Çünki Qarabağda hələ də qanunsuz və cinayətkar hərbi dəstələr qalmaqdadır.

Ermənistanın məğlub olmasına baxmayaraq hələ də ikili oyun oynadığını unutmamalıyıq. Sözdə sülh, əməldə isə münaqişənin dərinləşməsini istəyir. Ona görə də konkret olaraq sülh müqaviləsini gecikdirir. Sülh müqaviləsi imzalanarsa, Laçın yolu, humanitar yük, sülhməramlı və s. kimi ibarələr gündəmdən çıxacaq. Qarabağ ərazisində məskunlaşan ermənilərin Azərbaycan vətəndaşı kimi təminatları olacaq. Ölkədən çıxmaq və ya qayıtmaq üçün tətbiq olunan qaydalarla istədikləri yerə gedib-gələcəklər. Sülh müqaviləsini Ermənistan və havadarları uzatmaqla, qeyri-müəyyən bir zamana daşımaqla manipulyasiyalara şərait yaradırlar.

Ermənilər də, onların havadarları da, Ermənistan hökuməti də birdəfəlik anlamalıdır ki, Azərbaycan ərazisində onun qanunlarından kənar yaşamaq mümkün deyil. İndi nə ötən əsrin 90-cı illəridir, nə də 2020-ci ilin avqustuna qədərki dövrdür. 2020-ci ilin sentyabrın 27-dən sonra vəziyyət dəyişib. Azərbaycan sərhədlərinə və ərazilərinə nəzarəti bərpa edib.
Humanitar yüklərin daşınması ilə bağlı separatçıların və havadarlarının öz istəklərinə nail ola bilməməsi isə bir daha göstərdi ki, Azərbaycanla hesablaşmaqdan başqa yolları yoxdur. Bu, bir daha Ermənistana da, onun havadarlarına öz yerlərini göstərməkdir”.

Nəsimi Ələsgərli