Azərbaycanın növbəti UĞURU: “Bu tədbir dövlətimizin beynəlxalq nüfuzunu artıracaq”

 

“Son dörd ilin reallıqlarına diqqət yetirsək, bu mühüm məqamı da böyük qürur hissi ilə qeyd edə bilərik ki, artıq nəinki paytaxt Bakımız, eyni zamanda, işğaldan azad edilmiş ərazilərimiz də beynəlxalq əhəmiyyət kəsb edən tədbirlər üçün ideal məkan kimi qəbul edilir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında COP29 tədbirinin Azərbaycanın beynəlxalq nüfuzuna təsiri və ölkəmizə qazandıracağı perspektivlər barədə danışan Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq aləmdə iqtisadi, siyasi, humanitar və diplomatik mərkəz kimi tanınır və nüfuz qazanır:

“Dövlətimizin uğurlu siyasəti nəticəsində həm ölkəmizdə sabitliyin, əmin-amanlığın mövcudluğu, həm də bütün sahələrdə uğurlu inkişafın, təkmil təcrübənin əldə edilməsi Azərbaycanın istənilən beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyinə geniş imkanlar açır. Artıq ötən ilin sonlarında 200-ə yaxın dövlətin dəstəyi ilə ən böyük beynəlxalq tədbirin – COP29-un Azərbaycanda keçirilməsi barədə qəbul olunan qərar da ölkəmizin nüfuzunun, Prezident İlham Əliyevə etimadın və inamın göstəricisidir. Son dörd ilin reallıqlarına diqqət yetirsək, bu mühüm məqamı da böyük qürur hissi ilə qeyd edə bilərik ki, artıq nəinki paytaxt Bakımız, eyni zamanda, işğaldan azad edilmiş ərazilərimiz də beynəlxalq əhəmiyyət kəsb edən tədbirlər üçün ideal məkan kimi qəbul edilir. Nəzərə alaq ki, hazırkı dövrün əsas çağırışı bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması, yaşıl enerjiyə keçiddir ki, bu sahədə Azərbaycanın malik olduğu potensial beynəlxalq səviyyədə təqdir edilir. Ölkəmizin COP29-a ev sahibliyini şərtləndirən mühüm amillərdən biri də məhz budur”, – deyə o əlavə edib.

V.Rəhimzadə vurğulayıb ki, Azərbaycan iqlim dəyişmələrinin yaratdığı problemlərə qarşı mübarizədə beynəlxalq həmrəyliyə böyük töhfələr verən ölkə kimi nüfuz qazanıb.

“COP29-a ev sahibliyi dövlətimizin bu sahədə beynəlxalq liderliyini möhkəmləndirəcək, nüfuzunu daha da artıracaq. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də bütün bu məqamlara aydınlıq gətirir. Həmin Sərəncamda da qeyd edilir ki, yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir”, – deyə o bildirib.

Deputat qeyd edib ki, hər bir beynəlxalq əhəmiyyətli tədbir əhatə etdiyi mövzu ilə yanaşı, keçirildiyi məkan baxımından daim xüsusi diqqətdə olur.

“Günümüzün reallığı budur ki, tarixi zəfəri qazanıb və suverenliyini tam bərpa etməsi ilə yeni reallıqlar yaradan Azərbaycan həmişə olduğu kimi, hazırda da yeni əməkdaşlıq formatlarının müəllifidir, ölkələr, xalqlar arasında körpü rolu ilə diqqətdədir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, dostlarımızın bütün qitələrdə sayı artır.

İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparırıq. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz daha da inkişaf edir və edəcək. Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 ölkəmizin mövcud imkanlarının təqdimatında öz sözünü deyəcək. Bir daha sübut olunacaq ki, Azərbaycan hər bir sahədə zəngin təcrübəyə malik olub beynəlxalq əhəmiyyətli tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməklə yanaşı, qlobal problemlərin həllinə böyük töhfələr verir. Ölkəmizin irəli sürdüyü hər bir təşəbbüs, qəbul etdiyi qərarlar, hər bir məsələ ilə bağlı mövqeyi beynəlxalq səviyyədə böyük önəm daşıyır.

COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək. İki həftə ərzində Bakı dünyanın ekoloji mərkəzinə çevriləcək. COP29-un yüksək səviyyədə keçiriləcəyi nəinki ölkəmizdə, beynəlxalq aləmdə təsdiqlənir. Buna əsas verən Azərbaycanın bu günədək ev sahibliyi etdiyi tədbirlərin yüksək təşkili ilə dünyada nüfuz qazanmasıdır. Tədbir Azərbaycan üçün yeni əməkdaşlıq əlaqələri vəd edir. COP29 kimi dünyanın ən aktual bəşəri problemlərinin müzakirə olunduğu konfransın Azərbaycanda keçirilməsi ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli tərəfdaş mövqeyini təsdiqləyir və BMT ilə münasibətlərimizdə yeni səhifə açacaq. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, COP29 ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq”, – deyə o, fikirlərini tamamlayıb.

İsmayıl Bakuvi

COP29