Azərbaycanın Qətərdəki səfirliyində Heydər Əliyevlə bağlı tədbir keçirildi

Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə tədbir keçirilib.

Səfirliyin əməkdaşları və Qətərdə yaşayan Azərbaycan icmasının nümayəndələrinin iştirak etdiyi tədbirdə səfir Rəşad İsmayılov çıxış edərək, ümummilli lider Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti və dövlətimizin inkişafı naminə göstərdiyi əvəzsiz xidmətləri barədə ətraflı məlumat verib.

Azərbaycanın yeni tarixinin 30 ildən çoxunun, ölkənin siyasi, iqtisadi və mədəni həyatının yenidən dirçəlişinin Heydər Əliyevin adı ilə bağlı olduğunu, onun yeritdiyi uzaqgörən daxili və xarici siyasət nəticəsində Azərbaycanın bu gün Şərq və Qərb arasında etibarlı tərəfdaşa çevrildiyini qeyd edən səfir Heydər Əliyevin beynəlxalq arenadakı inamlı addımları sayəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq ictimaiyyətin mövqeyinin dəyişdiyini və bütün beynəlxalq hüquqi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı məsələsinin öz əksini tapdığını vurğulayıb.
Azərbaycanın ümummilli liderinin layiqli davamçısı olan İlham Əliyevin Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirdiyini bildirən səfir, Heydər Əliyevin bütün azərbaycanlıların yaddaşında və ürəyində yaşadığını, Azərbaycan var olduqca Heydər Əliyevin də yaşayacağını qeyd edib.

Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyinin təşəbbüsü ilə Qətərin nüfuzlu ingilis dilli “The Peninsula” qəzetində də ulu öndər Heydər Əliyevə həsr olunmuş geniş məqalə dərc edilib.
Məqalədə, Azərbaycan xalqının 10 may tarixində Müasir Azərbaycan Dövlətinin memarı, ümummilli lideri Heydər Əliyevin 95-ci ildönümünün qeyd edildiyi bildirilərək, onun ömrünü bütünlüklə öz ölkəsinin və xalqının inkişafına və firavanlığına həsr etmiş böyük tarixi lider olduğu qeyd olunub. Yazıda Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə geniş yer verilib. Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi çətinliklərə toxunularaq, Heydər Əliyevin ölkəsinin müstəqilliyinin qorunması istiqamətində gördüyü işlərdən danışılıb.

Müasir Azərbaycanın yeni tarixinin 30 ildən çoxunun, ölkənin siyasi, iqtisadi və mədəni həyatının inkişafının və yenidən dirçəlişinin Heydər Əliyevin adı ilə bağlı olduğu, onun uzaqgörən daxili və xarici siyasəti nəticəsində Azərbaycanın dünyada etibarlı tərəfdaşa çevrildiyi qeyd edilib.

Azərbaycanın bugünkü uğurlu inkişafında Heydər Əliyev şəxsiyyətinin əvəzsiz faktor olduğu vurğulanıb. Yazıda Azərbaycanın ümummilli liderinin layiqli davamçısı olan İlham Əliyevin Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirdiyi qeyd edilib. Azərbaycan xalqının Heydər Əliyevin xidmətlərini heç vaxt unutmayacağı nəzərə çatdırılıb.

COP29