Azərbaycanın qışda donan turizmi…

Azərbaycanda son illər turizm sektorunda müəyyən canlanma müşahidə edilsə də, bu prosesin daha çox mövsümü xarakter daşıdığı bildirilir.

Yenicag.az xəbər verir ki, qış turizm mövsümünün yaxınlaşdığı ərəfədə yerli vətəndaşların və xarici turistlərin istirahət üçün Azərbaycanı seçmək ehtimalı indidən maraq doğurur.

Yay-payız aylarında Azərbaycanda yerli və xarici turist fəallığını nəzərə aldıqda, bu prosesin qışda hansı miqyasda olması məsələsi aktuallaşmaqdadır. Doğrudur, Azərbaycanda qış turizminin inkişaf etdirilməsi çərçivəsində müəyyən infrastruktur yaradılıb. Ancaq görülmüş işlərin yetərli olub-olmadığı müzakirə mövzusu olaraq qalmaqdadır.

Məsələni Yenicag.az-a şərh edən Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli bildirb ki, Azərbaycanda qış turizminin real inkişafına nail olmaq üçün fərdi turizm sahəsinə daha çox üstünlük verilməlidir:

“Azərbaycanda ümumiyyətlə, turizm sektoru ancaq son illər inkişaf etməyə başlayıb. Ona görə də, turizm sektorunu qismən yeni sahə hesab etmək olar.

Bu baxımdan, ölkəmiz üçün daha əlverişli olan yay turizmi belə hələ ki o qədər də ciddi inkişaf mərhələsinə qədəm qoya bilməyib. Bununla belə, son zamanlar qış turizminin inkişafı istiqamətində bəzi addımlar atılmaq üzrədir.

Dediyimizə misal olaraq, “Şahdağ” Turizm Mərkəzini göstərmək olar. Amma qış turizmi ölkəmiz üçün nisbətən yeni sahə olduğundan, burada inkişaf səviyyəsi hələ arzulanan həddə deyil.

Qış turizminin inkişafına nail olmaq üçün bu sahədə ciddi rəqabət mühitinin formalaşması vacibdir. Odur ki, həm azad fəaliyyət təmin edilməli, həm də bu istiqamətə vəsait yatırmaq istəyənlər üçün əngəllər aradan götürülməlidir.

Fərdi turizmə daha çox üstünlük verməliyik. Çünki onların perspektivi var. Bunun üçün normal şərait yaradılmalı, sahibkarlara fəaliyyət azadlığı verilməli, iş qurmaq imkanları genişləndirilməlidir”.

ELÇİN

COP29