!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın qlobal bəlaya qarşı “xilas paketi” - TƏHLİL

!Reklam – Yazi

İpotekadan təhsil haqqına, işıq pulundan bank borcuna qədər müxtəlif sahələrdə əhaliyə və biznesə genişmiqyaslı dövlət dəstəyi proqramı gəlir.

Azərbaycan dövləti karantin dövründə ölkə əhalisi və iqtisadiyyata dəstək planı hazırlayıb.

Xatırladaq ki, bir qədər əvvəl Prezident İlham Əliyev “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək, dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncam imzalayıb.

İqtisadiyyat Nazirliyi bu sənədə əsasən, iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən, sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlar hazırlayıb.

Sənəd bir gün əvvəl ölkə prezidentinə təqdim olunub. İqtisadiyyat Nazirliyi bu proqramların əsas istiqamətləri, əhatə dairəsi, iqtisadi artıma və sahibkarlığa əsas dəstək alətlərini özündə ehtiva edən baza sənədi ictimaiyyətə açıqlayıb.

Əvvəlcə onu qeyd edək ki, bu günə qədər bir sıra dövlətlər, o cümlədən, ABŞ, Fransa, Almaniya, Türkiyə karantin dövründə iqtisadiyyata dəyən zərəri azaltmaq, eləcə də, əhaliyə maddi dəstək göstərilməsini nəzərdə tutan “xilas paketləri” hazırlayıb.

Azərbaycanda da karantin rejiminin elan olunması və bir çox iş yerlərinin fəaliyyətini dayandırmasından sonra sahibkarlara və sadə vətəndaşlara dəstək göstərilməsi məsələsi gündəmə gəlib.

Prezident İlham Əliyev bu məqsədlə bir milyard manat vəsait ayırıb. Həmçinin, maliyyə yardımı kampaniyası başladılıb və nəhayət, ölkə başçısı yuxarıda qeyd olunan sərəncamı imzalayıb.

İqtisadiyyat Nazirliyinin hazırladığı sənəd genişmiqyaslıdır və ölkədə karantin dövründə daha çox zərərə uğrayacaq bütün iqtisadi subyektlərə, eləcə də, əhaliyə maddi yardımı nəzərdə tutur.

Sənədə bunlar daxildir:

1. Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan 304 min muzdlu işçinin əməkhaqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı (iş yerlərinin azaldılmaması məqsədilə);

2. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 292 min fərdi (mikro) sahibkara maliyyə dəstəyi proqramı (iş yerlərinin qorunması məqsədilə);

3. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları və tətilləri proqramı;

4. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni verilən bank kreditləri üzrə kredit-zəmanət dəstəyi proqramı (0,5 milyard manat);

5. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit-zəmanət dəstəyi proqramı (1,0 milyard manat);

6. Əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket;

7. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı;

8. İpoteka və kredit-zəmanət mexanizminə maliyyə dəstəyi proqramı;

9. Əhalinin elektrik enerjisinin istehlakı üzrə kommunal ödənişlərinə dəstək proqramı;

10. Həyati vacib sərnişindaşıma fəaliyyəti sahələrinə dəstək proqramı.

Proqrama əsasən, pandemiyadan ümumi olaraq zərər çəkmiş 20 fəaliyyət sahəsində 304 min muzdlu işçinin əməkhaqlarının ödənilməsi üçün maliyyə dəstəyi (iş yerlərinin azaldılmaması məqsədilə) nəzərdə tutulur.

Bunların 78,8 min nəfəri sənaye, 106,4 min nəfəri ticarət, 87 min nəfəri xidmət, 7 min nəfəri nəqliyyat, 24,6 min nəfəri isə digər sahələrdə çalışanlardır.

Həmçinin, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 292 min fərdi (mikro) sahibkara iş yerlərinin qorunması məqsədilə maliyyə dəstəyi nəzərdə tutulur.

Qeyd edək ki, hazırda ölkədə 248,5 min (53,7 faiz) fərdi sahibkar, 43,9 min (3,3 faiz) isə mikro sahibkarlıq subyekti mövcuddur.

Bundan başqa, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları və tətil güzəştləri nəzərdə tutulub.

Bu güzəştlərə aid edilir:

– Mikrosahibkarlıq subyektlərinə müvafiq müddətdə sadələşdirilmiş vergi üzrə güzəştin verilməsi;

– Müvafiq müddətə əmlak və torpaq vergisindən azadolmalar;

– Vergi ödəyicilərinin mənfəət (gəlir) vergisindən müvafiq məbləğdə və müddətə azadolmalar;

– İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş verginin azaldılması, mənfəət (gəlir) vergisi ödəyicilərinin isə mənfəət (gəlir) vergisindən azad edilməsi;

– Bəzi vergi ödəyicilərinin müvafiq müddətə ƏDV-dən azad edilməsi;

– Güzəştlər veriləcək fəaliyyət sahələri üzrə müvafiq müddətə cari vergi ödəmələrindən azad edilməsi;

– 2019-cu ilin nəticələrinə görə mənfəət (gəlir) vergisinin verilməsi müddətinin uzadılması;

– Vergi hesabatlarının verilməsi müddətinin, habelə vergilərin ödənilməsi müddətinin uzadılması;

– Əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli azad edilməsi (bəzi məhsulların idxalının və satışının ƏDV-dən azad edilməsi);

– Əhalinin ərzaq, tibb və digər zəruri məhsullara olan tələbatının qısa müddətdə və daha çevik tənzimlənməsi məqsədilə həmin məhsulların istehsalı ilə bağlı xammal və materialların ƏDV-dən azad edilməsi;

– Fiziki və hüquqi şəxslər tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələrin mənfəət (gəlir) vergisi məqsədləri üçün gəlirdən çıxılması;

– Pandemiyanın qarışının alınması ilə əlaqədar vergi ödəyicisi tərəfindən göstərilən əvəzsiz xidmətlərin göstərilməsinə görə ƏDV-nin sıfır (0) dərəcə ilə tutulması.

Hökumətin hazırladığı dəstək proqramında daha bir mühüm bölmə kredit güzəştləri ilə bağlıdır. Belə ki, proqrama əsasən, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni verilən bank kreditləri üzrə 500 milyon manat həcmində kredit-zəmanət dəstəyi göstəriləcək.

Ayrılacaq 500 milyon manat həcmində kreditlərin 60%-nə dövlət zəmanəti veriləcək. Həmçinin, kreditlərin maksimal faiz dərəcəsi 15%-dən yuxarı, müddəti isə üç ildən çox olmayacaq.

Zəmanət verilən kreditlər üzrə faizlərin yarısı (15%-in 7,5%-i) dövlət büdcəsi hesabına subsidiyalaşdırılacaq. Həmçinin, Sahibkarlığın İnkişafı Fonduna əlavə vəsait ayrılacaq.

Eyni zamanda, proqramda pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə bir milyard manat həcmində kredit-zəmanət dəstəyi nəzərdə tutulur.

Dövlət zəmanəti olmayan, həcmi bir milyard manat olan mövcud bank kreditləri üzrə birinci il üçün faiz dərəcəsinin 10% bəndinin subsidiyalaşdırılması (kreditlərin müddətindən və faiz dərəcəsindən asılı olmayaraq) nəzərdə tutulur. Həmçinin, bunun üçün xüsusi vəsaitin ayrılması və subsidiyalaşmanın Sahibkarlığın İnkişafı Fondu vasitəsilə həyata keçirilməsi də proqramda əskini tapıb.

Proqramın mühüm bir bəndi isə əhalinin maddi vəziyyətinin dəstəklənməsi ilə bağlıdır. Bura sosial yardım (işsizlik müavinəti, sosial yardım və s.) üçün vəsaitlərin ayrılması da daxildir.

Bundan başqa, İqtisadiyyat Nazirliyinin proqramında sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi, bunun üçün xüsusi vəsaitlərin ayrılması nəzərdə tutulur.

Həmçinin, ipoteka və kredit-zəmanət mexanizminə maliyyə dəstəyi məqsədilə əlavə vəsaitlərin ayrılması planlaşdırılır.

O cümlədən, əhalinin elektrik enerjisinin istehlakı üzrə kommunal ödənişlərlə bağlı dəstək məqsədilə əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limitinin 100 kVt/s həcmində müddətli olaraq artırılacağı bildirilir.

Və nəhayət, həyati vacib sərnişindaşıma fəaliyyəti sahələrinə dəstək üçün xüsusi vəsaitlərin ayrılması yeni hazırlanan dövlət proqramında nəzərdə tutulur.

Göründüyü kimi, proqram genişdir, ölkə üzrə karantin rejimində zərər çəkən bütün sektorları əhatə edir. Təxminən 2,5 milyard manat həcmində (ötənilki ÜDM-nin 3 faizi) nəzərdə tutulan bu nəhəng “xilas paketi” Azərbaycanın müstəqillik tarixində ilk belə sosial dəstək proqramıdır.

Proqramda bütün sahələr nəzərə alınıb, o cümlədən, əhalinin daha aztəminatlı təbəqəsi, onların təhsil və sosial qayğılarına qədər müxtəlif istiqamətlərdə dövlət dəstəyi nəzərdə tutulur.

Azərbaycanın mövcud şərtlərində bu proqram və nəzərdə tutulan vəsait pandemiya və bunun nəticəsi olaraq, tətbiq olunan karantin rejimində zərər çəkəcək bütün sektor və şəxslərə ayaqda qalmaq üçün yetəcək həddədir.

Bu proqramın daha bir mühüm mənası isə dövlətin bu çətin vəziyyətdə, neft gəlirlərinin azaldığı bir mərhələdə geri çəkilmədiyinin, xalqın yanında dayandığının, onun maddi yükünü, müəyyən qədər də olsa, yüngülləşdirməyə çalışdığının sübutudur. Bu qlobal bəlanı ancaq bu şəkildə – dövlət və xalq birliyi ilə məğlub etmək mümkündür./Oxu.az/

www.yenicag.az

480
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv