Azərbaycanın Rus İcması ölkə rəhbərliyinin Qarabağın erməni əhalisinin çoxmillətli Azərbaycan cəmiyyətinə tez bir zamanda reinteqrasiyasına yönəlmiş səylərini tam dəstəkləyir.
Yenicag.az xəbər verir ki, bu barədə icmanın bəyanatında deyilir.
“Qarabağda lokal antiterror tədbirləri və sentyabrın 21-də Yevlax şəhərində Azərbaycan Prezidentinin nümayəndələri ilə Qarabağın erməni sakinlərinin təmsilçiləri arasında keçirilən görüş uzunmüddətli münaqişəyə son qoyub. Növbəti gün Qarabağın erməni sakinlərinin nümayəndələrinin xahişi ilə sosial və humanitar məsələlərin müzakirəsi kontekstində Ağdam-Xankəndi yolu ilə müxtəlif ərzaq məhsulları və gigiyena vasitələri olan iki yük maşını, o cümlədən çörək dolu iki avtomobil yola salınıb”, – bəyanatda vurğulanıb.
“Azərbaycanın rus əhalisi olaraq əminik ki, Qarabağ bölgəsi ermənilərinin reinteqrasiyası üzrə sosial-iqtisadi plan ölkə Konstitusiyasının bütün hüquq və normalarına tam uyğundur. Azərbaycan ənənəvi olaraq bir çox etnik qrupların sülh və harmoniya şəraitində yaşadığı çoxmillətli, multikultural ölkədir. Tariximiz boyu milliyyətindən və dinindən asılı olmayaraq ölkəmizdə yaşayan bütün xalqlar arasında həmişə sülh olub. Bütün Cənubi Qafqazda sülhün, inkişafın və firavanlığın vaxtı çatıb”, – mətndə bildirilib.
Qeyd olunub ki, Azərbaycanın rəşadətli Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın erməni sakinlərini uzun illər hakimiyyəti zorla əlində saxlamış cinayətkarların hərbi xuntasından azad edərək döyüş meydanında əsl qəhrəmanlıq və vətənpərvərlik nümayiş etdirib:
“Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızı hər zaman xatırlayacağıq. Təəssüf ki, lokal antiterror tədbirləri zamanı şəhidlərimiz oldu. Həlak olanların ailələrinə başsağlığı verir və yaralıların tezliklə sağalmasını arzulayırıq. Həmçinin, həlak olmuş Rusiya sülhməramlılarının ailələrinə başsağlığı veririk və bundan sonra sülhün əbədi olaraq bərqərar olacağına ümid edirik”.