Azərbaycanın “rusdilli” tarixi abidələri… – “Fikirlər gülüncdür, anlamayan lüğətə baxsın” – İnanılmaz REAKSİYA / FOTOLAR

Azərbaycanın tarixi şəxsiyyətlərinin abidələrinin üzərindəki adları kiril əlifbası ilə yazılıb. Şəhər sakinləri, xüsusilə də yeni nəsil abidələrin üzərindəki adları oxumaqda çətinlik çəkirlər.

Mövzu ilə bağlı memar Elçin Əliyev Yenicag.az-a açıqlamasında bildirib ki, bu abidələr bizim tariximizdir:

“Bakımızın çox gözəl memarlıq tarixi var. XIX əsrin sonu XX əsrin əvvəllərindən olan bəzi evlərin qapılarının üzərinə latınca “salve” yazılıb, yəni xoş gəlmisiniz. İndi nə etməliyik? “Salve”ni dəyişib xoş gəlmisiniz etməliyik? Gülünc səslənir. Deməli abidənin üzərindəki yazılar olduğu kimi qalmalıdır.

Xəqani küçəsi ilə hərəkət etdikdə binanın üzərində rus hərfləri ilə “Х.Г.Т” yazıldığını gördüm. Anladığım qədəri ilə kiminsə soyadı, adı, atasının adıdır. İndi onu dəyişib Aazərbaycanca etmək lazımdır? Yox. Fəvvarələr meydanı yaxınlığında Stalin dövründə tikilmiş binanın üzərində “1967 Слава Труда” yazılıb, yəni əməyə eşq olsun. Həmin yazı olduğu kimi qalmalıdır.

20-30-cu illər konstruktivizm, 50-60-cı illər Stalin, 70-80-ci illər sosialist modernizm dövrü abidələrinin hər biri bizim tariximizdir. Həmin dövr ölkənin qəbul etdiyi rəsmi dil rus dili idi. Hesab edirəm ki, səsləndirilən belə fikirlər gülüncdür. Yazını başa düşməyən lüğətə baxsın”.

Mövzu ilə bağlı filoloq Dürdanə Rəhimzadə isə bu abidələrin yanına latın əlifbası ilə yazılmış tablo qoyulmalı olduğunu vurğulayıb.

“Kiril əlifbası ilə təqdim olunan abidələr sovet vaxtından qalıb. Həmin abidələrin sayı haqqında dəqiq məlumatım yoxdur. Bir çoxu artıq götürülüb. Qalanların isə sayının çox olduğunu düşünmürəm. Kiril əlifbasını gənclərimizin bir çoxu bilməyə bilər. Kiril əlifbası ilə tədris olmadığına görə sözügedən abidələrin yanına latın əlifbası ilə yazılmış tablo quraşdırmaq daha məqsədəuyğundur”, – deyə filoloq qeyd edib.

Nəsimi Ələsgərli