Azərbaycanın siyasi mühitində konstruktiv ƏMƏKDAŞLIQ: Ölkədə yeni siyasi konfiqurasiya formalaşır – TƏHLİL

Bu il keçirilən Prezident seçkilərindən sonra ölkə Prezidenti İlham Əliyev bütün sahələrdə olduğu kimi, ölkəmizin siyasi sistemində ciddi islahatların aparılması üçün öz iradəsini ortaya qoydu və bu istiqamətdə ciddi addımlar atılmağa başlandı.

Cəmiyyətin ictimai fəallığı, eləcə də müxalifət-iqtidar dialoqlarının tənzimlənməsi, yeni yaranmış siyasi partiyaların dövlət qeydiyyatının asanlaşdırılması, QHT-lərə verilən dövlət dəstəyi və illərdən bəri özünü gözləyən bir sıra problemlərin həlli istiqamətində də real addımlar atıldı.

Mövzu haqda Yenicag.az-a açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı siyasi iqtidarın müxalifətlə daimi kontaktda olmasını müsbət qiymətləndirib.

“Bu gün Azərbaycanın siyasi mühitində konstruktiv əməkdaşlıq və normal münasibətlər müstəvisində siyasi proseslər gedir. Ancaq 26 siyasi partiya içərisində bir partiya – Azərbaycan Xalq Cəbhəsi Partiyası istisnalıq təşkil edir. Bu partiyanın yenə də ölkədə qarışıqlıq yaratmaq, əsası olmayan tələblərlə, şüarlarla küçələrə, meydanlara çıxıb, özünü ifadə etmək adı altında qarşıdurma törətmək niyyəti var. Onlar bir neçə dəfə mitinq keçirməklə bağlı müraciət ediblər. Lakin onların müraciətlərinə bəzi səbəblərə görə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən haqlı olaraq razılıq verilməyib. Beləliklə, onlar yenə də öz fikirlərində qalırlar”, – deyə o bildirib.

AVP sədri xatırladıb ki, yeganə Azərbaycan Xalq Cəbhəsi Partiyası istisna olmaqla, digər siyasi partiyalarla bu gün iqtidar arasında normal, sivil, konstruktiv əməkdaşlıq mühiti mövcuddur:

“Bunun ən bariz nümunələrindən biri mayın əvvəllərində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik qurumu ilə iş şöbəsinin rəhbəri Ədalət Vəliyevin moderatorluğu ilə yüksək səviyyəli bir toplantının keçirilməsidir. Orada “Siyasi partiyalar haqqında” qanunun icrası ilə bağlı bütün partiyaların təkcə bu məsələ ətrafında deyil, həm də digər məsələlər ətrafında da açıq fikir mübadiləsi aparıldı, onların çıxışlarına, söyləmiş olduğu fikirlərə hər hansı bir məhdudiyyət, xüsusi irad bildirilmədi. Belə bir toplantı, belə bir görüş yüksək əhval-ruhiyə ilə keçdi. Bunun özü də hazırda Azərbaycanda siyasi mühitin göstəricisi kimi nəzərə alınmalıdır”.

F. Ağamalı diqqətə çatdırıb ki, qarşıdan parlament seçkiləri gəlir:

“Parlament seçkiləri bir qayda olaraq, siyasi proseslərə qaynarlıq verib, fəallıq gətirir. Ona görə də parlament seçkiləri elan olunan kimi, düşünürəm ki, bu fəallıq özünü bütün mənalarda göstərəcək və özünə inanan, güvənən, özündə güc tapan siyasi partiyalar namizədlərlə parlament seçkilərinə qatılacaq, proseslərdə fəal iştirak edəcək. Əminəm ki, bütün bu fəallıq Azərbaycan qanunları çərçivəsində keçəcək və Azərbaycanın siyasi mühiti üçün mühüm bir hadisə olan parlament seçkiləri yüksək səviyyədə başa çatacaq. Hazırkı dövrdə siyasi mühitdə ciddi qabarmalar yoxdur, siyasi mühitdə sabitlik hökm sürür və normal konstruktiv əməkdaşlıq davam edir”.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov isə söyləyib ki, bu il Azərbaycanda həm parlament seçkiləri, həm də bələdiyyə seçkiləri gözlənilir:

“Nəzərə alsaq ki, bu ilin əvvəlində, yəni fevralın 7-də Azərbaycanda ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunmasından sonra ilk dəfə növbədənkənar prezident seçkiləri keçirildi. Ümumiyyətlə, 2018-ci ildə növbədənkənar prezident seçkilərinin, daha sonra 2020-ci ildə növbədənkənar parlament seçkilərinin və bu il də növbədənkənar prezident seçkilərinin keçirilməsi onu deməyə əsas verir ki, Azərbaycanda artıq seçkilərin keçirilməsi mədəniyyəti formalaşıb. Nəzərə alaq ki, ümumiyyətlə, seçkilərin keçirilməsi özü bir mədəniyyətdir, ənənədir”.

SHAM rəhbəri düşünür ki, növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi heç də hər cəmiyyətdə bizdə olduğu kimi, təhlükəsiz, sabit və sakit formada mümkün olmur:

“Amma Azərbaycanda artıq seçkilərin keçirilməsi ilə bağlı bir ənənə formalaşıb və bu ilin prezident seçkiləri tarixi baxımdan, yəni qələbəmizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunmasından sonra keçirilən ən önəmli tarixi hadisələrdən biri oldu. Qeyd etdiyim kimi, qarşıda bizi parlament seçkiləri gözləyir və Konstitusiyamızın hazırkı mövcud tələbinə görə 3 noyabr tarixində Azərbaycanda parlament seçkiləri keçirilməlidir. Mərkəzi Seçki Komissiyasından verilən və mətbuatda gedən bəzi məlumatlara görə, bunun vaxtının dəyişdirilməsi halı da baş verə bilər. Amma hazırkı reallıqla danışsaq, Konstitusiyanın tələbinə görə 3 noyabrda, yəni noyabr ayının birinci bazar günü seçkilər keçirilməlidir. Bundan öncə “Azərbaycanda siyasi mühit, Azərbaycanda seçkiöncəsi vəziyyət hansı şəkildədir” sualına cavab vermək üçün ilk növbədə, bu seçkidən öncəki, yəni 2018-2020-ci il seçkilərindən sonra Azərbaycanda baş verən proseslərə nəzər yetirməliyik. Baxmayaraq ki, Azərbaycanda bütün dünyada olduğu kimi, pandemiya oldu, düşmənin növbəti təxribatlarına, hücumlarına cavab olaraq İkinci Qarabağ müharibəsi başladı”.

Onun sözlərinə görə, bütün bunlara baxmayaraq, bundan öncə 2018-ci ildə prezident seçkilərindən sonra Prezident İlham Əliyev ciddi mesajlar verdi:

“O, ölkədə bütün istiqamətlərdə, dövləti idarəetmə mexanizminin bütün qollarında, o cümlədən də siyasi baxımdan Azərbaycanda yeniliklərin və islahatların edilməsi ilə bağlı mühüm addımların atılacağı ilə bağlı mesaj verdi. Bu da ölkədə yeni siyasi konfiqurasiyanın formalaşdırılmasına hesablanmış addım idi. Bunu açıq mətnlə Prezident 2020-ci ildə parlamentin seçkilərdən sonrakı ilk iclasında səsləndirdi. O zaman ölkə başçısı qeyd etdi ki, ölkədə siyasi dialoqa, siyasi dialoqun inkişaf etdirilməsinə və yeni siyasi konfiqurasiyanın formalaşmasına ehtiyac var. Bununla bağlı Prezident bir sıra mühüm addımlar atdı. Bu prosesin reallaşması dövlət idarəetmə mexanizmində də ciddi dəyişikliklərə gətirib çıxardı. Ölkənin bütün hakimiyyət qollarında qanunvericilik, icra və məhkəmə sistemlərində həm kadr, həm də struktur islahatları aparıldı və icra hakimiyyətlərində aparılan struktur islahatlarından biri də Prezident Administrasiyasının yeni mahiyyət və məzmunda formalaşdırılması ilə bağlı oldu”.

Ekspertin düşüncəsinə görə, Prezident Administrasiyasında yeni siyasi konfiqurasiyanın reallaşdırılması istiqamətində ölkə başçısının siyasətini, yerlərdə və real platformada həyata keçirəcək. Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldı və bu şöbə ölkədə siyasi dialoqun formalaşdırılması və ölkə Prezidentinin bu istiqamətdə verdiyi tapşırıqların bilavasitə həyata keçirilməsi ilə məşğul oldu:

“Ölkədə “Siyasi partiyalar haqqında” yeni qanun qəbul edildi. Ölkədə siyasi partiyaların qanunvericiliyə uyğun şəkildə qeydiyyatdan keçməsi və ölkənin siyasi həyatında real iş görmələri, mövcud olmaları ilə bağlı ciddi addımlar atılıb. Bu günə qədər bununla bağlı ən sonda siyasi partiyalarla görüş keçirildi. Bu prosesdə ölkə başçısının daxili siyasətdə atdığı digər addım Yeni Azərbaycan Partiyasında, yəni iqtidar partiyasında ciddi dəyişikliklərin edilməsi oldu. İqtidar partiyasının əvvəlki kadrlardan köhnə düşüncə tərzinə malik olub, yeni siyasi konfiqurasiyaya hazır olmayan və yaxud yeni siyasi konfiqurasiyanı operativ şəkildə həzm edə bilməyən şəxslərdən deyil, yeniliklərə açıq olan, ölkə başçısının innovativ addımlarına müsbət, operativ reaksiya verə bilən kadr potensialı ilə təmin edilməsi qarşıya qoyulan prioritet məsələ oldu. Xüsusilə də yeni siyasi konfiqurasiyada iqtidar partiyasının da aktiv rol alması üçün bu addımların mühümlüyünü nəzərə almaq lazımdır”.

Onun fikrincə, buna görə də Prezident İlham Əliyev bu istiqamətdə ciddi addımlar atdı:

“Yeni Azərbaycan Partiyasının sonrakı addımları, bu yeni siyasi dialoqda aktiv şəkildə iştirak etməsi, buna müsbət töhfə verməsi, ölkənin və nəinki ölkənin, ümumilikdə Cənubi Qafqazın regionun ən böyük siyasi təşkilatı kimi bu proseslərdə aktiv rol alması, bu prosesə müsbət töhfə verməsi prosesin daha rəvan getməsinə və daha ciddi nəticələr ortaya qoymasına gətirib çıxartdı. Düşünürəm ki, parlament seçkiləri öncəsi Azərbaycanda çox ciddi siyasi mühit, münbit siyasi şərait formalaşıb. Seçkilərdə iştirak etmək üçün müxalifət partiyalarının ortaya mövqe qoyması və konkret olaraq indidən bu prosesə hazırlıq görmələri də ondan xəbər verir ki, əvvəlki seçkilərdən fərqli olaraq, bu seçkilərə müxalifət tərəfindən çox aktiv münasibət var. Əslində, bu, 2018-ci ildə ölkədə keçirilən növbədənkənar prezident seçkilərindən sonra başlamış, əsası qoyulmuş və 2020-ci il parlament seçkiləri də daxil olmaqla, ondan sonra baş verən proseslər nəticəsində real yeni siyasi konfiqurasiyanın, davam etdirilən siyasi dialoqun məntiqi nəticəsidir ki, bu gün ölkədə illər öncə aktiv siyasətdən passiv siyasətə keçmiş şəxslərin aktivləşməsi, fəallaşması və seçki prosesinə hazırlıqla bağlı addımlar atmasına gətirib çıxarıb. Bu da ondan xəbər verir ki, ölkəmiz, dövlətimiz və onun rəhbərliyi siyasi dialoqda, yeni siyasi konfiqurasiyanın formalaşdırılmasında maraqlıdır. Elə bir siyasi konfiqurasiya ki, orda aktiv fəaliyyət ortada olsun. Sadəcə, görüntü xarakterli siyasi partiyalar, siyasi təsisatlar və təşkilatlar olmasın, insanlar siyasi fəaliyyətə optimist yanaşsınlar və bu istiqamətdə real addımlar atsınlar. Düşünürəm ki, bu da ölkə rəhbərliyinin yürütdüyü daxili siyasətin məntiqi nəticəsidir”.

Mütəxəssisin fikrincə, bu heç də o demək deyil ki, biz bununla qənaətlənməliyik:

“Bu gün ölkədə bu istiqamətdəki bütün platformalarda, televiziyalarda, internet resurslarında, digər informasiya platformalarında, eyni zamanda, insanların kütləvi şəkildə mövcud olduğu təsisatlarda, qurumlarda bu istiqamətdə ölkənin siyasəti təbliğ olunmalıdır və insanlarda ölkənin qanunvericilik hakimiyyətinin formalaşması ilə bağlı aparılacaq seçkilərdə, o cümlədən də qarşıda duran növbəti digər seçkilər olan bələdiyyə seçkilərində prosesə həm aktiv, həm passiv seçici kimi, aktiv yanaşma tərzinin ortaya qoyulmasına nail olmaq lazımdır. Nəzərə ala bilərik, bu il Azərbaycanda seçki ilidir və Azərbaycanda həm Ermənistanla münasibətlərin normallaşdırılması, sülh sazişinin imzalanması istiqamətində çox ciddi proseslər həyata keçirilir. Ölkə ənənəvi şəkildə beynəlxalq konfranslara, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Eyni zamanda, nəzərə alaq ki, COP29 kimi çox mötəbər beynəlxalq tədbiri ilin sonunda keçirəcəyik. Bütün bu proseslərin fonunda ölkədə siyasi mühitin daha da inkişaf etdirilməsi və aktiv siyasi mühitin reallaşdırılması baxımından bu addımların atılması, təbii ki, ölkənin həm daxili siyasətinə, eyni zamanda, xarici siyasətə hesablanmış addımdır. Düşünürəm ki, ölkəmizin bu istiqamətdə beynəlxalq nüfuzuna, imicinə müsbət təsir göstərəcək amillərdən biridir ki, ölkə başçısı və onun rəhbərlik etdiyi iqtidar bu istiqamətdə çox ciddi addımlar atmaqdadır”.

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır.

Rafi Müslümov

COP29