“Azərbaycanın spesifik iqtisadi modeli var” – Vahid Əhmədov

“İndiki halda islahatların üç il əvvəl qəbul edilmiş strateji yol xəritəsinə uyğun şəkildə daha da dərinləşdirilməsi nəzərdə tutulur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədə yeni iqtisadi modelin hazırlanmasına münasibət bildirən millət vəkili Vahid Əhmədov deyib.

Vahid Əhmədovun fikrincə, yeni iqtisadi model haqda fikirlər davam edən islahatların üç il əvvəl qəbul edilmiş strateji yol xəritəsinə uyğun şəkildə daha da dərinləşdirilməsini nəzərdə tutur:
“Mənim bildiyim qədər, burada söhbət 2016-cı ildə qəbul edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin icrasından gedir.

Həmin yol xəritəsi on bir istiqaməti əhatə edir və Azərbaycanın qarşıdakı dövrə aid iqtisadi siyasətinin əsaslarını müəyyənləşdirir.
Bu, kifayət qədər irihəcmli bir sənəddir və hətta 2025-2050-ci ilə qədər olan dövrün iqtisadi planlamasını özündə əks etdirir.

Hər halda, ölkədə həyata keçirilən islahatlar bayaq haqqında danışdığımız strateji yol xəritəsinə əsaslanan iqtisadi siyasətin tərkib hissəsidir.

Mən bilmirəm, burada yeni iqtisadi modelə keçiddən danışmaq nə dərəcədə doğrudur.

Dünyada çox sayda iqtisadi modellər mövcuddur və Azərbaycanın da spesifik iqtisadi modeli var.

Fikrimcə, indiki halda islahatların üç il əvvəl qəbul edilmiş strateji yol xəritəsinə uyğun şəkildə daha da dərinləşdirilməsi nəzərdə tutulur”.

A.Zeynalov

COP29