Azərbaycanın su ehtiyatları 15% azalıb: Quraqlıq və iqlim dəyişiklikləri təsir edir – Rafiq Verdiyev
Azərbaycanın ərazisi əsasən arid zonada yerləşir və burada yağıntıların miqdarı olduqca azdır. İlin əksər hissəsi quraq keçdiyi üçün ölkənin su ehtiyatları məhduddur. Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə Azərbaycanın ümumi su ehtiyatları regiondakı ehtiyatların yalnız 15 faizini təşkil edir.
Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti xidmətinin şöbə müdiri Rafiq Verdiyev brifinqdə bu barədə danışıb. O bildirib ki, iqlim dəyişiklikləri nəticəsində orta illik temperatur 1,3°C artıb və bu da su obyektlərində buxarlanmanın güclənməsinə, həmçinin yağıntıların azalmasına səbəb olub. Bu dəyişikliklər nəticəsində transsərhəd və yerli çaylardakı su ehtiyatları son onilliklərdə 15 faizdən çox azalıb və gələcəkdə bu göstəricinin daha da pisləşməsi gözlənilir.
Verdiyev qeyd edib ki, su ehtiyatlarının azalması son illərdə su təchizatında ciddi problemlərə səbəb olub. Quraqlıq səbəbindən su anbarlarının doldurulması çətinləşib, bu da suvarma məqsədilə istifadə olunan suyun miqdarını azaldıb. Nəticədə suvarılan sahələrdə su çatışmazlığı yaşanır, məhsul istehsalı azalır və içməli su təchizatında çətinliklər yaranır. Bundan əlavə, suyun energetika və digər sahələrdə istifadəsində də problemlər meydana çıxıb.
Şöbə müdiri, Kür çayının aşağı axınında suyun miqdarının ciddi şəkildə azalmasının, güclü küləklər zamanı Xəzər dənizinin duzlu sularının çay boyu 50 kilometr irəliləməsinə səbəb olduğunu vurğulayıb. Bu da Neftçala və Salyan rayonlarının bəzi yaşayış məntəqələrində su təchizatında çətinliklər yaradıb. Son 33 ildə (1991-2023-cü illər arasında) yerli çaylardakı sululuğun 1961-1990-cı illərlə müqayisədə 5 faizdən 21,2 faizədək azaldığı qeyd edilib.
Verdiyev, ölkə əhalisinin artması, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı və suvarılan kənd təsərrüfatı sahələrinin genişlənməsi ilə suya olan tələbatın da artırdığını bildirib. Bu da su ehtiyatlarının daha səmərəli istifadəsini və qorunmasını vacib edir.
Məsimə Məmmədova