“Azərbaycanın təhlükəsizliyi İran üçün vacibdir” – XİN

“Ümid edirik ki, Tehran və Bakı arasında qarşılıqlı səfərlər iki ölkə arasında münasibətlərin yaxşılaşmasına töhfə verəcək”.

Yenicag.az xəbər verir ki, byunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi Azərbaycan və İran rəsmiləri arasında keçirilən görüşləri şərh edərkən deyib.

“Bu ikitərəfli səfərlər İranın Ali Milli Təhlükəsizlik Şurasının katibinin Bakıya son səfərindən sonra baş tutub. Səfər zamanı iki ölkə rəsmiləri arasında münasibətləri möhkəmləndirən əlverişli görüşlər baş tutub, media sahəsində bəzi anlaşılmazlıqlar müzakirə olunub.

Biz gözləyirik ki, bu səfərlər iki ölkə arasında ümumi narahatlıqların daha yaxşı başa düşülməsi və münasibətlərin yaxşılaşdırılması üçün mühüm başlanğıc olacaq”, – deyə diplomat vurğulayıb.

Onun sözlərinə görə, Qafqaz regionu, o cümlədən Azərbaycan və Ermənistanın təhlükəsizliyi İran üçün vacibdir: “İranın hər iki ölkə ilə yaxşı münasibətləri var və diplomatik səfərlər artır. İran Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi üçün istənilən yardımı göstərməyə hazırdır”./unikal