Azərbaycanın xaricdəki diplomatiya cəbhəsi: Ukrayna, Moldova, Qərbi Avropa

Azərbaycan son 100 ildə ilk dəfə şərikli yox, şəriksiz Zəfər Gününü və paradını qeyd etdi.

Yenicag.az Report-a istinadla xatırladır ki, brinci (1988-1994-cü illər) və İkinci (27 sentyabr-10 noyabr 2020-ci il) Qarabağ savaşları arasında 26 illik tarixi fərqin, ədalətin zəfərini dövrün bir sıra üstünlükləri və təbii ki, Azərbaycanın bu üstünlüklərə yetərincə sahiblənməsi şərtləndirdi. Bunu biz demirik, dünyanın müxtəlif ekspertləri müzakirə edir.

Ötən əsrin 90-ci illərinin əvvəllərindən fərqli olaraq, Azərbaycan cəmiyyətinin mərkəzləşməsi, dövlətin güclü idarəetməyə malik olması, dövlət-xalq arasında polad birliyin mövcudluğu və ən əsası güclü, müasir texniki təchizata malik ordunun formalaşması ilə yanaşı, diplomatik fəaliyyətdəki yeniliyi də başlıca fərqlər siyahısına yazmaq olar.

Dərinə getsək, diplomatik cəbhə daha rəngarəngdir

Çünki burda bir yox, bir çox ölkələrdə mübarizə aparılır. Müharibədə isə cəbhələr müxtəlif olsa da, amal və nəticə vahid olur. Bütün cəbhələrdəki uğurlar bir-birini tamamlayaraq, vahid qələbəni səciyyələndirir. Xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyevin eyni zamanda diplomatiya sahəsində də, xaricdəki diplomatik korpuslarda da həyata keçirdiyi əsaslı islahatlar II Qarabağ savaşında öz nəticəsini gözlətmədən verdi. Konkret desək, müzəffər Ali Baş Komandan İlham Əliyev diplomatik cəbhədə də dünyaya sözünü deyən siyasətçi kimi, Azərbaycan diplomatiyasını da yenidən zamanın tələbinə uyğun təkmilləşdirdi.

Ümumiyyətlə, qələbəni səciyyələndirən xarici diplomatik həmlələrdir ki, Prezident İlham Əliyev xarici siyasətdə peşəkar gedişləri ilə Azərbaycanı nəticədə qalib ölkəyə çevirdi. Bunu nəinki xarici ekspertlər, hətta Ermənistandan olan ekspertlər də etiraf edir. Prezident məhz diplomatlarımıza da bu prinsiplərə, Azərbaycanın milli maraqlarını rəhbər tutan prinsiplərə, əsaslanan nəticələri hədəf götürməyi tapşırır, tələb edir.

Azərbaycan diplomatiyası I Qarabağ savaşı dövründən fərqli olaraq bu dəfə hərbçilərimizin döyüş meydanındakı qəhrəmanlığını davam etdirdi. Məsələn, artıq “erməni lobbisinin təsiri altında olan beynəlxalq aləmin susqunluğu” ifadəsi tamamilə yox oldu. Özü də o ölkələrdə ki, orada erməni lobbisi dünənə qədər demək olar ki, avtoritet idi.

Yeni xarici işlər naziri Ceyhun Bayramov ilk günlərdən elə başladı ki, erməni lobbisi II Qarabağ savaşında cəbhədə Azərbaycan əsgərləri qarşısında qaçan erməni əsgərləri kimi əriməyə başladılar. Bayramov ilk gündən demək olar ki, hər gün bir ölkənin xarici işlər nazirini, yaxud beynəlxalq təşkilat rəhbərini Dağlıq Qarabağ ilə bağlı məlumatlandırır. Xüsusilə biz artıq istər ATƏT-in Minsk qrupu həmsədrləri, istərsə də həmsədr ölkələrin xarici işlər nazirləri ilə görüşlərdən şablon nəticələri yox, konkret təəssüratların şahidi olmağa başladıq. Azərbaycan diplomatiyası sanki yeni və zərbəçi taktika ilə hərəkətə keçib.

Xüsusilə, Ceyhun Bayramovun xarici işlər naziri kimi beynəlxalq miqyasda Azərbaycanla bağlı istənilən nüansa operativ və həlledici müdaxiləsi onu göstərir ki, Prezident İlham Əliyevin iradəsi ilə Azərbaycan diplomatiyası konkret əks hücumdadır. Yeni nazirin xüsusilə Ermənistandan olan həmkarı ilə üçtərəfli görüşündən, bu görüşün nəticəsində yaranan mənzərədən yuxarda qeyd edilənlər daha obrazlı əks olunur.

Ən əsası, bir nazir kimi xaricdəki Azərbaycanın diplomatik korpus rəhbərləri ilə mütəmadi onlayn video-konfranslara, bu konfraslarda diplomatları dövlət başçısının qarşıya qoyduğu hədəflərin icrasına operativ yönləndirməyə start verdi.

Bir sözlə, Azərbaycan diplomatiyası yeni vüsət alıb

Faktlara keçək. Məsələn, elə Ukraynanı götürək. Orada yeniliklər baş verir. Bu ölkə Sovet İttifaqı dağıldıqdan sonra, xüsusilə son 10 ildə dünyanın bütün güclərinin maraqlarının səciyyələndiyi ölkəyə çevrilib. Ukrayna indi dünyanın strateji nöqtələrindən, gündəminə rəng qatan cəmiyyətlərindəndir. Azərbaycan üçün Ukrayna daim əməkdaşlıqda xüsusi maraq kəsb edib. Bu, hər iki ölkənin ən ali səviyyəli rəsmiləri tərəfindən istər bəyanatlarda, istərsə də qarşılıqlı əməkdaşlıqda daim ifadə olunur. Hətta, vaxtilə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə şərqi Avropa ölkələri arasında ilk Azərbaycan səfirliyi də məhz Ukraynada (1997-ci il) yaradılıb. Ulu öndərin tövsiyəsi ilə dünyada ilk mərkəzləşmiş diaspor təşkilatı – Azərbaycanlılar Konqresi də məhz Ukraynada yaradılıb (1999-cu il). Baxmayaraq ki, sonradan, daxildəki “pişik”lərin ucbatından süquta uğradı.

Uzun sözün qısası, Ukrayna bizim üçün vacib ölkələrdəndir

Təəssüf ki, bir sıra iri ölkələrdəki kimi burada da düşmən lobbisi bütün rıçaqları ələ keçirib. Tez-tez sayı 500 mindən çox olması qabardılan Ukrayna azərbaycanlılarının zamanla müxtəlif adda təşkilatnaması da təəssüf ki, bu riçaqlara yetərincə alternativ ola bilmirdi. Amma bu il yeni nəfəs alan Azərbaycan diplomatiyası həmin ölkədə də öz əzələsini göstərdi. Xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyevin tanınmış jurnalist və siyasi xadim, Xalq yazıçısı Elmira Axundovanı bu ölkəyə səfir təyin etməsi, onun qarşısında konkret vəzifə və tapşırıqlar qoyması ilə sıçrayışa start verildi. İlk dəfə olaraq bu ölkəyə xanım səfir təyin edilməsi ilə…

Pandemiya dövrünün ilk illərində Azərbaycan Ukraynaya ukraynalıların kütləvi rəbətinə səbəb olacaq humanitar dəstək verən ilk ölkələrdən oldu. 2020-ci ilin yaz aylarından, Vətən müharibəsi ərəfəsi də daxil olmaqla, indiyədək saysız-hesabsız Ukrayna siyasətçisi, deputatları, tanınmış media nümayəndələri və hətta media orqanları Azərbaycan həqiqətlərini birbaşa ifadə edərək, açıq bəyanatlarla dəstək oldular. Ukraynanın tanınmış televizya kanalları və onlayn mətbuatı Azərbaycan həqiqətlərini dayanmadan işıqlandırmağa başladı. Ölkənin iri şəhərlərinin küçələri “Qarabağ Azərbaycandır!” lövhələri ilə doldu. Başqa sözlə desək, Türkiyə və Pakistandan sonra Ukrayna açıq və birmənalı şəkildə dövlət və xalq olaraq Azərbaycanın yanında olan ölkəyə çevrildi. Buna tab gətirməyən Ermənistan özünü saxlaya bilməyib Ukraynaya nota da verdi. İrəvanda Ukrayna səfirliyinə hücumlar təşkil edildi və sair.

Digər çəkən məqam da odur ki, artıq bir neçə aydır Ukraynada Azərbaycan və Türkiyə səfirlikləri, səfirləri demək olar, bütün tədbirləri birlikdə qeyd edir. Məsələn, bu günlərdə Azərbaycanın Ümumilli Lideri Heydər Əliyevin vəfatının 17-ci anım gününü səfir Elmira Axundova və Türkiyənin Ukraynadakı səfiri Yağmur Əhməd Güldərə ilə birlikdə qeyd etdilər. Bütün bunlar, bir İLKdir.

Bundan başqa, səfir Axundova mütəmadi olaraq Ukraynanın müxtəlif media orqanlarının qonağıdır. Ən əsası isə E. Axundova yerli mətbuatda məhz Ukrayna dilində Azərbaycan həqiqətlərini çatdırır. Nəzərə alsaq ki, bu ölkədə rəsmilərin yerli Ukrayna dilində danışması yerli cəmiyyət tərəfindən necə həssas rəğbətlə qarşılanır. Bu ölkədə Azərbaycan diplomatiyası üçün bu da bir İLKdir…

Ukraynanın müxtəlif şəhərlərində müxtəlif sferanın nümayəndələri ilə işgüzar görüşlərə start verildi. Azərbaycanla məhsul idxal və ixracatının artırılması barədə razılıqlar əldə olundu. Ən əsası isə E.Axundova Ukraynada bu ölkədə yaşayan azərbaycanlılar, Azərbaycan diasporu ilə ayrı seçkilik salmadan bərabər və mərkəzləşmiş təmas quran ilk səfir kimi də tarixə düşdü. Vətən müharibəsi dövründə bəlkə də Ukrayna yeganə iri ölkə idi ki, səfirlik diasporu ətrafında birləşdirərək informasiya savaşında vahid qüvvə kimi çıxış etdi. Ukraynada diplomatik missya ətrafında diasporun, azərbaycanlıların nəhayət, mərkəzləşməsi özü böyük nailiyyətdir. Yerigəlmişkən, bu da bir İLK oldu…

Bu kimi İLKlər qısa bir zaman ərzində baş tutdu və Ukraynada Azərbacan diplomatiyası tərəfindən davam etdirilir. Ümumiyyətlə biz bunu niyə sadaladıq? Əsasən o səbəbdən ki, bilinsin, diplomatiyada da bu addımlar da mümkündür. Yoxsa ağır bir bədgümanlıq vardı. İkincisi, təqdir etmək lazımdır ki, davamı gəlsin.

Yeri gəlmişkən, son vaxtlar bəzi media orqanlarında ən çox qara hədəfə götürülən də Elmira Axundovadır. Yəqin ki yuxarıda sadalanan İLKlər hansısa dairələri narahat edir və bəlkə də bu səbəbdən ara-sıra bəzi media mənsublarına onlar tərəfindən yanlış, hansısa niyyətə hesablanmış informasiyalar ötürülür. Hər halda bu məsələ də yəqin araşdırılar.

Ukraynanın qonşusu Moldovada…

Azərbaycan səfiri Qüdsi Osmanov da burada azərbaycanlıları ətrafında birləşdirmək kimi həssas nüansdan tutmuş yerli mətbuatın gündəminin Azərbaycan həqiqətləri ilə zəbt edilməsinə qədər yeniliklərə imza atdı. Baxmayaraq ki, ərazicə kiçik dövlətdir, amma aparılan missiya rol etibarı ilə həcmi böyüdür. Kişinyovda, xüsusilə media platformasında əsl savaş gedir.

Qısa araşdırmada izlədik: bir ay ərinzdə 3-4 Azərbaycan əleyhinə (erməni lobbisinin sifarişi ilə) material dərc olunursa, daha geniş platformada Azərbaycanın haqq səsinə dəstək olaraq Ermənistanı ifşa edən 10-12 material dərc olunur. Daha vacibi isə odur ki, ermənilərin Kişinyovda dəfələrlə etdikləri münaqişə məqsədli təxribat cəhdlərinin qarşısı məhz Azərbaycan diplomatiyasının peşəkarlığı ilə alındı. Ümumiyyətlə, Vətən Müharibəsi ərəfəsində ermənilərin bir sıra ölkələrdə cəhd etdiləri bu kimi təxribatlar Azərbaycan diplomatiyasının sayəsində reallaşdırılmasına imkan verilməyib.

Açıq desək, səfir Osmanov ora gedənə qədər təəssüf ki, istər yerli mediada, istəsə də fəallıq baxımından Moldova hiss olunmurdu. Yeri gəlmişkən, Q.Osmanovu Rusiyadakı fəallığından tanıyırıq. Bir müddət əvvəl Azərbaycan Prezidentinin apardığı kadr islahatları nəticəsində o, Moldovaya səfir təyin olunub.

Almaniyada, İtaliyada da eyni həmlələrin şahidiyik

Məsələn, indiyə qədər Almaniyanın elm, parlament və media nümayəndələrindən Azərbaycana 44 günlük müharibə ərəfəsində olan qədər dəstək görməmişdik. Alman tarixçilər də açıq faktlarla mövqe ortaya qoydular ki, “Qarabağ Azərbaycandır!”.

İtaliyanı xüsusilə vurğulamaq lazımdır. İstər pandemiya dövrünün ilk günlərindən, istərsə də Vətən Müharibəsi ərəfəsində Azərbaycan diplomatiyasının həmlələri sözünü dedi. Səfir Məmməd Əhmədzadə pandemiyanın ilk günlərində İtaliyadakı azərbaycanlı gənclərin təxliyəsində olduğu kimi, Vətən Müharibəsi ərəfəsində də peşəkar diplomat kimi özünü göstərdi. İtaliya parlamentində və mətbuatında Azərbaycan gerçəkləri gecikmədi.

Demək olar ki, son aylar hər həftə İtaliya parlamentarilərin Azərbaycanla bağlı dəstək bəyanatlarını izləyirik. Yeri gəlmişkən, bu günlərdə bir qrup İtaliya parlamentarilərinin Azərbaycanda səfəri zamanı, reallıqları yerindəcə dilə gətirmələrinin də şahidi olduq. İtaliyan parlamentariləri Gəncədə Ermənistan tərəfindən dağıdılmış ərazilərdə demək olar ki, şahidi olduqlarına dözə bilmədilər. Yeri gəlmişkən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində su elektrik stansiyalarının tikintisini İtaliya şirkətləri həyata keçirəcək.

Daha çox fakt sadalamaq olar. Baltikyanı ölkələr rəsmiləri və mediaları ilə birgə Azərbaycanın səsinə səs verməyə başlayıb. Hətta bir az irəli gedərək daha açıq formada Ermənistandan işğal olunmuş torpaqları boşaltmağı tələb edirdilər. Bu minval ilə yəqin ki, bu cəbhədə də miqyas genişlənəcək. Çünki dövlət başçısı İlham Əliyevin diplomatiyada da qarşıya qoyduğu məqsəd, həyata keçirdiyi kadr islahatları məhz buna hesablanıb.

Təbii ki, biz də zamanla bu mövzuya qayıdaraq bunları daha geniş sadalayacağıq. Axı Azərbaycan mediası da öz cəbhəsində, özü də daimi əsgərdir: ədaləti tarixdə unutdurmamaq missiyasına cavabdeh olaraq.

Mübariz Aslanov