Azərbaycanın xarici siyasətində YENİ VEKTORLAR: “Milyonlarla soydaşımızın yaşadığı İraq və Suriyada…” – ŞƏRH

“Mövcud reallıqda Azərbaycanın həmin bölgədə yeni aktor kimi iştirakının mümkünlüyü və bunun ehtiyac dərəcəsi müzakirə oluna bilər”.

Bu fikirləri 44 günlük Vətən müharibəsindən qalib çıxan Azərbaycanın yerləşdiyi siyasi coğrafiyada xarici siyasətini aktivləşdirmək imkanlarını şərh edən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, indiki halda Azərbaycanın əsas gündəmi Ermənistanla davam edən nizamlama prosesini öz şərtlərinə uyğun formada başa çatdırmaqdır:

“Bəli, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə regionda yeni şərait yaratmaqla bərabər, həm də rəsmi Bakının mümkün diplomatik fəallıq zonasının genişlənməsinə də yol açıb. Digər tərəfdən, İranın ölkəmizə qarşı son davranışları da Azərbaycanın bütün istiqamətlərdə fəallığı artırması üçün əsaslı zəmin formalaşdırır.

Diplomatik fəallıq zonasının genişləndirilməsi dedikdə, əlbəttə ki, ilk növbədə on milyonlarla soydaşımızın yaşadığı İran, o cümlədən bəlli səbəblərdən çox sayda soydaşımızın əsrlər öncə məskunlaşdığı İraq və Suriya kimi ölkələr, geniş baxdıqda isə Yaxın Şərq arealı nəzərdə tutula bilər.

Bildiyiniz kimi, Türkiyə öz milli təhlükəsizliyinin təmin olunması məqsədilə Suriya və İraqda çox aktiv siyasət yürüdür, o ölkələrdə hərbi mövcudluğu var. Bunun ilkin səbəbi Suriya və İraqda mövqelənən PKK/PYD terrorçularını zərərsizləşdirmək, digər tərəfdən isə böyük dövlətlərin poliqonuna çevrilmiş o ərazilərdə milli maraqlarının müdafiəsi zərurətidir.

Əlbəttə, PKK terroru tək Türkiyə yox, regionun digər dövlətləri, eləcə də Azərbaycan üçün narahatedici faktordur. Ona görə də Azərbaycan Türkiyənin bu istiqamətdə həyata keçirdiyi siyasəti birmənalı dəstəkləyir. Təəssüf ki, ABŞ başda olmaqla, Qərb koalisiyası regionda mövqelərini qorumaq üçün PKK terroruna açıq şəkildə hərtərəfli yardım göstərməkdədir.

Azərbaycanın mövcud reallıqda həmin bölgədə yeni aktor kimi iştirakının mümkünlüyü və bunun ehtiyac dərəcəsi müzakirə oluna bilər. Ancaq belə görünür ki, indiki halda Azərbaycanın əsas gündəmi Ermənistanla davam edən nizamlama prosesinin öz şərtlərinə uyğun formada başa çatdırmaqdır. Bundan sonra rəsmi Bakının xarici siyasətdə öz fəallığını artıracağı şübhə doğurmur”.

A.Zeynalov