Azərbaycanın yaratdığı ƏN YENİ REALLIQ: “Davamlı təxribat və güc göstərmək cəhdləri…”

“Azərbaycan lokal antiterror əməliyyatları vasitəsilə öz Konstitusiya quruluşunu və öz ərazilərində suverenliyini bərpa etmək üçün növbəti addımını atdı”.

Bu fikirləri Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirlərinin nəticəsini dəyərləndirən müstəqil siyasətçi Qulamhüseyn Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bundan sonra növbəti məsələlər də ardıcıllıqla öz həllini tapacaq:

“Azərbaycanın yaratdığı ən yeni reallıq ondan ibarətdir ki, ölkəmiz Rusiya sülhməramlı kontingentinin nəzarətində olan ərazilərdə öz suverenliyini və Konstitusiya quruluşunu bərpa etmək üçün növbəti addım atdı. Hesab edirəm ki, bu, çox uğurlu addımdır.

Əslində, Azərbaycan dəfələrlə bəyan etmişdi ki, erməni qanunsuz silahlı birləşmələri Qarabağdan çıxarılmalı, oradakı ermənilər cinayətkar rejimin girovluğundan azad olunmalı və dövlətlə münasibətlərini özləri müəyyənləşdirməlidirlər.

Fikrimcə, bundan boyun qaçırmaq, davamlı təxribatlar və güc göstərmək cəhdləri Azərbaycanın səbr kasasını daşırdı. Nəticədə Azərbaycan lokal antiterror əməliyyatları vasitəsilə öz Konstitusiya quruluşunu və öz ərazilərində suverenliyini bərpa etmək üçün növbəti addımını atdı.

Artıq bu gün Yevlaxda Qarabağ ermənilərinin təmsilçiləri ilə görüş keçirilib və inteqrasiya şərtləri onların diqqətinə çatdırılıb. Belə düşünürəm ki, bundan sonra növbəti məsələlər də ardıcıllıqla öz həllini tapacaq.

Prezident İlham Əliyev də dəfələrlə bildirib ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlığını qəbul edəcəklərsə, onlar da digər vətəndaşlarımız kimi bütün konstitusion hüquq və azadlıqlara malik olacaqlar”.

A.Zeynalov